"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu son günlər ölkədə və regionda gündəmdə olan siyasi məsələlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
– Elxan bəy, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda ilk görüşü keçiriləcək. Bu görüşdən gözləntiniz nədən ibarətdir?
– Görüş əsasən energetika və nəqliyyat sferalarında əməkdaşlıq məsələsinə həsr olunacaq. Şimal-Cənub dəhlizi ilə bağlı geniş fikir mübadiləsi aparılacaq. Çünki bu dəmiryolunun işə düşməsi hər üç ölkənin maraqlarına cavab verir. Rusiyadan çıxan qatar Azərbaycan və İran üzərindən keçməklə Şərq ölkələrinə, Fars körfəzinə çıxış imkanı əldə edir. Həmçinin, əksinə, yəni İrandan çıxan mallar Azərbaycan və Rusiya üzərindən Avropa istiqamətinə yön ala bilirlər. Azərbaycan da bunda maraqlıdır. Çünki həm öz mallarını daşıyacaq, həm də tranzit statusu alacaq.
Bundan başqa ikitərəfli görüşlər də keçiriləcək. Prezident İlham Əliyev iranlı və rusiyalı həmkarları ilə müzakirələr aparacaq. Bizi daha çox Rusiya prezidenti Vladimir Putinlə keçiriləcək görüş maraqlandırır. Çünki bu görüşdə ola bilsin ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı fikir mübadiləsi aparılsın. Amma mən çox təəssüf ki, Rusiya hakimiyyətinin Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini hiss etmirəm. Yəni, Rusiya hakimiyyəti ilkin mərhələdə hələ də Ermənistan prezidentinə təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirmir. Biz bilirik ki, bundan sonra Putin geri qayıdacaq, bir gün sonra Sankt-Peterburqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Orda da böyük ehtimalla fikir mübadiləsi aparılacaq. Amma Ərdoğanı hazırda daha çox Rusiya ilə ikitərəfli münasibətlər mövzusu maraqlandırır və ən maraqlısı odur ki, bundan bir gün sonra Putin Moskvada Ermənistan prezidenti Sərkisyanla görüşəcək. Ola bilsin ki, bu görüşdə də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı qısa fikir mübadiləsi aparılsın. Amma bu saat Rusiyanı Ermənistandakı vəziyyət narahat edir. Onlar istəmirlər ki, Ermənistanda qarışıqlıq düşsün. Çünki bu qarşıqlıqdan qərbpərəst qüvvələr istifadə edə bilər. Ona görə də qarşıdakı 3-4 gün ərzində liderlər arasında xeyli görüş olsa da, Dağlıq Qarabağla bağlı qısa fikir mübadilələri aparılsa da, çox təəssüf ki, mən bu görüşlərin münaqişənin həllinə ciddi təsir edəcəyini ehtimal etmirəm.
– Bundan bir gün sonra Sankt-Peterburqda Rusiya prezidenti türkiyəli həmkarı ilə bir araya gələcək. Bu görüşdə əsasən hansı məsələlər diqqət mərkəzində olacaq?
– Bu görüşdə əsasən ikitərəfli məsələlər müzakirə olunacaq. Çünki Rusiya təyyarəsinin vurulmasından və münasibətlərin istiləşməsinə doğru yön alandan sonra liderlərin ilk görüşüdür. İlk görüşdə də münasibətlərin yenidən əvvəlki axarına qayıtmasına çalışacaqlar. Həm də Rusiya hakimiyyəti görür ki, Türkiyənin Amerika ilə münasibətləri getdikcə soyuyur. Çünki Amerika iyulun 15-də hərbi çevriliş cəhdində iştirak edərək, 300-ə yaxın insanın ölümündə günahkar olan terrorçubaşını Türkiyəyə təhvil vermir və iki dövlət arasında münasibətlər soyuyur. Rusiya da bundan öz məqsədləri üçün məharətlə istifadə edir. Təsadüfi deyil ki, çevrilişdən dərhal sonra Ərdoğana ilk zəng edən dünya lideri Vladimir Putin oldu. Putin bu durumdan istifadə edib Türkiyəni öz tərəfinə çəkmək istəyir. Bu baxımdan Ankara özü də maraqlıdır ki, Rusiya ilə əməkdaşlığı bərpa etsin, turistlər yenə də Türkiyəyə gəlsin, iqtisadi sferada əməkdaşlıq artsın, “Türk axını” layihəsinə yenidən start verilsin, Rusiya Türkiyədə nüvə elektrik mərkəzi tiksin. Bu baxımdan da görüşə həm Putin, həm də Ərdoğan çox böyük əhəmiyyət verirlər.
– Dediklərininzdən belə anlaşılır ki, Türkiyədə vəziyyət gərgin olduğu, Rusiya-Türkiyə münasibətlərinin isə yenicə normallaşdığı, müzakirə etməyə kifayət qədər məsələlər olduğu üçün görüş zamanı Qarabağ məsələsi çox da aktuallıq kəsb etməyəcək...
– Bəli, siz haqlısınız. Yəni, hər iki liderin gündəm mövzusu çox genişdir. Ola bilsin ki, bu mövzuda qısa bir fikir mübadiləsi aparılsın. Çünki Türkiyə münaqişənin həllini həm də ona görə istəyir ki, bölgədə bir inam atmosferi yaransın. Hətta, Türkiyənin müsbət təklifi odur ki, Ermənistan addım atarsa, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldarsa, nəinki Azərbaycan Ermənistanla kommunikasiya xətlərini açacaq, Türkiyə də bu prosesə qoşulub Ermənistanla kommunikasiya xətlərini, sərhədlərini açacaq, diplomatik münasibətlər quracaq. Yəni, Türkiyə kompleks yanaşmaya üstünlük verir ki, bu Azərbaycanın da maraqlarına cavab verir. Amma Rusiya bunda nə dərəcədə maraqlıdır? Bu hələ böyük sual olaraq qalır. Çünki bu, əslində Rusiyanın özünə də xeyirdir. Əgər indi Rusiya Türkiyə ilə tərəfdaş, Azərbaycanla isə strateji tərəfdaşdırsa demək, Bakı ilə Ankara Rusiyanın strateji müttəfiqlərinə də çevrilə bilərlər. Bir halda ki, Rusiya Ermənistana təzyiq edib dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirsin. Bu əslində Ermənistana da xeyirdir. Çünki bölgədə regional əməkdaşlığa zəmin yaradır. Amma çox təəssüf ki, Ermənistanda indiki qarışıqlıq vəziyyətində Sərkisyan yenə də əlində bir bəhanə tutub münaqişənin həlli istiqamətində heç bir addım atmayacaq. Rusiyanın da biz Ermənistana təsir göstərdiyini müşahidə etmirik. Ona görə də ola bilsin ki, Ərdoğanla Putin arasında Qarabağ məsələsi üzrə hansısa qısa fikir mübadiləsi olsun, amma bu görüşün 3-5 faizini təşkil edə bilər. Görüşün 90-95 faizini iqtisadi-ticarət və siyasi əlaqələrin bərpası məsələsi təşkil edəcək.
– Ancaq güman etmək olar ki, Sərkisyanla Putin arasında avqustun 10-da keçiriləcək görüşdə Qarabağ məsələsinə daha çox diqqət ayrılacaq...
– Bu saat Ermənistanda qarışıqlıqdır. Sərkisyanın mövqeyi xeyli zəifləyib. Növbəti toqquşmaların olacağı istisna deyil. Rusiya da bundan narahatdır. Qorxur ki, Ermənistan əlindən çıxa bilər. Çünki Sərkisyan onun bütün əmrlərini yerinə yetirir. Ermənistanda kimin hakimiyyətə gələcəyi Rusiyaya bəlli deyil. Ermənistan cəmiyyətinin bir hissəsi də Rusiyadan narazıdırlar. Bu baxımdan Sərkisyanla daha çox Ermənistan daxilindəki vəziyyət, gələcək hakimiyyətin forması müzakirə olunacaq. Çünki Ermənistanda konstitusiya dəyişiklikləri olub və artıq prezidentin səlahiyyətləri azaldılıb. Sərkisyanın məqsədi odur ki, öz partiyası parlament seçkilərində qələbə çalıb özü güclü bir baş nazir olsun, yaxud öz varisini yerləşdirsin. Ola bilsin ki, Putinlə Sərkisyanın görüşündə bu məsələlər müzakirə olunacaq.
Səxavət HƏMİD