Dünyanın demokratik ölkələrində hüququn təməlini konstitusiya təşkil edir. Cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatını istiqamətləndirən bütün digər qanunlar Konstitusiya müddəalarına əsaslanmaqla hazırlanıb qəbul edilir. Məhz Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyənləşdirir, öz ali dəyəri kimi ideoloji doqma və məqsədləri deyil, insan hüquqlarının müdafiəsini rəhbər tutur. Tarixə Ümummilli liderin Konstitusiyası kimi daxil olan Əsas Qanunumuz dövlətçiliyimizi qorumağı, Vətəni sevmənin aliliyini və zəruriliyini bir daha dərk etdirir, dövlətə, xalqa qarşı xəyanətkarlığın bağışlanmazlığını, sayıqlığın qanuniliyini bəyan edir. Qeyd olunmalıdır ki, ölkəmizin bəşəri dəyərlərə söykənən, hüququn aliliyinin təmin edildiyi bir dövlətə çevrilməsi üçün bu siyasi-hüquqi sənəd, həm də cəmiyyətin və dövlətin strukturunda baş verən ciddi keyfiyyət dəyişikliklərini özündə əks etdirmək üçün daim yenilənməli və günün tələblərinə cavab verməlidir. Ona görə də ulu öndər Heydər Əliyevin 22 iyun 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılması qərara alındı. 24 avqust 2002-ci il tarixində Azərbaycan xalqı referendum yolu ilə Konstitusiyanın 24 maddəsində müvafiq dəyişikliklər edilməsinə səs verərək qəbul etdi.
Zaman dəyişir. Həm beynəlxalq aləmdə, həm də ölkə daxilində elə proseslər baş verir ki, hətta yaxın keçmişdə onları proqnozlaşdırmaq belə, aktual məsələ hesab edilmirdi. Optimist olan hər kəs başa düşür ki, yaşadığımız dünyanın reallıqları var və hər şey bu reallıqlar çərçivəsində dəyərləndirilməlidir. Əvvala dünya artıq qloballaşıb, sanki yenidən bölüşdürülür və faktiki olaraq həyatın bütün sahələrini əhatə edən dəyişiklikləri, az qala hər gün hiss edirik. Onun istənilən guşəsində baş verənlər anında geniş ictimaiyyətin nəzərinə çatdırılır. Bu informasiya heç də qüsursuz ötürülmür və bu qüsur bəzi dairələrin maraq çərçivəsinə uyğunlaşdırılaraq bilərəkdən reallıq kimi təqdim olunur. Bəzi dairələr dedikdə isə dünyada əsas söz sahibi olan ölkələrin idarəediciləri və onların maraqları nəzərdə tutulur. Onların maraq dairələrində ilk növbədə iqtisadi-siyasi amillər və dini təəssübkeşlik aydınca görünür. Beləliklə, Azərbaycan acgöz və qərəzli maraqların, ikili standartların reallığı ilə üzbəüz qalır.
Ötən dövrə nəzər salsaq aydınca görünür ki, ən ağır günlərində siyasət dahisi, ümummilli lider Heydər Əliyev tərəfindən tam parçalanmaq və tam işğal olunmaq təhlükəsindən, Dağlıq Qarabağ və ətrafındakı rayonlar qismində yara alaraq, xilas edilən Azərbaycan yenidən inşa olunmağa başladı. Ümumilli liderin rəhbərliyi altında aparılan son dərəcə gərgin fəaliyyətin nəticəsində Azərbaycan xalqının taleyilə bağlı pərdəarxası oyunlara, siyasi anarxiya və ekstremizmə son qoyuldu. Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdülərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıldı.
Azərbaycan xalqı şanslıdır ona görə ki, Ümummilli liderdən sonra hakimiyyətə siyasi cəhətdən yetkin, işgüzar, yaradıcı, bacarıqlı, qətiyyətli, humanist və vətənpərvər bir şəxsiyyət gəldi. Söhbət müasir Azərbaycanın qurucusundan, qətiyyətli və humanist möhtərəm prezidentimiz İlham Əliyevdən gedir. Obrazlı dillə desək cənab İlham Əliyevin damarlarından böyük alim Zərifə xanımın humanistliyi, ulu öndər, böyük dövlət xadimi Heydər Əliyevin qətiyyəti axır. Cənab Prezidentimiz bütün kriteriyalar üzrə yeganə liderdir ki, təmkini, qətiyyəti, bacarığı və təvazökarlığı ilə bir örnəkdir. Azərbaycan ərazi etibarilə kiçik bir ölkə olsa da, onun dünya siyasətçiləri arasında sayılıb seçilən, nüfuzu olan, bütün çağırışlara xalqın və dövlətin milli maraqlarından çıxış edərək cavab verən lideri və başçısı var.
Möhtərəm prezidentimiz cənab İlham Əliyev uğurlu və hərtərəfli xarici və daxili siyasət həyata keçirir. Azərbaycanı istehlakçı ölkədən, addım-adım istehsal və ixracatçı ölkə səviyyəsinə qaldırır. Cəmiyyətin bütün təbəqələrinin maraqlarını daima diqqət mərkəzində saxlayır. Balanslaşdırılmış xarici siyasət həyata keçirməklə bu qəliz coğrafiyada Azərbaycanın müstəqilliyini qoruyur, möhkəmləndirir və onu dönməz edir.
Burada məşhur bir deyimi xatırlatmaq istəyirəm. Adama bəzən elə gəlir ki, ölkənin liderini insanlar seçirlər və məsələ sadəcə insanların səslərinin hesablanması ilə həll edilir. Səs verməyə insanlar səs verirlər, amma seçimi Zaman edir. Odur ki, bu ağır yükdən yayınmaq nəinki olmur, omaz da. Zaman möhtərəm prezidentimizin çiyinlərinə çox ağır bir yük qoydu. O isə bu çətin, həm də çox məsuliyyətli vəzifənin öhdəsindən şərəflə gəlir. Möhtərəm prezidentimizin rəhbərliyi ilə həyatın bütün sahələrində inkişafa göz yummaq, onu görməzdən gəlmək ancaq xudbinlərin işi olar. Ölkədə insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işləri görməmək, ancaq Azərbaycanı sevməyənlərin nəsibidir. Dünyada baş verən dərin iqtisadi-siyasi, hərbi böhran zamanı Azərbaycanın sabit inkişaf xətti hətta ölkə rəhbərinin opponentləri tərəfindən qəbul edilir. İndi Azərbaycan keyfiyyətcə iqtisadi-siyasi-hüquqi inkişaf xəttinə qədəm qoymalıdır. Məhz bu səbəb Əsas Qanuna dəyişikliklər edilməsini zəruri edir.
Ulu öndərin rəhbərliyi ilə hazırlanıb ərsəyə gətirilmiş, 1995-ci il 12 noyabr tarixində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi, ali qanunlarından biridir. Bu da reallıqdır ki, daim yenilənən, qloballaşan dünyada, Konstitusiyalar da yenilənməli, müasir hüquqi münasibətlərə adekvat olmalıdır. Bütün bunları həyata keçirmək, dövlətimizi və hüquq sistemimizi inkişaf etdirmək, onları keyfiyyətcə yeni mərhələyə çatdırmaq üçün ən etibarlı yol Ulu öndərin siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin təşəbbüsü ilə, ictimai reallıqdan irəli gələn Konstitusiya dəyişikliklərinə səs verməkdir. Konstitusiyamıza təklif edilən, əsasən insan hüquqlarının daha etibarlı təminatı, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, iqtisadi və sosial sferada inkişafı dayanıqlı etmək sahəsində ümumiləşdirilən dəyişiklik layihəsi cəmiyyətimizin, dövlətimizin maraqlarına, günün reallıqlarına cavab verir. Demokratiya və insan hüquqları bir-birilə sıx əlaqəlidir. Demokratiya insan hüquqları sisteminə daxil olan siyasi, iqtisadi və mədəni hüquqlar olmadan, bu hüquqlar isə demokratiya olmadan mümkün olmur. Ölkəmizdə keçiriləcək referendum məhz bu məqsədə xidmət edir.
Azərbaycan Respublikası dünya birliyinin fəal üzvü olduğunu, insan hüququ və azadlıqlarına böyük diqqət yetirdiyini 200-dən artıq beynəlxalq müqavilənin iştirakçısı olmaqla və həmin həmin müqavilələrdən irəli gələn vəzifələri dönmədən yerinə yetirməklə sübut edir. Referendum məhz həmin vəzifələri daha üstün formada yerinə yetirməyə yönəlik dəyişiklikləri qəbul etmək üçün zəruridir.
Hüquqi islahatlar hər şeydən əvvəl qanunların keyfiyyətinin yaxşılaşdırılmasına və icrasının təmin edilməsinə yönəlmiş kompleks fəaliyyətdir. Ümumxalq səsverməsi də məhz bu fəaliyyətin daha təsirli formalarını müəyyənləşdirmək və onlara həyati vəsiqə verməkdir.
İnsan hüquqlarının real müdafisəini təmin etməyin növbəti mərhələsi 26 sentyabr tarixində keçiriləcək referendumdan keçir. Tarixin heç bir dövründə cəmiyyətimiz bugünkü kimi sürətli dəyişikliklərə məruz qalmamış, insan faktoru belə aktual, birinci dərəcəli vəzifə kimi gündəmə gəlməmişdir. Məhz hər bir vətəndaşın azad cəmiyyətdə yaşaması, hüququ və azadlıqların müdafiə olunması kimi ülvi məqsədlərin reallaşması həyata keçirilən islahatların mahiyyətini təşkil edir. Bu islahatların yolu isə referendumdan keçir.
Bu gün tam əsasla demək olar ki, Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən Əsas Qanunumuz, həyata keçirilən təşkilati və praktiki tədbirlər ölkəmizdə demokratik, hüquqi dövlətin möhkəm əsasını yaratmışdır. Bu əsaslar üzərində möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni Azərbaycan inşa edilir. O Azərbaycan ki, dünyanın dördbir yanından baxan hər bir azərbaycanlı vüqarla Ulu Öndərin bu sözlərini dilə gətirərək deyir: “Mən həmişə fəxr etmişəm bu gün də fəxr edirəm ki, azərbaycanlıyam.”
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin İşlər İdarəsinin müdiri
Akif Hümbətov