“Azərbaycanda insan hüquq və azadlıqları elə yüksək səviyyəyə çatıb ki, artıq qanunlar deyil, Konstitusiya çərçivəsində həll olunmalıdır”.
Bunu Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
O vurğulayıb ki, bu gün dünyada heç bir dövlət deyə bilməz ki, tam hüquqi dövlətdir: “Mərhum Prezident Heydər Əliyev deyirdi ki, demokratiyanın başlanğıcı var, sonu yoxdur. Biz hüquqi dövlət quruculuğunda da ən yüksək səviyyəyə çatmaq üçün bu dəyişiklikləri həyata keçirməliyik. Xalqın iradəsinə cavab verməyən məsələləri qəbul etməməliyik. Bu referendum isə xalqın iradəsinə cavab verir və biz bunu həyata keçirməliyik”.
Z.Əsgərov bildirib ki, referendumda qəbul edilən məsələlər xalqın iradəsini əks etdirən məsələlər kimi əksini tapır: “Hər bir referendum aktı cəmiyyətin siyasi, iqtisadi barometridir. Referendum keçirilirsə, deməli, buna ehtiyac var, ehtiyac varsa, inkişaf var. Biz hüquqi dövlət quruculuğu prosesi çərçivəsində bu addımı atmalıyıq”.