Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən razılıq ifadə olunub. İki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Son illər iki ölkə arasında ticarət dövriyyəsinin artımından məmnunluq ifadə olunan görüşdə, iqtisadiyyatın müxtəlif sahələri üzrə, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən söz açan E.Məmmədyarov, sözügedən layihələrin Xəzər və Qara dəniz hövzələri arasında bağlantıların artmasına əsaslı töhfə verəcəyini bildirib.
E.Məmmədyarov, həmçinin, Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa ölkəsi kimi Rumıniyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığının inkişafında rolunu xüsusi qeyd edib.
Səfir D.Kristian Çiobanu ölkəsinin hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini diqqətə çatdırıb. O, iki ölkə arasında enerji sahəsində əməkdaşlığa toxunaraq 19 iyul tarixində Bakıda ARDNŞ və Rumıniyanın Transgaz şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasını qeyd edib.
E.Məmmədyarov Rumıniyanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair mövqeyinin təqdir edildiyini diqqətə çatdırıb.
Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan siyasi dialoqun və dostluğun inkişafı, iqtisadi əlaqələrin genişlənməsi və ticarət dövriyyəsinin rekord həddə artması, mədəni-humanitar əlaqələrin təşviqi istiqamətində və NATO-nun əlaqələndirici səfiri statusunda həyata keçirdiyi uğurlu fəaliyyətə səfir Daniel Kristiana minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səxavət