Ekspert: “Sosial sığorta kartının əldə edilməsi bəzən aylarla uzanır”
“Şəffaflıq Azərbaycan” (ŞA) Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə sosial sığorta və pensiya təminatı sahəsində problemləri müzakirə etmək və həll yollarını təklif etmək məqsədilə dəyirmi masa keçirdi.
Hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin davamı olan dəyirmi masada Dövlət Sosial Müdafiə Fondu (DSMF), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, İqtisadiyyat Nazirliyi və digər dövlət orqanlarının nümayəndələrinin, həmçinin vətəndaş cəmiyyəti təmsilçilərinin iştirak etdiyi dəyirmi masanı ŞA-nın icraçı direktoru Rəna Səfərəliyeva açdı.
İcraçı direktor son zamanlar baş verən məzənnə dəyişiklikləri üzündən əhalinin sosial vəziyyətində müxtəlif problemlərin yarandığını bildirdi. Həmin problemlərin aradan qaldırılması üçün dövlət orqanlarının sosial sferada, eləcə də pensiya və sosial sığorta sahələrində bir sıra tədbirlərin görülməsi vacibliyini qeyd etdi.
Tədbirdə çıxış edən DSMF-nin hüquq və strateji araşdırmalar şöbəsi böyük məsləhətçi-hüquqşünası Nuranə Səfərova göstərilən xidmətlərin şəffaflığı ilə bağlı qanunvericiliyin inkişafı istiqamətlərində atılan addımlar, daha sonra beynəlxalq münasibətlər şöbəsi sektor müdiri Fərid Qarayev DSMF-dən pensiya sisteminin beynəlxalq konvensiyalar nəzərə alınaraq tətbiqi ilə bağlı, həmçinin əmək pensiyasının yığım hissəsinin tətbiqinə dair çıxışlar etdilər.
Tədbir ərzində DSMF-nin pensiya və müavinətlərinin sektor müdiri Eyvaz İsmayılov iştirakçıların suallarını cavablandırdı.
Tədbirin davamında ŞA-nın hüquqşünası Aytən Əlizamanlı və eksperti Emin Səttarov əhalinin sosial sığorta və pensiya təminatı sahəsində yaranan hüquqi və sosial problemlər, onların həlli yolları, həmçinin sosial sığorta stajlarının, pensiyaların hesablanması, müavinətlərin təyin edilməsi və ödənilməsi prosesinin şəffaflaşdırılması və digər məsələlər barədə təşkilatın hazırladığı ümumi tövsiyələri tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Aytən Əlizamanlı bildirdi ki, əhalinin demoqrafik göstəricilərinin hər il dəyişməsi pensiya və sosial sığortaların hesablanmasında hər il nəzərə alınmalıdır. Eləcə də sosial vergilərdə 25 faizin (22 faiz + 3 faiz) 20 faizə düşürülməsi indiki şəraitdə sosial sahə üzrə vergi ödəyiciləri üçün daha əlverişli olar.
Ölkənin vacib prioritetlərindən birinin özəl biznesin inkişafı olduğunu qeyd edən Emin Səttarov bildirdi ki, sosial ödəmələrlə bağlı qanunvericilik bizneslə məşğul olanlar üçün o qədər də əlverişli deyil. O cümlədən sosial ödəmələrlə bağlı ciddi qüsurlar var, ödəmələrin forması düzgün təşkil edilmədiyinə görə sahibkarlar ödəmə prosesində çətinliklərlə, neqativ hallarla üzləşirlər: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların gördüyü iş əmək fəaliyyəti hesab olunmur. Məsələn, sahibkarliq fəaliyyəti ilə məşğul olan qadınlar hamilə olduğu müddətdə onlara sosial məzuniyyət verilmir, çünki onların fəaliyyəti əmək fəaliyyəti sayılmır.
Amma məcburi dövlət sosial sığorta haqqı ödəmək onlara şamil olunur, qanunvericiliyə əsasən isə dövlət sosial sığorta stajı qeyd olunmur. Vətəndaşlara məlum deyil, DSMF-yə ödənən vergilərdə 22 faiz nədir, 3 faiz nə? Məcburi sosial sığorta haqqı nədir, bu anlayışın izahı yoxdur... Nədən mühasibatlıq məsələləri belə mürəkkəbdir?
Mütəxəssislər yaxşı bilir ki, rüb ərzində hesablanan B1 və sosial sığorta kartına oturan məbləğlə bağlı B3 hesabatlarında, eləcə də digər hesabatlarda problemlər mövcuddur. Təklifimiz odur ki, B1 və B3 hesabatları birləşdirilsin”.
Vətəndaşın işə başladığı andan adına sosial sığorta kartlarının açılmasını təklif edən Emin Səttarov qeyd etdi ki, əsas problemlərdən biri də vətəndaşın DSMF-yə olan ödəmələri haqqında məlumatın qurumun saytında açıq olmamasıdır: “Belə olan halda neqativ hallara yol verilir”.
İctimai Birliyin nümayəndəsi Məhəmməd Muradov isə DSMF-nin səlahiyyətləri daxilində təqdim etdiyi elektron xidmətlərin vəziyyəti barədə məlumat verdi. Bildirdi ki, DSMF-nin elektron xidməti Vergilər Nazirliyinin elektron xidməti ilə müqayisədə uduzur və bu qurumun informasiya sisteminin daim təkmilləşməsinə ehtiyac var: “Sosial sığorta kartının əldə edilməsi ilə bağlı problemlər danılmazdır, bu proses aylarla uzanır. Vətəndaş kartının hazır olub-olmaması ilə bağlı müraciət etdikdə, bu məlumatı vermək üçün vətəndaşdan hələ də şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Halbuki elektron sistemdə elə xidmət göstərmək olardı ki, vətəndaş şəxsiyyət vəsiqəsinin seriyasını daxil etməklə özü məlumat əldə edə bilərdi. Asan imzası, elektron imzası olan şəxslər hələ də DSMF hesabatlarını verə bilmirlər. Sığortaolunanların məlumatlandırma sistemi ilə bağlı da problemlər var”.
Qeyd edilənlərlə əlaqədar olaraq ŞA nümayəndələri hazırlanmış tövsiyələr paketini iştirakçıların rəyləri nəzərə alınmaqla müvafiq dövlət qurumlarına təqdim edəcəklərini bildirdilər.
Sevil HİLALQIZI