“Xaliq Bağırov adlı şəxsi tanımıram, bilmirəm kimdir və mənim haqqımda nə yazıb. Barəmdə yazdıqlarını oxumadığım üçün bir söz deyə bilmərəm. Əslində onun dediklərinin mahiyyəti haqqında məndə heç bir təsəvvür yaranmır. Deyir, deyir də. Öz fikridir. Məncə, onun fikirlərini ciddiyə almaq, ona vaxt ayırmağa dəyməz”.
Bunu Teleqraf.com-a tarixçi-alim Ədalət Tahirzadə REAL Hərəkatının funksioneri Xaliq Bağırovun barəsində səsləndirdiyi tənqidlərə reaksiya verərkən deyib.
Ədalət Tahirzadə daha sonra qeyd edib ki, REAL Hərəkatı haqqında informasiyaya malikdir: “Ancaq mən nə onlara yaxınam, nə də onlardan uzağam. Yəni onlarla yaxşı və pis əlaqəm yoxdur. Bu mənada adam nə fikirləşirsə, özü bilər”.
Tahirzadə hesab edir ki, belə tənqidlərə tuş gəlməsinə səbəb elçibəyçi olması ola bilər: “Bu mümkündür, amma dəqiq bir söz deyə bilmərəm. Aradabir AXC hakimiyyətini tənqid edirlər. Eləsinlər də, cavan uşaqlardır. Nə istəyirlər desinlər, nə olacaq? Rəhmətlik Əbülfəz Elçibəyə deyilməyən söz qalmamışdı. İndi bundan ötrü durub bu uşaqlardan inciyim? Mən bu işlərə girişmək istəmirəm. Mənimki, yazmaq, pozmaqdır. Buraxın kim nə deyir desin”.
Xatırladaq ki, REAL İdarə Heyətinin üzvü, hüquqşünas Xalid Bağırov AXC hakimiyyətində təhsil nazirinin müavini postunu tutmuş Ədalət Tahirzadəni tənqid edib. REAL üzvü sosial şəbəkədə yazıb: "Ədalət Tahirzadə Qatır Məmməd haqqında deyir ki, ona Azərbaycan tarixində yer yoxdur. Bir dəfə Şəfibəy Rüstəmbəyli haqqında araşdırması barədə danışanda jurnalist ona Şəfibəyin İstanbulda yaşadıqları dönəmdə Rəsulzadə ilə aralarında yaranan problemlər barədə sual verdi. Ədalət Tahirzadə isə cavabında dedi ki, tarix belə mənfi şeylərdən danışmamalıdır. Ədalət Tahirzadə AXC hakimiyyətinin Bernard Levisi sayılacaq bir tarixçi idi. Onun da baxışları ilə sovet tarixçiliyinin yanaşması arasında fərq yoxdur. Cəbhə hakimiyyəti vizyonu barədə fikir yaradan faktlardandır".
Cavad