Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub.
Mətbuat Şurasından Teleqraf.com-a verilən məlumata görə, görüş Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparmaq məqsədi daşıyıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, hər iki ölkə mediası Azərbaycan və Türkiyənin ortaq maraqlarından çıxış edərək fəaliyyət göstərməkdədir. Lakin götürülmüş kursun davamına, yeni birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə ehtiyac da duyulmaqdadır.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz də eyni fikri bölüşərək bildirib ki, Türkiyədə bu il iyulun 15-də həyata keçirilmiş dövlət çevrilişi cəhdi Azərbaycan KİV-lərində qətiyyətlə pislənildi. Belə mövqenin nümayişinin son dərəcə vacib əhəmiyyət daşıdığını vurğulayan Hamit Karadeniz əlavə edib ki, Fətullah Gülən tərəfindən idarə olunan terrorçu qruplaşmaların gerçəkləşdirmək istədikləri məkrli plan Türkiyənin dövlətçilik maraqlarına ciddi təhdid idi.
Görüşdə terrorun doğurduğu nəticələr, dini cərəyan və sektaların dövlətçilik maraqlarına vurduğu zərbə və sair mövzuların Azərbaycanın və Türkiyənin media qurumlarının, jurnalistlərinin ortaq toplantısında müzakirəyə çıxarılmasının zəruriliyi təklif edilib.
Bu istiqamətdə təşkilati və texniki işlərə başlanılması məqbul sayılıb.
Səxavət