17 Aprel 2015 15:42
1 044

Kondisionerli qatarlar 10 gündən sonra xəttə buraxılacaq

“Bakı Metropoliteni” QCS sərnişinlərin rahatlığını təmin etmək üçün müasir standartlara cavab verən yeni qatarlar alıb. Fransanın “Alstom” şirkəti ilə imzalanan müqaviləyə əsasən Bakıya gətirilən yeni metro qatarları ilə tanışlıq üçün bu gün jurnalistlərin depoya press-turu təşkil olunub.

Bildirilib ki, alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq yeni qatarların dartı mühərrükləri dəyişən cərəyanla ( 380V-la) işləyir. Əgər əvvəlki nəsil qatarların mühərrüklərinin gücü 114 kwt idisə, bu qatarların mühərriklərinin gücü 170 kwt təşkil edir.

Köhnə vaqonların çəkisinə gəlincə, bu göstərici baş vaqon üçün 38 ton, aralıq vaqon üçün 36 ton təşkil edirdisə, yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34 ton, aralıq vaqonun çəkisi isə 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan dəmirdəndir.

Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid imkanı mövcuddur. Vaqonlarda üç rejimdə - soyutma, havalandırma və isitmə rejimlərində çalışan klima sistem quraşdırılıb.

Vaqonun salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb.

Köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 sərnişin olduğu halda, yeni nəsil vaqonlarda bu göstərici 330 sərnişindir.Əvvəlki vaqonlarda pəncərə sistemləri sadə birlaylı olduğu halda, indiki vaqonlar ikilaylı paket tiplidir ki, bu da salonda sərnişinlər üçün daha yüksək komfort şərait yaradır. Müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.

Eyni zamanda bildirilib ki, “Bakı Metropoliteni”nin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də bu vaxta qədər metro tarixində analoqu olmayan diaqnostika kompleksinin quraşdırılmasıdır.

Görülmüş tədbirlər nəticəsində ABŞ istehsalı olan serverlər və fasiləsiz cərəyan təminatı, Almaniya istehsalı olan lazer optik sistemləri, Ukrayna istehsal olan cərəyan çevriciləri, Koreya və Çin istehsalı olan işçi kompyuter avadanlıqları, Fransa istehsalı olan GPS – koordinasiya qurğusu və s. ilə təchiz olunmuş həmin diaqnostika kompleksinin tətbiqi nəticəsində qatarların hərəkətinin tam təhlükəsizliyinin, səlistliyinin və sərnişindaşımanın komfortu təmin ediləcək. Bütün bu avadanlıqlar diaqnostika kompleksi şəklində Rusiyanın

TBEMA firması tərəfindən yığılmış və proqram təminatı ilə təchiz edilib.
Kompleksin əsas vəzifələri :

Tuneldə yolların 5 parametri üzrə vəziyyətinə nəzarət;

Tunellərdə 3 növ əndazə yaxınlaşmalarına nəzarət;

Qatarların avtomatik sürət tənzimlənməsinə nəzarət sisteminin kod və siqnallarına nəzarət;

Rels dövrələrində cərəyan asimmetriyasının təyin edilməsi və nəzarət;

Tunellərdə qızmaya məruz qalma ehtimalı olan bütün avadanlıq və texniki qurğuların teplovizyon nəzarətinin aparılması;

Qatarların səlis və rahat hərəkətinə maneə yarada biləcək bütün fiziki amillərin qeydiyyatı və analizi;
Qüsurların avtomatik qeydiyyatı və qabaqcadan proqnozlaşdırılması;

Göstərilən bütün əməlyyatlar xətti video şəklində qeydə alınır. Ötən keçidlərlə müqayisə edilir və foto hesabat şəklində təqdim edilir;

Təmas relslərinin təmas səthində temperaturu, həndəsi parametrləri plan və profildə qeydə alınır və nəzarətdə saxlanılır;

Bütün əməliyyatlar lazerlər vasitəsilə təmassız aparılır.

Məlumat verilib ki, “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra Nərimanov elektrik deposunda böyük yenidənqurma, abadlıq işləri həyata keçirilib. Qısa müddət ərzində depo ərazisində baxımsız vəziyyətdə olan park yenidən qurularaq işçilərin istirahət vaxtlarının səmərəli keçirilməsi üçün hazır vəziyyətə gətirilib.
Depo işçilərinin istifadəsinə verilən yeməkxanada işçilər keyfiyyətli yeməklə yanaşı, xüsusi güzəştlərdən də faydalanmaqdadır. Belə ki, bəzi kateqoriyaya aid olan işçilər pulsuz, digər çalışanlar isə Metropoliten İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə çox ucuz qiymətə yeməklə təmin edilirlər.

Bundan başqa ehtiyat avadanlıqların saxlanılması üçün böyük anbar tikilərək istifadəyə verilin. Bundan əvvəl avadanlıqlar ayrı-ayrı kiçik daxmaları xatırladan binalarda saxlanılırdısa, hazırda böyük bir bataqlıq ərazinin qurudulması nəticəsində hazırlanan yerdə inşa edilən, müasir standartlara cavab verən anbarda saxlanılır.
Qeyd edək ki, yeni qatarların yaxın 10 gün ərzində istifadəyə verilməsi nəzərdə tutulub.

Naibə QURBANOVA


Müəllif: