Son vaxtlar böyük dövlətlərin başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensiv danışıqlar aparırlar. Bir neçə həftə ərzində Barak Obama, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Angela Merkel və Fransua Olland arasında baş tutan telefon danışıqlarında münaqişənin həlli istiqamətində atılacaq addımlar müzakirə olunub.
Bir sözlə, danışıqlar prosesində hərəkətlilik müşahidə olunur. Bəs, bu hərəkətlilik nə cür qiymətləndirilir?
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov Teleqraf.com-a açıqlamasında hərəkətliliyin yaxşı hal olduğunu bildirib: “Demək, nə isə etmək istəyirlər, hərəkətə keçiblər. Xüsusilə Rusiya fəallığını artırıb. Ancaq bunlar öz fəaliyyətləri, hərəkətləri, verdikləri təkliflərlə nə qədər ədalətlidirlər, nə qədər Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində iş görmək istədikləri bir az müəmmalı qalır.
Mən nəyə görə bunu deyirəm? Lavrovun Ermənistana son səfəri və bu səfər zamanı toxunduğu mətləbləri götürək. Bir məqama diqqət çəkmək istəyirəm. Lavrov İrəvanda belə bir cümlə işlətdi ki, bu problem həllini tapmalı, əməli fəaliyyət olmalıdır, dedi, elə etməliyik ki, hər iki tərəf razı qalsın, yəni ziyan çəkməsin. Eyni zamanda burda Dağlıq Qarabağın da mənafeyinə ziyan vurulmamalıdır.
Lavrov belə bir fikir söylədi. Demək, bu fikirdən belə anlaşılır ki, artıq Rusiya öz daxilində belə bir qərar verib, Dağlıq Qarabağ bir tərəfdir və burada Ermənistanla Azərbaycan arasında nə danışıqlar olsa, burda Dağlıq Qarabağın mənafeyi qorunmalıdır. Demək, artıq Lavrov və Lavrovun başının üstündə duran rəhbəri – Rusiya Federasiyasının prezidenti belə bir qərara gəliblər ki, artıq Dağlıq Qarabağı bir qurum, bir tərəf kimi tanıyıblar və onun mənafeyi qorunmalıdır, ona toxunulmamalı, ziyan dəyməməlidir.
Mən Lavrovu qınamıram, mən buna təəccüblənmirəm. Ona görə ki, artıq neçə illərdir Moskvada və Rusiyanın bir neçə digər böyük şəhərlərində həmin tanınmamış separatçı “Dağlıq Qarabağ Respublikası” deyilən cinayətkar qurumun nümayəndəliyi fəaliyyət göstərir. Separatçı qurumun “Dağlıq Qarabağ” adı ilə istehsal etdiyi bir çox ərzaq məhsulları Moskvanın və Rusiyanın bir sıra şəhərlərində satılır. Yəni, bunlar artıq bunu qəbul ediblər və bizə də qəbul etdirmək, sırımaq istəyirlər.
Təhlükəli məqam bundan ibarətdir. Yoxsa bunlar problemin həlli üçün çalışırlar və bu çalışqanlıq da alqışlanmalıdır. Ancaq necə, hansı istiqamətdə, kimin xeyrinə çalışırlar və bunların məqsədi nədən ibarətdir?! Bax, bu, müəmmalıdır”.
Elman Məmmədovun sözlərinə görə, Azərbaycanın məqsədi məlumdur: “Azərbaycanın məqsədi və qarşıya qoyduğu tələb ondan ibarətdir ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunub. Ermənistanın işğalçı qoşunları Azərbaycan sərhədlərindən kənara çıxarılmalı və bundan sonra Ermənistan-Azərbaycan sərhəd xətti boyunca monitorinq də, beynəlxalq müşahidəçilər də ola bilər. Ancaq bunlar Ermənistan-Azərbaycan sərhədində dayanmalıdırlar. Bu, Azərbaycanın qoyduğu şərtdir, bizə sərf edən ədalətli həll yoludur.
Yoxsa bunlar gəlib Azərbaycanın ortasında təmas xəttində dayanmamalıdırlar. Söhbət bundan gedir ki, Rusiyanın bu canfəşanlığının arxasında nə dayanır: Rus qoşunlarının Azərbaycana girib, gəlib təmas xəttində, Dağlıq Qarabağın ətrafında 1988-1992-ci illərdə olduğu kimi çəpər çəkib dayanmaq, erməniləri qorumaq? Rusiyanın məqsədi budur? Burda belə maraqlı, müəmmalı məsələlər var...
Rusiyanın maraqları var. Kazan görüşlərində də Rusiya tərəfindən Azərbaycan üçün qəbulolunmaz təkliflər olub. Buna görə də biz bu məsələlərdə son dərəcə diqqətli, ehtiyatlı olmalıyıq. Təkcə Rusiya yox, Fransa və Amerika da, bir çox başqa dövlətlər də özlərində separatçı-cinayətkar qurumun nümayəndəliklərini yaradıblar. Bunları rəsmi şəxslər kimi qəbul edirlər. Bunlarla hesablaşırlar. ATƏT-in qastronomları, beynəlxalq turizm şirkətinin işçiləri hər dəfə gələndə gedib bu cinayətkarlarla görüşürlər, məsləhətləşirlər. Bu təhlükəli mövqedir, bunlar təhlükəli yanaşmalardır. Azərbaycan üçün xeyirli olmayan yanaşmalardır.
Buna görə də Azərbaycan tərəfi olaraq bizim qarşımıza qoyulan qeyri-məqbul, ədalətsiz hesab olunan təkliflərin hamısını rədd edirik və edəcəyik. Bizim məqsədimiz ərazilərimizi işğaldan azad etməkdir, ərazi bütövlüyümüzü təmin etməkdir”.
Səxavət HƏMİD