4 Avqust 2016 17:55
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın ərazi bütövlüyünə qəsd edildiyi beynəlxalq səviyyədə təsdiqlənib. Nüfuzlu beynəlxalq qurumlar, o cümlədən NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, BMT Baş Məclisi və Təhlükəsizlik Şurası, İslam Konfransı Təşkilatı, eləcə də dünya dövlətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair öz mövqelərini bəyan ediblər”.

Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov mətbuata açıqlamasında deyib.

E.Məmmədov bildirib ki, münaqişənin həllinə dair beynəlxalq icmanın mövqeyi yekdildir və onun beynəlxalq hüquq normalarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsi prinsipi dəstəklənir. Onun fikrincə, başqa cür ola da bilməz və Ermənistanın vaxt udmaq üçün siyasi dövriyyəyə baxdıqları “xalqların öz müqəddəratını təyin etmək hüququ” məsələsi absurddur.

Deputat qeyd edib ki, ermənilər bir xalq kimi, beynəlxalq hüququn qeyd olunan prinsipinə əsasən vaxtilə öz müqəddəratlarını təyin edib və müstəqil dövlət olan Ermənistan Respublikasını yaradıb: “Dağlıq Qarabağda yaşayan ermənilər isə öz müqəddəratlarını sərbəst təyin etmək, müstəqil dövlət yaratmaq hüququna malik deyillər. Başqa sözlə, öz müqəddəratını təyinetmə hüququ onlara şamil oluna bilməz. Digər tərəfdən, Dağlıq Qarabağda baş verənləri Ermənistanın fəal hərbi dəstəyi ilə terrorçu-separatçı rejim törətmişdir. Deməli, düşmən qüvvələr Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına qəsd etmişlər.

Beynəlxalq hüququn öz müqəddəratını təyin etmək prinsipi isə suveren və müstəqil dövlətlərin parçalanmasına, ərazi bütövlüyünün və siyasi vahidliyinin pozulmasına gətirən hərəkatlara tətbiq olunmur. Azərbaycanın ərazi bütövlüyünü isə bütün beynəlxal sənədlər təsdiqləyir. Etiraf olunur ki, Dağlıq Qarabağ ermənilərinin separatçı əməlləri və Ermənistanın hərbi təcavüzü Azərbaycanın ərazi bütövlüyünü pozub. Ona görə də, erməni tərəfinin iddiaları əsassızdır”.

Cavad


Müəllif:

Oxşar xəbərlər