“Dördgünlük aprel döyüşlərindən sonra münaqişənin həlli istiqamətində danışıqlar prosesində intensivlik artıb”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.
Politoloq bildirib ki, artıq həmsədrlər də, Ermənistanın özü də, eyni zamanda beynəlxalq ictimaiyyət də çox gözəl dərk edir ki, münaqişə daha dondurulmuş münaqişə deyil. Millət vəkilinin sözlərinə görə, istənilən vaxt onun münaqişədən müharibəyə transformasiyası mümkündür:
“Bütün bu reallıqlar hesab edirəm ki, həmsədrləri hərəkətə gətirir. Onlar ciddi-cəhdlə çalışırlar ki, növbəti görüşlər baş tutsun və bu görüşlər istiqamətində müəyyən irəliləyişlər əldə edilsin. Çünki irəliləyişlər əldə edilməsə, çoxsaylı görüşlərin özü də müharibənin baş verməsinin qarşısını almaq gücündə olmayacaq. Bunu indidən proqnozlaşdırmaq mümkündür.
Elə bu səbəbdən də imkan daxilində həmsədrlər çalışırlar ki, prezidentlər səviyyəsində görüşü təşkil etsinlər. Yəni artıq onların bu ciddi-cəhdlərinin səbəblərini proqnozlaşdırmaq və qiymətləndirmək elə də çətin deyil”.
Səxavət