29 İyun 2016 12:43
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyədə törədilən növbəti terror aktını pisləyən bəyanatla çıxış edib.

Teleqraf.com-a daxil olan bəyanatda deyilir: “Qarabağ Azadlıq Təşkilatı Türkiyədə, İstanbulun Atatürk hava limanında törədilən terror aktlarını qətiyyətlə pisləyir. Bu dəhşətli olay nəticəsində 40-a yaxın insan həlak olub, 150 nəfərə yaxın şəxs yaralanıb. Bu hadisə təkcə Türkiyəyə qarşı deyil, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Bu cinayət Türkiyəyə qarşı bir sıra xarici mərkəzlərin apardıqları müharibənin tərkib hissəsidir. Hədəfdə getdikcə güclənən, dünyanın əsas güc mərkəzlərindən birinə, söz sahibinə çevrilməkdə olan Türkiyə, bütün islam dünyasıdır.

Biz bu terror aktını həm də özümüzə, Azərbaycana, bütün islam dünyasına qarşı cinayət, həmlə kimi dəyərləndiririk. Bu, Türkiyəyə, islam dünyasına qarşı qəsdin davamıdır. Almaniya parlamentinin gözlənilmədən qondarma “erməni soyqırımı”nı tanıması, Roma papasının bütün protokol qaydalarından kənara çıxaraq qondarma “erməni soyqırımı” iddialarını təkrar etməsi, Azərbaycana qarşı ermənilərin əsassız ərazi iddialarını müdafiə etməsi, Türkiyədə və digər müsəlman ölkələrdə törədilən terror aktları, həmçinin sonuncu dəhşətli terror olayı vahid bir zəncirin həlqələridir və eyni mərkəzdən idarə olunan prosesin tərkib hissəsidir. Türkiyəyə qarşı açılan bu müharibənin arxasında dayananları, bu cinayətləri törədənləri lənətləyir, bu cinayətlərə son qoyulmasını tələb edirik. Terror nəticəsində ölənlərə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir, yaralılara şəfa arzulayırıq”.

QAT terror qurbanlarını Türkiyəyə qarşı aparılan müharibənin itkiləri hesab etdiyini bildirib: “İnanırıq ki, Türkiyə itkilərə baxmayaraq bu müharibədən qalibiyyətlə çıxacaq. Biz Türkiyənin yanında olduğumuzu, əlimizdən gələn köməyi göstərməyə hazır olduğumuzu bildirir və bütün islam dünyasını məkrli mərkəzlərin amansız hücumlarına qarşı birləşməyə, haqqı-ədaləti birlikdə qorumağa çağırırıq”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər