Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıdakı regional ofisində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Gömrük Xidməti Rəhbərlərinin 5-ci iclası işə başlayıb.
Teleqraf.com-un məlumatına görə, tədbirdən öncə nümayəndə heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Türkiyə, Qazaxıstan, Qırğızıstan gömrük nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tədbirin türk dünyasını bir araya gətirən silisilə toplantılardan biri olduğunu deyib.
Aydın Əliyev dünyada qlobal iqtisadi böhran yaşandığı bir vaxtda qeyri-neft sektorunun, o cümlədən gömrük sisteminin üzərinə böyük iş düşdüyünü deyib: "Qlobal böhran Azərbaycan iqtisafiyyatına da təsir göstərib. Neftin qitmətinin 30 dollardan da aşağı düşməsi qeyri-neft sektorunun unkişafı üçün qarşıya məqsədlər qoyub. Gömrük orqanları şəffaflığın təmini üçün əlindən gələni edir. Elektron sistemin tətbiqi məmur-vətəndaş münasibətlərinin tam şəffaf olmasına xidmət edir. İnvestisiya yönümlü bütün layihələr 7 il müddətinə vergidən azad olunub.
Hər bir sahənin inkişafı üçün qanunvericilik bazası yaradılması, maddi texniki bazanın möhkəmləndirilməsi və professional kadrların yetişdirilməsi vacibdir. Ümumdünya Gömrük Təşkilatının Bakıda 2003-cü ildən fəaliyyət göstərən tədris mərkəz peşəkar kadrların hazırlanmasına xidmət edir".
Aydın Əliyev kadrların potensialının artırılması üçün Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Qəbələdə elmi-praktik konfrans keçiriləcəyini deyib: "Avqustda Qırğızıstan və Qazaxıstanda işçi qrupunun görüşü keçiriləcək. Hər iki ölkənin Çinlə sərhəd-keçid məntəqlərinə baxış keçiriləcək və təkilflər veriləcək. Həmçinin 4 tərəfli protokol imzalanacaq".
Naibə QURBANOVA