Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Estoniya xarici işlər nazirinin müavini Killike Silaste-Ellinqi qəbul edib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması və hazırkı vəziyyəti barədə məlumat verən E.Məmmədyarov diqqəti BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrə yönəltdi. Nazir bildirdi ki, sözügedən qətnamələrdə Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması öz əksini tapsa da, təəssüf ki, qətnamələr hələ də icra edilməyib. Nazir qeyd etdi ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Görüşdə, həmçinin Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən regional layihələr barədə fikir mübailəsi aparıldı və bu xüsusda Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın rolu yüksək qiymətləndirildi.