81 müştərinin banka qoyduğu 38 milyon manat pulu mənimsəmiş Texnikabank ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov zərərin ödənilməsi üzrə məhkəmə qərarının icra olunmamasına görə İnzibati Xətalar və Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyəti daşıyır.
Bu barədə Axar.az-a zərərçəkənlərin vəkillərindən biri Aqil Layıcov açıqlama verib. Onun sözlərinə görə, əslində şərti olaraq cəzanın müəyyən hissəsini çəkdikdən sonra şəxsin azad olunması prinsiplərində fərqlər var:
“İslam Yusifov hökmün daxilində olan mülki iddiaya əsasən zərərçəkənlərə dəymiş ziyanı ödəməyibsə, bu, əlavə cinayət məsuliyyəti doğurur. Çünki zərərin ödənilməsi birbaşa onun üzərinə məhkəmə tərəfindən qoyulan öhdəlikdir. Məhkəmə qərarının icra olunmaması baş verdikdə isə İnzibati Xətalar və Cinayət Məcəlləsinin 306-cı maddəsi işə düşür”.
Vəkili bildirib ki, İslam Yusifovun hazırda azadlığa buraxılması şərtidir:
“Dələduzluq maddəsi ilə həbs olunan şəxsin cəzanın çəkilməmiş hissəsindən azad olunmasında başlıca meyar kimi zərərin ödənilməsi götürülür. Yalnız zərər ödəndiyi halda onun vaxtından əvvəl azadlığa buraxılması məsələsi gündəmə gələ bilər. Məhkum olunmuş İslam Yusifov cəzasının dörddə üç hissəsini çəkdikdən sonra məhkəməyə müraciət edərək vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmasını tələb edib. Yəni İslam Yusifov sadəcə olaraq qanunun bu hissəsindən istifadə edib. Ancaq məsələ burasındadır ki, o, zərərçəkənlərə dəyən ziyanın ödənilməsi istiqamətində heç bir addım atmayıb. Hazırda onun azadlığını aşırı səviyyədə humanistlik göstəricisi kimi də qiymətləndirmək olar. Ancaq o, azadlığa çıxmayıb, şərti olaraq azadlığa buraxılıb və zərərçəkənlərin zərərini ödəməyəcəyi təqdirdə mütləq cinayət məsuliyyətinə cəlb olunacaq. Şərti azadlıqda olduğu zaman məhkəmə qərarlarının icrasından qəsdən boyun qaçırdığı nəzərə alındıqda isə onun növbəti məhkumluğunda daha sərt cəza seçiləcək”.
Qeyd edək ki, bir müddət əvvəl İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət edib. Onun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə dair ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılıb və ərizə təmin edilməyib.
Qərardan narazı qalan İslam Yusifov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 5 ilini çəkdiyini, qalan hissəni isə məntəqə tipli cəza müəssisəsində çəkməsi barədə qərar qəbul olunmasını istəyib.
İslam Yusifovun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib. Ötən il martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv olunub. İslam Yusifovun azadlığa buraxılması ilə bağlı qərar verilib və o, dərhal azadlığa buraxılıb.
Bu qərardan narazı qalan prokurorluq Ali Məhkəməyə kasasiya protesti verib. Protesti araşdıran hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun qəbul etdiyi qərarı ləğv edib. İslam Yusifovun apelyasiya şikayətinə yenidən baxılması üçün cinayət işi üzrə materialı apelyasiya instansiyasına qaytarıb.
Bu dəfə İslam Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini rədd ediblər və o, yenidən həbsxanaya göndərilib.
Bundan sonra İslam Yusifovun müdafiəçisi Ali Məhkəməyə kasasiya şikayəti verib. Şikayətə ötən həftə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsini təmin edib və İslam Yusifov yenidən məhkəmə zalından azadlığa buraxılıb.
İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, onun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyası İslam Yusifovu atası ilə əlbir olmaqda ittiham edib.
Bu cinayət işi üzrə 81 nəfər zərərçəkmiş şəxs və milyonlarla manat dəyərində mənimsəmə olsa da, dələduz məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Halbuki belə cinayət işlərində zərərçəkmişlərin zərəri ödənmədən dələduzun azadlığa buraxılmasına qanun yol vermir.