27 Sentyabr 2016 11:33
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Sumqayıt şəhərinə gəlib.

Teleqraf.com Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, dövlət başçısı Sumqayıt şəhərinə əsas giriş yolunda - Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib ki, əsaslı təmir və yenidənqurma işləri şəhər icra hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Bu ilin fevralında başlanılan yenidənqurma işləri sentyabrın əvvəlində yekunlaşıb.

Prezident İlham Əliyev əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə də tanış olub.

Bildirilib ki, bina 1956-ci ildə istifadəyə verilib. Burada yenidənqurma işlərinə ötən ilin dekabrında başlanılıb. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub.

Yenidənqurma işləri Sumqayıt Dövlət Dram Teatrının 150 nəfərlik kollektivinə işlərini günün tələbləri səviyyəsində qurmaq üçün maksimum şərait yaradır. Ümumilikdə, teatrın binasının əsaslı təmiri və yenidən qurulması Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını təcəssüm etdirir.

Sonra Azərbaycan Prezidentinə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında da iştirak edib.

Dövlət başçısı Dənizkənarı Bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb.

Bulvarda Bayraq Meydanı inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır.

Diqqətə çatdırılıb ki, 12 hektar sahəsi olan çimərlik zonasında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait var. Sahil hissədə estakada qurulub və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkətinin təmin olunması üçün işlər aparılır. Burada 500-dən çox yeni iş yeri açılacaq.


Müəllif:

Oxşar xəbərlər