Azərbaycan Xarici İşlər Nazirliyi Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin bu gün Astanada keçirilmiş görüşü ilə bağlı açıqlama yayıb.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan açıqlamada bildirilir ki, görüş zamanı xarici işlər naziri Elmar Məmmədyarov Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsinin müddəalarının razılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü və dövlət başçılarının qəbul etdiyi siyasi qərarların və əldə etdikləri razılaşmaların bu prosesə əhəmiyyətli töhfə verdiyini deyib.
Bununla yanaşı, Qazaxstanda keçirilməsi nəzərdə tutulan Zirvə Toplantısına qədər konvensiya layihəsində açıq qalan bütün məsələlərin razılaşdırılmasının vacibliyini qeyd edib.
Nazir Xəzər dənizinin dibinin və təkinin bölgüsü, Xəzər dənizindən digər dənizlərə və dünya okeanına azad tranzit hüququ, hərbi gəmilərin ərazi sularından icazəli keçid qaydaları, sualtı boru kəmərlərinin və kabellərinin çəkilməsi kimi məsələlərin danışıqlar prosesində beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanaraq həll edilməli olduğunu vurğulayıb və Azərbaycanın mövqeyini diqqətə çatdırıb.
Eyni zamanda, dəniz dibinin bölgüsü ilə bağlı Azərbaycanın Qazaxıstan və Rusiya ilə bağladığı sazişlərin xüsusi əhəmiyyətini və Xəzər dənizinin mərkəzi və cənub hissələrində də bölgü ilə bağlı məsələlərin tezliklə həll olunmasının vacibliyini vurğulayıb.
Xəzər dənizinin Xəzər regionu ölkələri xalqlarının inkişafına yönəldilmiş beynəlxalq və regional layihələrdə vacib rol oynadığını bildirib.
Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Azərbaycan tərəfinin sahəvi əməkdaşlığa yönəldilmiş layihələrin müzakirəsində iştiraka hazır olduğunu deyib. O, Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi, tərəflər arasında etimadın, xüsusilə də regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi çərçivəsində həll olunması zəruriliyini qeyd edib.
Xarici işlər nazirlərinin görüşü zamanı konvensiya layihəsinin hərbi məsələlər, razılaşdırılmış etimad təbirlərinə əməl olunması, balanslaşdırılmış silahlanmanın təmin edilməsi, gəmiçilik, müxtəlif su məkanlarında rejimlər və fəaliyyət, eləcə də azad tranzit hüququ, sualtı boru kəmərləri və kabellərin çəkilməsi ilə bağlı müddəalar geniş müzakirə olunub. Konvensiya layihəsi üzrə işin davam etdirilməsi və ən yaxın zamanlarda tam razılaşdırılaraq qəbul edilməsi istiqamətində addımlar atılması razılaşdırılıb.
Səxavət