24 Sentyabr 2016 10:28
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupu nazirlərinin “İnkluziv dialoqun təşviqi ilə ksenofobiyaya qarşı mübarizə” mövzusunda görüşündə çıxış edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanın BMT Sivilizasiyalar Alyansının fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə istənilən zəruri töhfəni verməyə hazır olduğunu bildirib. Nazir qeyd edib ki, din və etiqadla bağlı qeyri-tolerantlıq, ayrıseçkilik və zorakılığın artdığı müasir dünyada mədəniyyətlər və dinlərarası dialoq tolerantlıq, davamlı sülh, sabitlik və inkişafı təşviq edən ən önəmli vasitələrdən birinə çevrilib.

Onun sözlərinə görə, bu xüsusda, BMT-nin Sivilizasiyalar Alyansı ölkələr, mədəniyyətlər və sivilizasiyalar boyu tolerantlıq, sülh və daha yaxşı anlaşmanın təşviqi üçün qlobal dialoq və əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayır: “Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verir. Multikulturalizm və tolerantlıq mənim ölkəmdə cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir. Əsrlər boyu müxtəlif millətlər və dinlərə mənsub insanlar Azərbaycanda sülh içərisində və ləyaqətlə yaşayıblar. 2016-cı il Azərbaycan Prezidenti tərəfindən “Azərbaycanda multikulturalizm ili” elan edilib. Nəticədə, milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlanıb.

25-27 aprel 2016-cı ildə Azərbaycan BMT Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmuş 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 147 ölkədən 4 mindən artıq iştirakçı qatılıb. Forumun mövzuları davamlı inkişaf üçün inkluziv cəmiyyətlərin əsas komponent kimi təşviq edilməsinin də daxil olduğu Davamlı İnkişaf üzrə 2030 Gündəliyini özündə əks etdirib. Fürsətdən istifadə edərək, mən adıçəkilən Forumun təşkilatçı və iştirakçılarına təşəkkür etmək istərdim.
Forumun əsas nəticəsi Bakı Bəyannaməsi oldu. Bu bəyannamə ayrıseçkilik, düşmənçilik və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınadı və üzv dövlətləri zorakı ektremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı”.

E.Məmmədyarov bildirib ki, Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün beynəlxalq dialoq və multikulturalizmin zorakılıq, ekstremizm və ksenofobiyaya qaşı mübarizə vasitəsi kimi təşviqində əsas rəhbər prinsipə çevrilməlidir: “İnkluziv cəmiyyətlərin yaradılması və inkişafında gənclərin xüsusi rolunu qəbul edərək, Forum çərçivəsində 150-dən artıq gəncin iştirak etdiyi BMT Sivilizasiyalar Alyansının Gənclər Tədbiri də keçirilib”.

Nazir qeyd edib ki, gələn ilin aprel ayında Azərbaycan Bakı Prosesi çərçivəsində 2011-ci ildən etibarən hər iki ildən bir keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq üzrə 4-cü Dünya Forumuna ev sahibliyi edəcək: “Biz bütün tərəfdaşlarımızı və maraqlı tərəfləri adıçəkilən tədbirdə fəal iştirak etməyə dəvət edirik. Mən həmçinin yüksək səviyyəli əməkdaşlıq təcrübəsinə əsaslanaraq, bu yaxınlarda Azərbaycan Hökumətinin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə “Mədəniyyətlərarasə Dialoq üzrə Bakı – Sivilizasiyalar Alyansı mükafatı” adlı yeni layihə ilə bağlı razılığa gəlməsini də qeyd etməkdən şadam.

Mən də əvvəlki natiqlərin fikirlərinə şərik çıxaraq bildirmək istərdim ki, qaçqın və miqrantların kütləvi şəkildə yerdəyişməsi kontekstində mədəniyyətlərarası dialoq, dözümlülüyün təşviq edilməsi və zorakı ekstremizmin qarşısının alınması daha artan əhəmiyyət qazanıb. Etnik təmizləmə nəticəsində öz evindən didərgin düşmüş bir milyondan artıq məcburi köçkün və qaçqınlara malik olan Azərbaycan bu problemi daha yaxından başa düşür. Qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasının təmin olunması beynəlxalq səylərin mərkəzində olmalıdır.

Yekun olaraq, mən əvvəlki tədbirlər kimi bugunkü görüşün də etimadsızlıq, yanlış mülahizələr və nifrətə qarşı mübarizə və dialoq, qarşılıqlı hörmət və anlaşmanın təşviqi üzrə birgə səylərə uğurlu töhfə verəcəyinə əminliyimi ifadə edirəm”.

Səxavət


Müəllif: