3 Noyabr 2016 14:22
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il noyabrın 1-dən 3-dək Türkiyə Respublikasının Ailə və Sosial Siyasət Nazirliyinin ev sahibliyi ilə İstanbul şəhərində “İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu” mövzusunda Nazirlərin VI Konfransı keçirilib.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müvafiq nazirliklərinin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.

Konfransda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirakçıları salamlayaraq, tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib.

Rəcəb Tayyib Ərdoğan siyasi həyatı boyunca qadınlardan çox ciddi dəstək gördüyünü, onları daim siyasətə dəvət etdiyini qeyd edib: "Baş nazirliyim və prezidentliyim dövründə qadın millət vəkillərinin sayının artırılmasında, qadına qarşı zorakılıqla mübarizədə, təhsildə, səhiyyədə, ümumiyyətlə, hər sahədə qadınlarımıza dəstək verdim, verirəm"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, İƏT üzvü ölkələr arasında sürətli dəyişiklər olmasına baxmayaraq, hələ də münaqişə sahələrində qadınlar böyük problemlər yaşayır.

Hicran Hüseynova qadınların hər cür istismara məruz qaldığını qeyd edib: "Təəssüf ki, ən böyük problemi qadınlar yaşayır. Təbii ki, hər sahədə mövcud olan ayrı-seçkiliklərin aradan qaldırılması lazımdır. Çünki İslam heç bir zaman ayrı-seçkiliyi dəstəkləmir".


Komitə sədri bu məslələrdə bütün dövlətlərin, təşkilatların birgə fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb: "Bizim ümumi bir məsuliyyətimiz var və bu məsuliyyəti həmişə birlikdə fəaliyyət göstərməklə, qadınlara və qız uşaqlarına bütün hüquqları, xidmətləri və keyfiyyətli təhsili, məşğulluq imkanlarını təqdim edərək, onların həyatlarını zəmanət altına almalıyıq, hər cür ayrı-seçkiliyə, ictimai ədalətsizliyə qarşı qadınlarımızı və qız uşaqlarımızı qorumalıyıq.

Bütün maraqlı tərəflər, QHT-lər bir araya gəlməli və qadınların, qız uşaqlarının üzləşmək məcburiyyətində qaldığı bu çətinliklərə qarşı birlikdə çalışmalıdırlar".

Konfransda qadınların statusu ilə bağlı imzalanmış müvafiq sənədlərlə bağlı Azərbaycan hökumətinin hesabatları dinlənilib. Həmçinin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin VI konfransında sədrlik Azərbaycan Respublikasından Türkiyəyə verilməsi mərasimi baş tutub.

"İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu" mövzusunda Nazirlərin V Konfransı 2014-cü il tarixində Bakıda keçirilib. 25 oktyabr 2011-ci il tarixində Türkiyə Respublikası ilə ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində Əməkdaşlıq Protokolu imzalanıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər