Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordla Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, görüş Suriya böhranının nizamlanması məsələsinə həsr olunub. Belə mühüm görüşün təşkili üçün dünyada, o cümlədən regionda kifayət qədər məkan olduğu təqdirdə, nəyə görə məhz Azərbaycan seçilməsi sualı indi çoxlarını düşündürür.
Adətən, bu cür görüşlər təhlükəsiz, sabit məkanlarda keçirilir. Dünya təcrübəsinə nəzər salsaq, qarşı duran tərəflərin neytral, hər iki tərəflə bərabər məsafədə dayanan ölkələrin ərazisində görüşdüklərini görə bilərik. Məsələn, İkinci dünya müharibəsinin gedişi zamanı Tehran, Yalta (Krım), Potsdam konfransları məhz təhlükəsiz, iştirakçıların həyat və fəaliyyətinə zəmanət verildiyi yerlərdə keçirilib. Ancaq təksə sabitlik və təhlükəsizlik də bu məsələdə əsas rol oynamır. Məsələ ondadır ki, sabitliyin və əmin-amanlığın mövcud olduğu bir sıra digər məkanlar da var. Bu baxımdan məlum görüş üçün Bakının seçilməsini şərtləndirən bir sıra digər amillər də mövcuddur. Bu, ilk növbədə Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.
Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri var. Hər iki lider Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, həm D.Tramp, həm də V.Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və onun fəaliyyətini təqdir ediblər.
Görüş üçün Bakının seçilməsi Azərbaycanın sülhpərvər, regionda sülh əldə edilməsi işinə dəstəyinin də göstəricisi sayıla bilər. Ölkəmizin yaxın keçmişdə Türkiyə ilə Rsuiya arasındakəı gərginliyin aradan qaldırılması işini verdiyi töhfəni xatırlatmaq da bu mənada yerinə düşər.
Politoloq Rasim Ağayev Teleqraf.com-a bildirib ki, görüş yeri kimi Bakının seçilməsinin bir neçə səbəbi ola bilər: “Burda bir neçə səbəb, yaxud kompleks məsələlər ola bilər.Amma zənnimcə, əsas məsələ ondan ibarətdir ki, istər Vaşinqton, istərsə də Moskva hər ikisi Bakıya müəyyən jest edirlər. Çünki hər iki ölkə Azərbaycanla hərtərəfli əməkdaşlığa can atır. Qarabağ məsələsinə görə Azərbaycan Rusiya ilə tam, hərtərəfli əməkdaşlıq edə bilmir. Qarabağ məsələsi buna çox böyük maneçilik törədir. Rusiya necə deyərlər, bığla saqqal arasında qalıb. Yuxarı tüpürür bığdır, aşağı tüpürür saqqal. Azərbaycanla əməkdaşlıq etmək istəyir, ancaq Qarabağ məsələsində Ermənistana dəstək verdiyi üçün Azərbaycan Rusiya ilə xüsusən hərbi əməkdaşlıq sahəsində müəyyən məsafə saxlamağa məcbur olur. Amerikada da administrasiya dəyişib, çox güman ki, yeni administrasiya Azərbaycanla maraqlanır, jest etmək istəyir”.
R.Ağayev deyib ki, digər tərəfdən çox güman ki, əsas məsələlərdən biri də İran məsələsidir: “Ola bilsin, bu məsələ ilə bağlı tərəflərin Bakıya hansısa sözü ola bilər. Bu da mümkündür. Bakıya bəlkə bir tərəfin, yaxud hər iki tərəfin deyiləsi sözü var. Zənnimcə, bütün bu məsələlərə kompleks yanaşmaq lazımdır”.
Səxavət HƏMİD