28 İyun 2016 16:45
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Skandinaviya Azərbaycanlıları Konqresi faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı etiraz bəyanatı yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, İsveç baş nazirinə, Xarici İşlər Nazirliyinə, İsveç Parlamentinə, İsveçdəki Avropa Evinə və bir neçə yəhudi cəmiyyətinə göndərilən bəyanatda Ermənistanın bu addımı nasist ideologiyasının yenidən dirçəldilməsi kimi qiymətləndirilir.

Müraciətdə bildirilir ki, Ermənistan dövləti və onun prezidenti Serj Sərkisyan Hitler nasizminin əlaltıları haqqında qəhrəman imici yaratmağa cəhd göstərir:

“Rəsmi İrəvan və dünya erməniləri Hitler və onun yaxın adamları olan erməni generalları Njde ilə Dronun (Drastamat Kananyan) adlarını təmizə çıxarmaq üçün bütün imkanlardan istifadə edir. Halbuki, Ermənistanın bu “milli qəhrəman”ları Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına “uyğun gəlməyən” digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyır”.

Sənəddə həmçinin qeyd olunur ki, erməni legionunun öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirildiyi etiraf olunur.

Müraciətdə dünya birliyinin faşizmin bütün təzahürlərini pislədiyi bir vaxtda Ermənistanın dünyaya açıq-aşkar meydan oxuduğu İsveç rəhbərliyinin diqqətinə çatdırılır. Müraciət müəllifləri hesab edir ki, nasist cinayətkarları Dro və Njdenin şərəfinə xatirə sikkələri buraxılması, filmlər çəkilməsi, onların adına küçə verilməsi və nəhayət, İrəvanın düz mərkəzində Njdeyə heykəl qoyulması İkinci dünya müharibəsində həlak olan insanların xatirəsinə həqarət, faşizm qurbanlarının ruhunun həyasızcasına təhqir olunmasıdır.

İsveçdə yaşayan azərbaycanlılar ölkə ictimaiyyətini və rəhbərliyini Ermənistanın nasist cinayətkarlarına bəraət qazandırmaq cəhdlərinin qarşısını almağa və bu istiqamətdə Ermənistan dövlətinə təzyiq göstərməyə çağırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər