21 Avqust 2016 21:36
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla strateji münasibətlərimizi daha da inkişaf etdiririk”

“Azərbaycan dövlətinə taxıl biçini zamanı Gürcüstana kömək əli uzatdığı üçün təşəkkürümü bildirirəm”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın kənd təsərrüfatı naziri Otar Danelia bildirib.

O. Danelia bu il taxıl biçini zamanı Gürcüstanın əlavə texnikaya ehtiyacı olduğunu qeyd edib: “Mən azərbaycanlı həmkarım Heydər Əsədovla danışdıqdan iki gün sonra bizim problemimiz həll olundu. Bizim kənd təsərrüfatı sahəsində münasibətlərimizdə böyük irəliləyiş var. Son bir neçə ildə Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdən bəhrələnərək, Gürcüstanda da kənd təsərrüfatını inkişaf etdirməyə çalışırıq”.

Kənd təsərrüfatı naziri iki ölkə arasında ixrac və idxalın artırılması üçün geniş imkanlar olduğunu vurğulayıb: “Biz bu məsələni azərbaycanlı həmkarımla bir neçə dəfə müzakirə etmişik. Biz həmçinin meliorasiya sahəsində də layihələr həyata keçirməyə çalışacağıq. Azərbaycanda bu sahədə müsbət inkişaf var və biz bu böyük təcrübədən yararlanmağa çalışacağıq. Onu da qeyd edim ki, son 10 ildə Gürcüstanda kənd təsərrüfatı prioritet sayılmırdı və 2013-cü ildən sonra biz yeni hakimiyyətin dəstəyi ilə kənd təsərrüfatı sahəsini inkişaf etdirməyə başladıq. Bundan sonra ölkə əhalisinin kənd təsərrüfatına marağı artdı və biz digər ölkələrlə olduğu kimi, Azərbaycanın təcrübəsindən də istifadə edərək bir-birimizə dəstək verdik. Biz Azərbaycanla strateji münasibətlərimizi daha da inkişaf etdiririk“.

Gürcü nazir Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı bölgələrdə kənd təsərrüfatının güclü inkişaf etdiyini bildirib: “Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə torpaqlar çox məhsuldardır. Onlar əkin-səpin işlərini, torpağın becərmə texnologiyasını daha yaxşı bilir və torpağın məhsuldarlığını yaxşılaşdırırlar. Biz kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün onlara kiçik faizli kredit verir və kənd təsərrüfatı ilə birgə sənayenin də inkişaf etdirilməsinə qrantlar veririk. Dövlətin həyata keçirdiyi sığorta proqramlarında azərbaycanlı fermerlər də iştirak edir”.


Müəllif:

Oxşar xəbərlər