Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, uzun müddət ABŞ-da yaşamış Elxan Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb:
-ABŞ-da prezident seçkilərinə 2 aydan az vaxt qalıb, hazırki seçkiqabağı kampaniyanı necə qiymətləndirirsiniz?
-Dünya və amerikalılar son 100 ildə prezident seçkilərinin ən dramatik səhnəsi ilə üzləşib. Bir tərəfdə Hillari Klintonun ənənəvi platforması var. O, mövcud elitanı təmsil edir, hamı üçün məlum və çoxlarının qəbul etdiyi fiqurdur. Digər tərəfdə isə həm öz partiyası daxilində ziddiyyətlərlə üzləşən və güclə partiyanın namizədi kimi seçkilərə çıxan, ABŞ-ın demokratiya, qanunun aliliyi, bərabərlik dəyərlərinə uyğun gəlməyən bəyanatları ilə məşhur olan Donald Tramp fenomeni var.
ABŞ-ın məşhur KİV-ləri Trampa qarşı böyük kampaniya aparır. Respublikaçılar Partiyası daxilində bir qisim ona qarşı çıxır, digər qisim isə partiyanı biabır etməmək xətrinə susmağa üstünlük verir. Hazırda partiya daxilində böyük narazılıq hökm sürür.
Trampın uğurlarının səbəblərinə də diqqət yetirməliyik. Amerika cəmiyyəti həmişə dəyişiklik istəyir, yeni simaların üzə çıxmasında maraqlıdır. Donald Tramp nə qədər irqi mövqe dayansa da, müsəlman, meksikalı və ispan azlıqlara qarşı ürəyindən keçən fikirləri gizlətmədən açıq bəyan etsə də, o, böyük uğur qazanıb. Son sorğular da göstərir ki, reytinqdə Tramp Klintonla çiyin-çiyinə gedir. Amerika ilə az-çox tanış adam kimi müşahidələrim göstərir ki, ABŞ xalqı dəyişim istəyir və Trampın çıxışlarını bəyənir.
11 sentyabr və son terror aktlarından sonrakı vəziyyət, ABŞ-ın iqtisadi durumu onun bəyanatları ilə səsləşir. Xalqın böyük qismi onun fikirlərini qəbul edir, dəstəkləyir.
Klintonun isə təcrübəsi, talantı, natiqliyi ilə üstündür, o biri yandan, cəmiyyətin böyük hissəsi ənənəvi Bill Klinton-Barak Obama siyasətinin davam edəcəyini düşünür və bu da ona əlverişsiz vəziyyət yaradır. Tramp yeni şəxsdir, çox güclü biznesmendir. Amerika xalqını daha çox iş yerləri maraqlandırır, o isə milyarderdir, iş bacarığına sahibdir, xalq iş yerlərinin açılacağına inanır. Bu baxımdan Trampın da şansı az deyil. Bir sözlə, hər iki tərəfin müəyyən üstünlükləri mövcuddur.
-Demokratlar Partiyasının namizədi Hillari Klinton pnevmoniya tutmasından sonra seçkiqabağı kampaniyanı davam etdirməyə hazır olduğunu bəyan elədi. Sizcə, Klintonun xəstəliyi onun reytinqinə necə təsir edəcək?
-Təbii ki, mənfi faktordur. Klinton xəstəliyinin ciddi olmadığını qəbul etdirməyə çalışsa da, dövlət katibi vəzifəsində çalışanda da çox işlədiyindən bu cür duruma düşmüşdü, bir müddət xəstəxanada yatmışdı. Bu isə göstərir ki, onun uzun müddət işləməyə enerjisi çatmır. İndi gərgin seçki kampaniyasının təsiri altında yenidən bu hala düşüb. ABŞ-da bu məsələlər çox həssaslıqla qarşılanır.
-Klinton vaxtilə dövlət katibi olanda bağırsaq infeksiyası keçirib, susuzluq səbəbindən huşunu itirib, yıxılaraq hətta beyin silkələnməsinə məruz qalıb. ABŞ-da seçki kampaniyası dövründə namizədin səhhətinin, fiziki və psixoloji hazırlığının necə əhəmiyyətli olduğu nəzərə alınsa, sizcə, Klinton bu amilin əleyhinə işləyəcəyini düşünmürdümü?
- Əlbəttə, bu faktoru da nəzərə alır, ancaq prezidentlik arzusu, görünür, hər şeyi üstələyir...
- Donald Trampın çıxışlarına münasibətdə onun psixi problemli olduğu iddiaları da irəli sürülür. Bu faktorlar seçkinin taleyini dəyişə bilər?
-Fikrimcə, Hillari Klintonun sağlıq durumu belə davam edərsə, bu onun reytinqinə bir az da mənfi təsir edəcək. Klinton çox böyük intellektual gücə sahibdir. Önümüzdə iki namizədin üç dəfə üz-üzə gələcəyi debatlar olacaq. Seçkilərin taleyini Klintonla Tramp arasındakı həmin debatlar həll edəcək.
Əgər debatlarda Klinton ənənəvi siyasətin aparıcısı rolunda çıxış etsə,Tramp isə tamamilə yeniliyin və yeni siyasətin müdafiəçisi olsa, tarazlıq dəyişəcək. Təbii, kim daha çox pul və tərəfdar toplayıbsa, qalib də o olacaq.
-Prezident Barak Obamanın Donald Trampı kəskin tənqid etməsi və açıq şəkildə Klintona dəstək verməsi seçkinin nəticələrinə təsir edəcək?
- 2000-ci ildə mübarizə Corc Buşla Albert Qor arasında gedirdi, o zaman Amerikada idim, çox mübahisəli vəziyyət yaranmışdı. Onda prezident Bill Klinton idi, heç kəsin tərəfini tutmadı, Qorun lehinə çıxışlar etmədi, meydanlarda və ya mübahisəli vəziyyətlərdə tamamə neytral qaldı.
Ancaq indi Barak Obamanın birbaşa prosesə qoşulmasında başqa məqamlar var. O, həm özünün Klintonlara olan borcunu yerinə yetirməyə çalışır, həm də partiyasının namizədini dəstəkləyir. Bu dəstəyin Klintona nə dərəcədə xal gətirəcəyini bilmək olmaz. Çünki Amerika xalqı eyni siyasətin davam etməsinə çox maraq göstərmir. Klinton Obama siyasətinin davamçısı kimi qəbul edilərsə, onun şansları azalacaq. Amerikalılar həmişə dəyişikliyi xoşlayır.
-Donald Trampın namizədliyində Rusiyanın izi olduğu fikirləri də mətbuata çıxır. Tramp Rusiya prezidenti Vladimir Putinlə münasibətləri yaxşılaşdıracağını, prezident seçiləcəyi təqdirdə Krımın Rusiya tərkibində qalması və sanksiyaların götürülməsi məsələsinə yenidən baxacağını açıqlayıb. Hətta Putinin çıxışlarından birində onu dahi adlandırdığını söyləyib. Rusiya hansı namizədin prezident kürsüsünə çıxmasında maraqlıdır və bu ölkənin ABŞ seçkilərinə müdaxiləsini mümkün sayırsınız?
-Bu versiya Amerika mətbuatında hallanır, o haqda televiziyalarda verilişlər də hazırlanır. Əvvəlki seçkiləri nəzərə salsaq, orada heç bir rus faktoru rol oynamayıb. İndiki seçkilərdəsə Putin və Rusiyanın adı tez-tez çəkilir. Trampa qarşı bu faktordan çox istifadə edilir.
Tramp sübut edib ki, qeyri-standart şəxsiyyətdir, amerikalıların maraqlarını nəzərə almaqla hərəkət edəcəyini nümayiş elətdirir. Düşünür ki, Rusiya ilə yaxşı münasibətlər qurmaq ABŞ-ın maraqlarına daha uyğundur. Tramp Avropadakı NATO müttəfiqləri, yaxud NATO üzvü olmayan Ukraynaya görə Rusiya ilə münasibətləri pozmaq siyasətini qəbul etmir.
Onu da nəzərə almaq lazımdır ki, Tramp prezident seçilərsə, dediklərinin hamısını yüzdə-yüz həyata keçirməyəcək, çünki müəyyən qəlibləşmiş, strukturlaşmış Amerika xarici siyasətinin çərçivəsindən kənara çıxmaq mümkün deyil. Lakin istənilən halda qeyri-standart davranışlarla müəyyən dəngələri pozacaq.
-Dünya ölkələrində keçirilən seçkilərdə, hakimiyyət dəyişikliyində iriçaplı şirkətlərin rolu tez-tez qabardılır. ABŞ-ın nüfuzlu şirkətləri kimi prezident görmək istəyir?
-Ayrı-ayrı şirkətlər müxtəlif yollarla namizədlərə pul buraxırlar. Ancaq açıq şəkildə edə bilmirlər, çünki seçki kampaniyasına pul yardımı üçün müəyyən limit qoyulub. Ona görə də başqa fərdlərin adı ilə pul ayırırlar.
Bundan başqa, KİV vasitəsilə təşviqat aparılır. Təbliğat olmadan qalib gəlmək çətindir. Amerikada şirkətlərin kimə pul ayırdığını hamı bilir, ancaq əllərində dəqiq fakt yoxdur deyə qəzetlərdə yayımlanmır. İddia təsdiqlənməzsə, həmin KİV cəza alar. Bütün hallarda həmişə seçkilərdə maliyyə şirkətləri öz namizədlərini müdafiə edirlər.
Nərgiz Ehlamqızı