25 Avqust 2016 16:45
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın tanınmış siyasətçiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısında Avropanın problemlərini müzakirə edəcəklər.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildiriblər ki, beşinci Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan və noyabrın 22-23-də Bosniya və Herseqovinada keçiriləcək toplantıda bu ölkənin Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Monteneqro Prezidenti Filip Vuyanoviç, Albaniya Prezidenti Buyar Nişani iştirak edəcəklər. Bundan başqa, Xorvatiya, Rumıniya, Sloveniya, Serbiya və Yunanıstanın da hazırkı dövlət başçılarının iştirakı gözlənilir. Ümumilikdə isə toplantıya Andorra, Belçika, Bolqarıstan, Amerika Birləşmiş Ştatları, Latviya, Fransa, Almaniya və digər ölkələr də daxil olmaqla 50-dən çox hazırkı və sabiq dövlət rəhbəri, nüfuzlu siyasətçilər qatılacaq. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və digər dini konfessiyaların rəhbərləri daxil olmaqla Azərbaycan nümayəndə heyətinin də iştirakı planlaşdırılır.

Toplantıda “Avropada sülh: hamı üçün qəbul olunan güclü birliyə necə nail olmaq mümkündür?” mövzusu çərçivəsində Bosniya və Herseqovinanın müstəqilliyinə həsr edilən Dayton sülh razılaşmasından keçən 20 il ərzindəki vəziyyət, Balkanlar üçün Avropa gələcəyinin mövcudluğu, Avropanın yeni xəritəsi, dünyaya necə Avropa lazımdır, Avropada multikulturalizmi bərpa etməyin yolları kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Tədbirdə Azərbaycanın multikulturalizminə, uzun illərə söykənən dinlərarası tolerantlıq təcrübəsinə və onun Avropa üçün əhəmiyyətinə dair çıxışlar da nəzərdə tutulub.

Toplantıda, həmçinin gələn il keçiriləcək beşinci Qlobal Bakı Forumuna hazırlıq məsələləri, forumun gündəliyi, onun yüksək səviyyədə keçirilməsi üçün tədbirlər müəyyənləşdiriləcək, növbəti hazırlıq iclaslarının yeri və vaxtı dəqiqləşdiriləcək.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər