22 Aprel 2016 14:43
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 21-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının ilk iclası keçirilib.

TQDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın digər üzvləri Kamil Aydazadə, Ceyhun Bayramov, Niyazi Hacıyev və Fariz İsmayılzadə iştirak ediblər.

İclasda Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan prezidentinin fərmanının icrası ilə əlaqədar bir sıra məsələlər müzakirə olunub.

TQDK və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın struktur vahidlərinin birləşdirilməsi, optimal idarəetmə strukturunun formalaşdırılması, qurumlar arasında texnoloji proseslərin və məlumat bazalarının əlaqələndirilməsi kimi işlərin həyata keçirilməsi üçün icraçı direktor vəzifəsinin təsis olunması və bu vəzifəyə Vəfadar Misirovun təyin olunması məqsədəmüvafiq hesab edilib.

İclasda 2016-cı il aprel ayında ümumtəhsil məktəblərinin 7, 8 və 11-ci siniflərində keçirilmiş monitorinq imtahanlarının protokolları müzakirə olunub. Həmçinin Direktorlar Şurasının üzvlərinə mayın 1-də keçiriləcək rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili və Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçimi üçün keçiriləcək test imtahanları barədə məlumat verilib və şura üzvlərinə müvafiq imtahanlarla bağlı texnoloji proseslərin istənilən mərhələsində iştirak etmək təklif olunub.

Son günlər Facebook sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb.

Aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub. Bununla bağlı ictimaiyyət məlumatlandırılıb, saxta səhifələrin adminlərinə xəbərdarlıq olunub.

Direktorlar Şurasının iclasında yaxın günlərdə qurumun yeni rəsmi saytının, eləcə də Facebook səhifəsinin istifadəyə verilməsi və hər iki qurumun fəaliyyəti barədə bütün keçidlərin saytda və səhifədə yerləşdirilməsi qərara alınıb.

İlhamə Əbülfət


Müəllif: