Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə Müsavat Partiyasının başqanı Arif Hacılı arasında müşahidə olunan qalmaqala münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Əli Əliyev bu haqda fikirlərini sosial şəbəkədə açıqlayıb. Həmin fikirləri təqdim edirik:
“Arif Hacılı təcrübəli və hazırlıqlı siyasətçi olduğunu bu müsahibəsində bir daha təsdiq etdi. Ölkə siyasətinin mərkəz fiqurlarından, 92-93-cü il hakimiyyət komandasının aparıcı şəxslərindən, İsa Qəmbərin ən ardıcıl müdafiəçilərindən olan Arif Hacılı sıradan birisi olmadığını verdiyi müsahibənin ilk 2 hissəsində bir daha təsdiq edir.
Ancaq müəyyən məqamlar da var ki, onu təhrif etmək olmaz. Bu təhriflərdən birinə “Yeni Müsavat”ın baş redaktoru hörmətli Rauf Arifoğlu gözəl bir cavab verib. Əlbəttə ki, Rauf bəyin yazısındakı həqiqətlərin əksəriyyətinə şahidlik etməsəm də, yazıda gətirilən dəlillərin bir qismini qəbul etməmək mümkün deyil. Mənə elə gəlir ki, Arif Hacılı müsahibəsində ictimai təhdiddən yayınarkən müqəddəs sayıla biləcək dostluq münasibətlərinə xələl gətirməməli idi. Arifoğlu durduğu yerdə daim mövqeyində sabit olub. Müsahibədə Müsavat Partiyasının çoxsaylı uğurlarından danışılan zaman Rauf Arifoğlunun və “Yeni Müsavat” qəzetinin payını yaddan çıxarmaq insafsızlıq olar. Bu sadə həqiqətə bütün ölkə şahidlik edib.
İkincisi, indi məlum olur ki, keçmiş dost və silahdaşın münasibətlərinə şərh vermək niyyətindən uzağam. Əminəm ki, hər ikisinin ağıl və dərrakə potensialı o qədər yüksəkdir ki, anlaşılmazlığı adlayacaqlar.
Müsavat başqanı, hörmətli Arif Hacılı başqa bir təhrifinə aydınlıq gətirmək istəyirəm. Arif bəy 2005-2010-cu il hadisələrində çox ciddi yanlışa yol verib. Həmin dövrdə fəaliyyət göstərmiş “Azadlıq” siyasi bloku 2006-cı ilin əvvəlində təsis edilib. Həmin təsisatda Müsavat Partiyası da iştirak etmişdi. Qurumun digər həmtəsisçiləri ALP, ADP, AXCP və mənim rəhbərlik etdiyim qurum idi.
Müsavat Partiyası adı çəkilən Azadlıq siyasi blokunu, təkrar parlament seçkilərinə qatılmaq və bir ay əvvəl “Azadlıq” seçki bloku çərçivəsində öz iştirakları ilə qəbul etmədikləri parlamentin işinə qatılmaq qərarı verdikdən sonra tərk etmişdilər. O dövrdə siyasi prosesləri yaxından təqib edənlərin hamısı Müsavat Parityasının qəbul etdiyi, mənə görə yanlış taleyüklü qərarı, hamı bir nəfər kimi yumşaq desək lənətləyirdi…
Prosesi içəridən bilənlər unutmayıblar ki, Müsavatın qərarı, bu gün bəyənmədiyiniz Rauf Arifoğlunun qəzetində dərc edildikdən sonra, “Parlamentdə müxalifət var” tezisi ilə surəti AŞPA-nın müvafiq komissiyasında deputatlar arasında yayıldı. “Azadlıq” blokunun 4 il ərzində Müsavat Partiyasını tənqid etməsinin kökündə duran səbəb ümummüxalifət maraqlarına zidd, Arif Hacılının da qəbulunda iştirak etdiyi həmin yanlış qərar olub. “Azadlıq” siyasi blokunun təsisçilərinin digərləri 4 il ardıcıl əməkdaşlıq ediblər. ADP siyasi bloku yalnız 2007-ci ilin sonlarında, daha 2 il fəaliyyətdən sonra tərk edib. Blokun çökməsinin də səbəbi Müsavat partiyasının parlament dövrünün başa çatması, müxalifət düşərgəsində mövqelərini bərpa təşəbbüsləri və aramızdakılardan birisinin nəfsinin ümmansızlığı ilə üst-üstə düşüb”.
Cabir