9 May 2016 10:25
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladı.

Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev onları Qələbə bayramı münasibətilə təbrik etdi və ən xoş arzularını çatdırdı.

Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu.

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər.

Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib.

İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may - Qələbə Günü qeyd olunur. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır.

Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Dövlətimizin başçısının bu il imzaladığı Sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 1 000 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, Böyük Vətən müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə isə Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Prezidentin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib. Həmçinin dövlətimizin başçısının 2016-cı il 9 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Veteranlar Təşkilatına dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 500 min manat ayrılıb. Bütün bunlar bir daha göstərir ki, müharibə veteranlarına qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Azərbaycan Prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşdü, onları Qələbə bayramı münasibətilə təbrik etdi.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyan Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərən cəsur sərkərdənin, xalqımızın igid oğul və qızlarının, tarixi Qələbənin qazanılmasında payı olan milyonlarla insanın əziz xatirəsini dərin ehtiramla yad etdi.

Dövlətimizin başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçdi.

Prezident İlham Əliyev veteranları Qələbə bayramı münasibətilə bir daha təbrik etdi, ən xoş arzularını çatdırdı.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Dadaş RZAYEV dedi: Cənab Prezident, 1 milyon 300 min pensiyaçı və veteran həmişə Sizin xarici və daxili siyasətinizi dəstəkləyir, Sizin arxanızdadır. Sizin cəbhə bölgəsinə səfəriniz bütün Azərbaycan xalqını, biz veteranları çox sevindirdi.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən həmişə sizi dəstəkləyirəm. Çalışıram ki, sizə öz köməyimi göstərim. Bayram ərəfəsində bütün veteranlara mükafat verildi. İldən-ilə mükafatları artırırıq.

VETERAN: Bəli, 1000 manat, 500 manat. Hər şeyimiz var. Heç yerdə belə bir şey yoxdur.

VETERAN (qadın): Sağ olsun, bizim Prezidentimiz. Yenə də sağ olsun. Onu da deyim ki, mənim balam, Sizi Mehriban xanımla birgə cəbhə xəttində görəndə ürəyim dağa döndü. Dedim, halal olsun sizə. Azərbaycan xalqı bəxtəvərdir ki, bizim belə Prezidentimiz, xanımlar xanımı Mehribanımız var. Allah sizi qorusun.

Dadaş RZAYEV: Cənab Prezident, bizə bağışladığınız inzibati bina muzey olub.

Prezident İlham ƏLİYEV: Keçən il bərabər açmışdıq.

VETERAN (qadın): Bizim Prezidentdən yoxdur, ola da bilməz.

Prezident İlham ƏLİYEV: Mən sizi bu gün rəsmi ziyafətə dəvət edirəm. Heydər Əliyev Mərkəzində rəsmi ziyafət olacaq. Mən sizi oraya dəvət edirəm. Gəlin, görüşümüzü orada da davam etdirərik.


Müəllif:

Oxşar xəbərlər