Azərbaycan Avropa Oyunlarına tam hazırdır
Cəmi iki aydan sonra Azərbaycan paytaxtı növbəti dəfə möhtəşəm beynəlxalq tədbirin keçirilmə məkanı olacaq. Söhbət, təbii ki, iyunun 12-28-də paytaxtımızda baş tutacaq Birinci Avropa Oyunlarından gedir. Bu, əlbəttə, böyük tarixi hadisədir. Çünki tarixdə ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranıb və ondan sonra Avropa qitəsində də bərpa edilib, ancaq bu günədək Avropa Oyunları keçirilməyib. İlk Avropa oyunlarının Bakıda keçirilməsi, əlbəttə, böyük nailiyyət və uğurumuzdur. Sözsüz ki, bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb.
Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən, müasir güclü ölkə kimi təqdim edə bilib. Baxmayaraq ki, 24 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Avropa idman ailəsinin Azərbaycana göstərdiyi etimadın təməlində, eyni zamanda, idmançılarımızın uğurları da böyük rol oynayıb. Çünki Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10 medal qazanıb və Avropa ölkələri arasında 15-ci yerə layiq görülüb. Əlbəttə, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərib. Digər tərəfdən, bu oyunlar Qarabağ həqiqətlərinin və ölkəmizin təbliğatı üçün geniş imkanlar yaradacaq.
Avropa Oyunlarının xronikası
Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildən bir keçirilməsi planlaşdırılır, növbəti oyunlar 2019-cu ildə baş tutacaq. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarına məsul olan Təşkilat Komitəsi Azərbaycan Prezidentinin sərəncamı ilə qurulub. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılıb. BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri Azad Rəhimov, baş əməliyyat direktoru Saymon Kleqdir.
Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 6 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının təxminən 2 min olması gözlənilir. Tədbirin işıqlandırılması üçün Bakıya 2 min nəfərədək beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinin gəlişi gözlənilir. Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə ilkin razılaşmaya əsasən I Avropa Oyunlarının proqramına 28 olimpiya idman növündən minimum 18-nin və 2 qeyri-olimpiya idman növünün daxil edilməsi gözlənilir. Beləliklə, yarışlar idmanın 20 növü üzrə keçiriləcək. Bura güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cü-do, taekvon-do, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və reqbi-7 və digər idman növləri daxildir. Bu yarışlardan 11-i 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir. Yarışlar 253 komplekt medal uğrunda keçiriləcək.
49 ölkədən 6 mindən çox idmançı
Artıq qeyd etdiyimiz kimi, Birinci Avropa Oyunları bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır. Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. Oyunlarda 49 ölkədən 6000-dən çox idmançının yarışacağı gözlənilir.
I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyənləşdirilib. Yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, "Baku Crystal Hall", "Sərhədçi" İdman Olimpiya Kompleksi, Əl Oyunları Sarayı, 8-ci kilometr stadionu, Güllə Atıcılığı Stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulur. Artıq Bakı Olimpiya Stadionunun inşası başa çatıb və açılış mərasimi keçirilib. Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının yaxın vaxtlarda bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaq. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub.
Məşəl apreldə yandırılacaq
Gənclər və idman naziri Azad Rəhimov Türkiyədə keçirilən karate üzrə Avropa çempionatında iştirakı zamanı İlk Avropa Oyunlarının məşəlinin aprelin 26-da yandırılacağını deyib. Nazir qeyd edib ki, məşəl yandırıldıqdan sonra onun Azərbaycanın bütün regionlarına, şəhərlərinə məşhur insanlar, idmançılar ilə birgə səfəri başlayacaq. A.Rəhimov bildirib ki, oyunların keçirilməsinə bir gün qalmış məşəlin Bakı şəhərində - Olimpiya stadionunda yandırılması nəzərdə tutulur.
A.Rəhimov həmçinin aprel ayı ərzində Bakıda bütün idman qurğularının istifadə veriləcəyini söyləyib: "Biz aprelin 10-a qədər Su İdman Mərkəzinin təhvil veriləcəyini gözləyirik. Ondan sonra Avropa Parkı, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Əl Oyunları Sarayı, Bakı Bulvar Arenasının açılışları növbəti ay ərzində olmalıdır. Bundan sonra biz deyə bilərik ki, Bakı şəhəri böyük və möhtəşəm yarışları qəbul etməyə tam şəkildə hazır olacaq".
30 mindən artıq könüllü qeydiyyatdan keçib
"Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsi "Alovqoruyanlar" könüllülər proqramının iştirakçısı olmaq istəyənlər üçün son müraciət tarixinin aprelin 3-ü olduğunu elan edib. Minlərlə gənc, eyni zamanda, yerli və xarici namizədlər bu fürsətdən istifadə edərək "Bakı-2015"də müxtəlif sahələrdə könüllü kimi fəaliyyət göstərə biləcəklər.
"Bakı-2015" "Alovqoruyanlar" könüllülər proqramına rəsmi olaraq ötən il iyunun 12-də start verilib. Bu müddətdə iştirak üçün 30 mindən çox müraciət daxil olub. Hər həftə işə qəbul mərkəzində müraciət edən yüzlərlə namizədlə müsahibələr aparılır. Könüllü olmaq istəyənlərlə müsahibələr aprelin sonunadək davam etdiriləcək. Lakin namizəd olmaq istəyənlər aprelin 3-dək müraciət formalarını göndərməlidirlər.
Oyunlar ərzində "Alovqoruyanlar" əsas rolları icra edəcək, idmançılara və yüksək vəzifəli şəxslərə köməklik göstərəcək, idman yarışlarında çalışacaq, tamaşaçılara və yaxud media nümayəndələrinə yardım edəcəklər.
Gənclər və idman naziri Azad Rəhimov bu barədə deyib ki, Avropa Oyunlarının könüllü proqramı gənclərin "Bakı-2015"ə qoşulması və beynəlxalq arenada ölkəmizi dəstəkləməsi üçün gözəl imkan yaradır. Bütün "Alovqoruyanlar"ımız Azərbaycanda çoxnövlü idman yarışı çərçivəsində daimi irs qoyan proqram sayəsində ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və şəxsi karyeraları üçün çox mühüm təcrübə qazanacaqlar.
Türkiyə Bakıya 153 idmançı göndərir
Türkiyə Milli Olimpiya Komitəsi (TMOK) "Bakı-2015" birinci Avropa Oyunlarının proqramına daxil olan bütün - idmanın 20 növü üzrə təmsil ediləcək. TMOK-un saytında yerləşdirilən xəbərə görə, Türkiyə Bakıda keçiriləcək yarışa 153 idmançı göndərəcək. Onlardan 90-ı kişi, 63-ü isə qadındır.
Türkiyə "Bakı-2015"də atıcılıqda 4, atletikada 1, bədii gimnastikada 4, basketbol 3X3 üzrə 8 (bir kişi və bir qadın komandası), velosiped idmanında 6, boksda 13 (4 qadın və 9 kişi), qılıncoynatmada 3, güləşdə 24, cüdoda 2, kanoedə 6, karatedə 11 (5 kişi və 6 qadın), stolüstü tennisdə 2, kamandan oxatmada 2, çimərlik voleybolunda 4 (2 kişi komandası), samboda 1, sinxron üzgüçülükdə 10, su polosunda 13 (kişi komandası), triatlonda 3, voleybolda 24 (1 kişi və 1 qadın komandası), üzgüçülükdə 12 idmançı ilə mübarizə aparacaq.
İtaliyanı "Bakı-2015"də 300 idmançı təmsil edəcək
İtaliyanı isə "Bakı-2015" ilk Avropa Oyunlarında təxminən 300 idmançı təmsil edəcək. Bu barədə İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) mətbuat idarəsinin rəhbəri Danilo di Tommaso bildirib.
D.Tommaso İtaliyanı ilk Avropa Oyunlarında təmsil edəcək idmançıların yarışlara böyük həyəcanla hazırlaşdıqlarını bildirib: "Təmsilçilərimiz atletika, aerobika gimnastikası və sambodan başqa bütün idman növləri üzrə mübarizə aparacaqlar".
İMOK-un mətbuat idarəsinin rəhbəri onu da əlavə edib ki, "Bakı-2015" ilk Avropa Oyunları çərçivəsində "Casa İtalia" adlı sərgi təşkil olunacaq. İtaliyanın əsasən Olimpiya oyunlarında təşkil etdiyi və "Milli qonaqpərvərlik evi" adlanan bu sərgi yarışlar boyu davam edəcək. Sərgidə İtaliyanın idman aləmi, mədəni dəyərləri, mətbəxi və bu ölkəyə xas olan digər maraqlı məqamlar nümayiş olunacaq.
D.Tommaso belə bir sərginin təşkilinin İtaliyanın "Bakı-2015" yarışlarına Olimpiya Oyunları səviyyəsində yanaşmasından irəli gəldiyini xüsusi qeyd edib.
Latviyadan 70 idmançı gələcək
Avropa qitəsinin ən maraqlı idman yarışlarında Latviyanı təqribən 70 idmançı təmsil edəcək. Avropa oyunlarında iştirak etmək üçün idmanın bir çox növləri üzrə təsnifat yarışları artıq başa çatsa da, idmançıların seçimi aprel ayına qədər davam edəcək.
Latviya Olimpiya Komitəsinin (LOK) prezidenti Aldons Vrublevskis bildirib ki, Latviya komandasının büdcəsi təqribən 210 000 avroya bərabərdir. O deyib ki, Milli İdman Şurası Latviyanın komandasına əlavə vəsaitin ayrılması barədə razılığa gəlib. Bu isə o deməkdir ki, mövcud 50 min avroya 158 400 avro əlavə edilə bilər. Vəsait komandanın dolanışığı üçün nəzərdə tutulub.
LOK-nin prezidenti bildirib ki, Avropa oyunları iştirakçılarının dəqiq siyahısı idmanın bütün növləri üzrə seçim yarışları başa çatandan sonra - yazın sonunda və ya yayın əvvəlində təqdim olunacaq.
"Bakı-2015" ilk Avropa Oyunları dünyanın 55 ölkəsində nümayiş olunacaq
Onu da qeyd edək ki, İlk Avropa Oyunları Beynəlxalq İdman Teleyayımı Şirkəti (International Broadcasting, ISB) tərəfindən yayımlayacaq. Avropa Oyunları zamanı Beynəlxalq İdman Teleyayımı yüksək dəqiqliklə gözlənilən 1,200 saatlıq yüksək keyfiyyətli teleyayımı təmin edəcək, bura bütün yarımfinal və finalların canlı yayımı və gündəlik əsas göstəricilər barədə məlumatın verilməsi daxildir. ISB açılış və bağlanış mərasimlərini və Azadlıq Meydanında təşkil ediləcək axşam əyləncə tədbirlərini də yayımlayacaq.
Bu günlərdə isə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi yarışların Hindistanda yayımlanması üçün "NEO Sports" şəbəkəsi ilə saziş imzalayıb. Sazişə əsasən "Bakı-2015" Avropa Oyunları "NEO Sports" və "NEO Prime" kanalları vasitəsilə Hindistanın bütün ərazisində yayımlanacaq. Bu sazişin bağlanması ilə Avropa Oyunları ABŞ, Çin və ərəb dünyası da daxil olmaqla dünyanın 55 ölkəsində yayımlanacaq.
Səxavət HƏMİD