“Azərbaycan Demokrat Partiyası ilə Vətəndaş və İnkişaf Partiyası arasında görüş keçirilib, müəyyən razılaşma əldə edilib. Biz ADP olaraq hesab edirik ki, referendumdan sonra müxalifət düşərgəsində də yeni situasiya yaradılmalıdır. Müxalifətdə yeni situasiya yaradılmırsa, köhnə situasiya vəziyyətə adekvat ola bilməz. Odur ki, biz referendumdan dərhal sonra müxalifətin inteqrasiyası məsələsini gündəmə gətirdik”.
Bunu Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri qeyd edib ki, bu məsələlərlə bağlı ADP ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) fikirləri üst-üstə düşür: “Biz razılaşmışıq ki, uzunmüddətli əməkdaşlıq yaradaq. Hər iki partiyanın müvafiq orqanları bu məsələləri müzakirə edəcək. Beləcə əməkdaşlıq formatı yaranacaq. Arzu edən digər siyasi partiyalar bu uzunmüddətli əməkdaşlıq formatına qoşula biləcək”.
Sərdar Cəlaloğlu qeyd edib ki, müxalifət düşərgəsində yeni inteqrasiya və münasib əməkdaşlıq formatı üçün geniş imkanlar var: “Dünyada və regionda gedən proseslər göz önündədir. Üstəlik ADP ilə VİP arasında olan əməkdaşlıq təcrübəsi göstərir ki, burada ciddi problem olmamalıdır. Lakin bu açıq format olmalıdır və arzu edənlər bu prosesdə iştirak edə bilməlidir. Açığı, biz kənardan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının verdiyi bəyanatları, liderlərin hərəkətlərini, davranışlarını, mitinq təcrübələrini təhlil edirik. Gəldiyimiz qənaət budur ki, Müsavat və AXCP indiki mərhələdə hər hansı bir birlik modelinə hazır deyil və ya bu barədə düşünmür. Biz istərdik ki, AXCP və Müsavat da bu formatda iştirak etsin. Yox, əgər onlar bu haqda düşünmürlərsə, hesab edirlərsə ki, təkbaşına fəaliyyət aparmaq daha münasibdir, bu zaman biz ideyamızı zorla onlara diktə edə bilmərik. Ancaq müxalifətin inteqrasiya faktının özü demokratik proses kimi vacibdir”.
NEMƏT