“ABŞ Konrqesində Azərbaycanda insan haqları və demokratiyanın durumu ilə bağlı dinləmələrin “Azərbaycan naminə” olduğuna şübhə edirəm. Əgər dinləməni təşkil edənlərin içərisində erməni lobbisinin təsiri altında olan şəxslər çoxluq təşkil edirsə, belələrinin dinləmələri Azərbaycanda insan haqları və demokratiya naminə həyata keçirdiklərinə inanmıram”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ABŞ Konrqesində Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı dinləmələrə münasibət bildirərkən deyib.
Onun fikrincə, əsl məqsəd Azərbaycanda insan haqları və demokratiyanın bərqərarı deyil, Azərbaycanın tamamını - iqtidarlı və müxalifətli zəif durumda saxlamaq, ölkəmizin Ermənistan üzərindəki üstünlüyünü artırmasına, Dağlıq Qarabağı nəzarətə götürməsinə mane olmaqdır: “Əgər həmin konqresmenlər bu qədər ədalətlidirlərsə, onda Əbülfəz Elçibəyin prezidentliyi dövründə niyə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq edirdilər, axı o zaman insan haqları və demokratiya ilə bağlı Vaşinqtonun Bakıya hər hansı iradı yox idi? Çünki həmin konqresmenləri Azərbaycanda insan haqları və demokratiya yox, Ermənistanın işğalçı siyasətini müdafiə etmək düşündürürdü. Bu müddətdə dəyişən bir şey yoxdur. Azərbaycan hakimiyyətinin tənqidçiləri Ricard Koçlariç və Devid Kramer öz fikirlərini ifadə edirlər, bunu kimsə onlara qadağan edə bilməz, ancaq digər tənqidçi rolunda çıxış edən amerikalı konqresmenlərin əksəriyyətinin Azərbaycanı tənqid etmələrində səmimiyyət azdır. Azərbaycanda nə dəyişiklik baş verəcəksə, bu daxildəki qüvvələrin siyasi iradəsinin hesabına mümkün olacaq. Həmin dəyişikliklər – siyasi və iqtisadi islahatların sürətləndirilməsi bizə lazımdır, amerikalı konqresmenlərə yox!”
Politoloq rəsmi Vaşinqtonun Azərbaycanda inqilabda maraqlı olduğuna inanmadığını söyləyib: “Çünki Azərbaycanda inqilab bizi həm daxildən parçalayacaq, həm də qonşuluğumuzdakı qüvvələrin maraqlarına cavab verəcək. Həmin qüvvələr isə anti-Amerika mahiyyətlidir. Buna görə də Vaşinqton Azərbaycanı içəridən qarışdırmaqda niyə maraqlı olsun ki? Ancaq amerikalı bir qrup konqresmenin Dövlət Departamenti və Ağ Ev rəsmiləri kimi düşündüyünü zənn etmirəm. Onlar “Azərbaycan üçün nə qədər pisdirsə, bizim üçün (erməni lobbisi) və Ermənistan üçün bir o qədər yaxşıdır” prinsipindən çıxış edirlər. Razıyam ki, insan haqları hansısa ölkənin daxili işi deyil Beynəlxalq təşkilatlar məhz onun üçündür ki, gərəkli anlarda ölkə hakimiyyətinə demokratiya və insan haqları siyasətini korrektə etmələri ilə bağlı tövsiyələrini versinlər, məruzəçi təyin etsinlər, hesabat hazırlasınlar”.
Kəmalə