30 İyun 2016 16:02
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Sabunçu rayonu, Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yerləşən N.Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində Dağlıq Qarabağın azərbaycanlı icması və şuşalı məcburi köçkünlərlə görüşüb.

Tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsilə bağlı Dağlıq Qarabağın erməni icması ilə davamlı görüşlərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü, millət vəkili Rövşən Rzayev münaqişənin həlli üçün bu cür görüşlərin keçirilməsi vacib hesab etdiyini deyib. Millət vəkili bildirib ki, azərbaycanlılar Dağlıq Qarabağda ermənilərlə birlikdə yaşamağa razıdırlar.

Görüşdən sonra icma üzvü Fərhad Bədəlbəyli bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Dağlıq qarabağın azərbaycanlı icmasının təşəbbüsünü dəstəkləyib və bu barədə qarşı tərəflə danışıqlar aparacağını bildirib: “Biz təkliflə çıxış etdik, Frank-Valter Ştaynmayer də bu təklifi bəyəndi. Bizim məqsədimiz məlumdur. Amma, bilirik ki, ermənilər buna razılıq verməyəcək. Rövşən Rzayev Frank Valter Ştaynmayerə bildirdi ki, biz hansı ölkədə istəsəniz, o ölkədə görüşməyə razıyıq. Almaniyada, Brüsseldə, Strasburqda, hansı ölkə olursa-olsun, biz görüşə tam hazırıq. Görüşüb söhbət edək ki, biz gələcəkdə Dağlıq Qarabağda bir yerdə necə yaşayacağıq? Çünki Robert Koçaryan açıqlama vermişdi ki, azərbaycanlılarla ermənilər Dağlıq Qarabağda bir yerdə yaşaya bilməz. Bu bir faşist ideologiyasıdır. Ona görə də biz düşünmürük ki, ermənilər buna razılıq versinlər”.

F.Bədəlbəyli bildirib ki, görüşdə Frank-Valter Ştaynmayer qarşı tərəfin fikirlərini bilmədiyi üçün konkret bir söz deməyib: “Ştaynmayer dedi ki, bu təşəbbüsə erməni tərəfinin münasibəti öyrəniləcək. O bildirdi ki, münaqişənin tez bir zamanda həll olunması üçün əllərindən gələni edəcəklər. Amma, münaqişənin həlli, sülhə nail olmaq üçün tərəflər də çalışmalıdır”. ("Trend")


Müəllif:

Oxşar xəbərlər