19 Sentyabr 2016 15:29
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (AECR) Şurasının sentyabrın 16-18-də Praqada keçirilən payız iclasında Türkiyədə avqustun 15-də və daha sonra baş verən hadisələr, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun nəticələri, ABŞ-Avropa İttifaqı (Aİ) münasibətləri və miqrant problemi müzakirə olunub.

İclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də iştirak edib.

BAXCP sədri Teleqraf.com-a açıqlamasında bildirib ki, AECR üzvü olan partiyaların təmsilçiləri Türkiyədə qiyama cəhddən sonra baş verən hadisələri qurumun Reykyavik bəyyannaməsinin prinsiplərinə zidd fəaliyyət kimi dəyərləndiriblər, bu ölkədə demokratiya və insan haqları ilə bağlı problemlərin olduğunu vurğulayıblar. Lüksemburqdan olan nümayəndələr isə Türkiyənin AECR-dəki iştirakının dayandırılması iddiası ilə çıxış ediblər.

Alyansın prezidenti Yan Zahradil Türkiyənin hakim partiyasını təmsil edən səlahiyyətli üzvlərin toplantıda iştirak etmədiyini əsas gətirərək bu məsələnin müzakirəsinin 2017-ci ilin mart ayında Albaniyanın paytaxtı Tiranada keçirilən toplantıya saxlanılmasının məqsədəuyğun olduğunu vurğulayıb. Yan Zahradil eyni zamanda qeyd edib ki, AECR üzvü olan hər hansı bir partiyanın iştirakına son verilməsi Alyansın prinsiplərinə ziddir.

Qüdrət Həsənquliyevin sözlərinə görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun nəticəsi də ciddi müzakirələrə səbəb olub. Avropa İttifaqına daxil olan ölkələri təmsil edən partiyaların təmsilçiləri bununla bağlı narahatlıqlarını bildiriblər. Lakin qeyd olunub ki, Böyük Britaniya vətəndaşlarının seçiminə hörmətlə yanaşmaq lazımdır.

ABŞ-Aİ münasibətlərinin mövcud durumu ilə bağlı müzakirələr də kifayət qədər gərgin keçib. Birləşmiş Ştatları təmsil edən ekspertlər Aİ-yə üzv dövlətlərin və İttifaqın mərkəzi hakimiyyət orqanlarının sərgilədikləri mövqedən narahatlıqlarını ifadə ediblər. Qeyd olunub ki, ABŞ NATO üzrə xərclərin 75 faizini çəkdiyi halda, Aİ-yə üzv olan dövlətlər öz təhlükəsizliklərinin təmin olunması üçün Ümumdaxili Məhsullarının (ÜDM) 2 faizini belə Alyansın saxlanılmasına ayırmaq istəmirlər. ABŞ-dan olan ekspertlər Aİ-nin silahlı qüvvələrinin yaradılması ilə bağlı təşəbbüslərdən də narazı qaldıqlarını bildiriblər. Onların qənaətinə görə, belə bir addım NATO-ya sarsıdıcı zərbə vura bilər, eyni zamanda ÜDM-lərinin 2 faizini müdafiə xərclərinə ayırmaq istəməyən dövlətlərin Aİ-nin silahlı qüvvələrini yarada biləcəyi inandırıcı deyil.

BAXCP sədri toplantıda miqrantlarla bağlı müzakirələrin də gərgin şəraitdə keçdiyini bildirib. O, qeyd edib ki, bu məsələnin müzakirəsində Aİ üzvü olan kiçik dövlətləri təmsil edən partiyaların nümayəndələri daha kəskin çıxışlar ediblər. Onlar Aİ-nin qaçqınlara miqrantlara yardım etməsinin əleyhinə olduqlarını bildiriblər. Avstarliyanın sabiq baş naziri Fon Abbat isə öz çıxışında miqrantlarla bağlı ciddi etiraza səbəb olan təşəbbüslə çıxış edib. Sabiq baş nazir ölkəsinin təcrübəsindən çıxış edərərk bildirib ki, miqrantları daşıyan və Aİ sahillərinə yaxınlaşan bütün gəmi və qayıqlar zorla geri qaytarılmalıdır. Fon Abbatın çıxışına etiraz edən BAXCP sədri deyib ki, Avstrarliyaya yaxşı həyat üçün gələn indoneziyalı miqrantlarla Suriyadan, İraqdan həyatlarını qorumaq üçün qaçan insanları eyniləşdirmək yolverilməzdir.

BAXCP sədri və Türkiyənin Ədalət və İnkişaf Partiyasının toplantıdakı yeganə təmsilçisi Avropa İttifaqının üzvü olan kiçik dövlətlərin miqrantlara münasibətdə aqressiv mövqe tutmalarını da kəskin şəkildə pisləyiblər. Qeyd olunub ki, miqrant problemi Qərb dövlətlərinin İraqa, Suriyaya və digər ölkələrə müdaxiləsi nəticəsində yaranıb. Avropa İttifaqına üzv olan cırtdan dövlətlər hər hansı bir müharibə təhlükəsi ilə qarşı-qarşı qalmadıqları halda İttifaqdan hər il 1 milyard avrodan artıq yardım alırlar. Bu ölkələrin təmsilçilərinin ölüm təhlükəsi ilə üz-üzə qalan insanlara yardım edilməsinə etiraz bildirmələri isə deqrodasiyanın son həddidir. Eyni zamanda qeyd olunub ki, Aİ çırdan dövlətlərə hər il 1 malyard avro yardım etdiyi halda Suriyadan olan qaçqınlara qucaq açmış Türkiyəyə vəd etdiyi 3 milyard avroluq yardımla bağlı öhdəliyini hələ də yerinə yetirməyib.


Müəllif:

Oxşar xəbərlər