17 Oktyabr 2016 21:23
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan Respublikasının Müstəqillik Aktının qəbul edilməsinin 25 ili tamam olur. 25 il əvvəl, 1991-ci ilin 18 oktyabrında Ali Sovet (indiki Milli Məclis) Müstəqillik Altı qəbul edib. Müstəqilliyə gələn yol isə heç də asan olmayıb.

1990-cı ilin 20 yanvarında sovet ordusu Bakıya daxil olaraq silahsız insanları gülləbaran edəndə SSRİ kimi nəhəng imperiyanın çökəcəyi aydın idi. Bununla belə müstəqilliyə qarşı çıxan kifayət qədər siyasi xadimlər mövcud idi. Həmin dövrdə Azərbaycan Kommunist Partiyasının sədri Ayaz Mütəllibov, bu partiyaya bağlı siyasətçilər, dövlət adamları və deputatlar açıq-aydın ölkənin müstəqilliyinə qarşı çıxış edirdilər. Lakin Moskvada QKÇP ssenarisinin baş tutmaması, Kremli Boris Yelsin nəzarətə alması müstəqillik ideyalarına ciddi təkan verdi. Nəticədə həmin dövrdə Ali Sovetdə təmsil olunan Demokratik Blok, mərhum prezident Heydər Əliyev və bəzi şəxslər müstəqillik ideyalarını açıq sürətdə müdafiə etdi. Mütəllibov hökuməti məcbur olub ölkənin suverenliyinə dair Konstitusiya Aktını qəbul etdi.

Həmin dövrün canlı şahidlərindən olan və Müstəqillik Aktına səs verən 43 deputatdan biri Sülhəddin Əkbər Teleqraf.com-a bəzi məqamları açıqlayıb.

İstiqlalçı millət vəkili deyib ki, 25 il əvvəlki dövr onun siyasi həyatında ən sevincli gün kimi qalıb: “Bu, Azərbaycan tarixinin parlaq səhifəsidir. Seçicilərimə o dövrdə mənə belə bir şans verdikləri üçün təşəkkür edirəm. Həmin gün Ali Sovetdə təmsil olunan Demokratik Blokdakı deputatlar, Azərbaycan Xalq Cəbhəsi, bir sözlə, millətsevər qüvvələr üçün sevincli gün idi. Azərbaycan milli dövlətçiliyini bərpa edirdi. Bu gün bizim də, xalqımızın da yaddaşında məhz belə qalıb. Biz çox şanslı nəsilik ki, dövlət müstəqlliyinin 25 illiyini qeyd edirik. Bizdən öncəki nəsillərə bu qismət olmayıb. Əslində 1803-cü ildə Azərbaycan torpaqları Rusiya tərəfindən işğal edilib. Biz, bu tarixə istinad etsək Azərbaycan torpaqları 200 ilə yaxın olan dövrdə əsarətdə olub. Biz yeganə nəsilik ki, həm müstəqillik uğrunda mübarizəni, həm də onun nəticəsini görə bilmişik”.

S. Əkbər qeyd edib ki, həmin dövrdə Azərbaycan siyasi elitasında müstəqilliyə qarşı çıxan şəxslər də az olmayıb: “Ancaq avqust ayında SSRİ-də QKÇP qiyam etdi və Azərbaycan Kommunist Partiyasının sədri Ayaz Mütəllibov bu qiyamı dəstəklədi. Lakin QKÇP məğlubiyyətə uğradıldı və Rusiyada Boris Yeltsin dönəmi başladı. Yeltsin həmin dövrdə müttəfiq respublikalarda olan kommunist partiyalarının sədrlərinə təzyiqlər etdi. Bu təzyiqlərdə məqsəd kommunist partiyalarının özünü buraxması, sədrlərin hakimiyyətdən getməsinə nail olmaq idi. Azərbaycan Xalq Cəbhəsi isə bu tarixi anı ciddi dəyərləndirdi. Hələ QKÇP-nin iflas etməsindən 1 həftə sonra, 30 avqustda Azərbaycan SSR-nin suverenliyi haqda bəyannamə qəbul etdik. Əslində Azərbaycanın müstəqilliyinin bərpasının əsası 1991-ci il 30 avqustda qoyuldu. Artıq 18 oktyabr 1991-ci ildə Konstitusiya Aktını qəbul edənə qədərki dövr aralıq dövr idi və biz bu sənəd üzərində işləyirdik. Tarixi şəraitdə bu dövrə təsadüf etdi və SSRİ-də yaranan şərait son nöqtəni qoymağa imkan verdi. Biz 18 oktyabrda Konstitusiya Aktını qəbul etdik. Qeyd edim ki, 18 oktyabrda biz xüsusi çətinliklə üzləşmədik. Çünki Azərbaycanda milli azadlıq hərəkatının qalib gələcəyi açıq görünürdü”.

CAVAD


Müəllif:

Oxşar xəbərlər