Bu gün Biləsuvara səfər edən Azərbaycan Prezidenti İlham Əliyev bir neçə obyektin açılışında iştirak edib və önəmli açıqlamalar verib.
Teleqraf.com APA-ya istinadla bildirir ki, prezident Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib:
"Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq".
Ölkə başçısı buna görə də daxili resursların artırılmalı olduğunu bəyan edib: "Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir. Bizim çox böyük potensialımız var. Sadəcə olaraq, biz bu potensialdan 100 faiz istifadə etməliyik. Sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, sahibkarlıq, şəffaflıq inkişaf etməlidir. Kənd təsərrüfatının digər sahələri də inkişaf etməlidir. Emal sənayesi - burada artıq bir neçə emal müəssisəsi var. Bu işlər daha da sürətlə getməlidir. İndi sahibkarlığın inkişafı üçün əlavə şərait yaradılır, islahatlar aparılır".
Prezident deyib ki, sahibkarlar aparılan islahatlara çox müsbət reaksiya verirlər: "İnvestisiya artır, təşviq mexanizmi icra edilir. İxrac potensialımız artır. Biz bütün bunları etməliyik ki, neftdən asılılığımızı tamamilə aradan götürək. Bu layihələri icra etdikcə əlbəttə ki, bizim daha da çox maliyyə imkanımız olacaq.
Biz bu maliyyə imkanlarımızı da sosial layihələrə yönəldəcəyik - xəstəxanaların, məktəblərin, yolların tikintisi, köçkünlərin problemlərinin həlli. Biləsuvar rayonunda minlərlə məcburi köçkün yerləşir. Onların problemləri də həll olunur və həll olunacaq. Beləliklə, ölkəmiz uğurla inkişaf edəcək. Regionlar inkişaf etdikcə ölkə də güclənəcək və biz həmişə ancaq daxili resurslara arxalanmalıyıq.
Bu gün səhiyyə sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi işi demək olar ki, başa çatır. Son 13 il ərzində 600-dən çox tibb ocağı yenidən qurulub, tikilib. Bu, səhiyyə sistemimizin inkişafı üçün çox böyük uğurdur, böyük nailiyyətdir və nəticədir.
Bir neçə rayonda işlər davam etdirilir, o cümlədən bu yaxınlarda Masallıda xəstəxana istifadəyə veriləcək. İndi əsas məsələ ondan ibarətdir ki, insanlara keyfiyyətli xidmət, qayğı göstərilsin. Bu istiqamətdə də işlər gedir.
Əminəm, yeni müasir avadanlıqla işləyə bilən həkimlər də təcrübə toplayıblar, kurslar keçiblər ki, xəstələrə yaxşı xidmət göstərsinlər. hər bir vətəndaş ildə bir dəfə diaqnostikadan keçməlidir, xüsusilə indiki şəraitdə ki, bütün imkanlar var. İndi həkimlərin tövsiyəsi ilə hər bir vətəndaş özünə yaxşı baxmalıdır. Bu, ilk növbədə vətəndaşın özünə lazımdır.
Digər tərəfdən, Azərbaycan xalqı daha da sağlam olmalıdır. Xüsusilə bizim veteranlarımız, uşaqlarımız, gənc nəsil sağlam olmalıdır. Bu xəstəxanaların tikintisi bu məqsədi güdür".