11 Noyabr 2016 18:37
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin noyabrın 7-də imzaladığı sərəncamla təltif olunan televiziya və radio işçiləri arasında jurnalistlərin tez-tez müraciət etdikləri politoloq Fikrət Sadıxov da var. F.Sadıxov Azərbaycanda televiziya və radio sahəsində xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Teleqraf.com F.Sadıxovla bu mövzuda müsahibəni təqdim edir.

– Fikrət müəllim, cəmiyyət sizi daha çox diplomat və politoloq kimi tanıyır. Bu mənada televiziya və radio işçilərinin təltif edilməsi haqqında sərəncamda adınızı görmək həm sevincimizə, həm də yaxşı mənada təəccübümüzə səbəb oldu…
– Bir çoxları bəlkə ümumiyyətlə bilmir, bir çoxlarının da ola bilsin, artıq yaddaşından silinib, – amma mən 1980-ci illərin əvvəllərindən etibarən 3 il ərzində Azərbaycan Televiziyasında “Təzadlar” verilişini aparmışam. Bu, siyasi bir proqram idi. Proqramda xaricdə baş verən hadisələr, məsələn, ABŞ-da keçirilən seçkilər, Avropadakı axırıncı siyasi tendensiyalar, onların təhlili və sair məsələlər müzakirə və şərh olunurdu. Rəhmətlik Elşad Quliyev (Azərbaycan Televiziyası və Radiosunun o vaxtkı sədri) məni televiziyaya özü dəvət etmişdi. Mən 3 il ərzində bu verilişdə mütəmadi şəkildə aparıcılıq etmişəm. Veriliş həftədə 1 dəfə efirə çıxırdı. Deyilənə görə, çox baxımlı veriliş idi. Bu mənim televiziya ilə faktiki olaraq ilk ünsiyyətim, ilk addımlarım idi. Sonradan məni vaxtaşırı televiziyaya dəvət etməyə başladılar. Müəyyən verilişlərdə təhlillərlə, şərhlərlə çıxış etməyə, rəy, münasibət bildirməyə başladım. Həmin vaxt siyasi verilişlərin sayı o qədər də çox deyildi. Amma hər halda “Xəbərlər”in əsas buraxılışlarında vaxtaşırı təhlillər səsləndirilirdi və mən də orda mütəmadi çıxışlar edirdim. Sonradan mən fəaliyyətimi Xarici İşlər Nazirliyində davam etdirdim, daha sonra Dövlət İnformasiya Agentliyinə rəhbərlik etdim. Nəhayət, 90-cı illərin ortalarından politoloq kimi məni həm radioya, həm də televiziyaya dəvət etmək mütəmadi xarakter aldı. Xüsusilə, radiolarda tez-tez çıxışlar edirdim. “Azərbaycan”, “Araz” Radiosunda, İctimai Radioda, “Speys” radioda, müxtəlif FM radiolarda şərhlərim efirə verilməyə başladı. Daha sonra politoloq kimi mənim artıq televiziya kanallarında da müxtəlif dəyirmi masalara, verilişlərə dəvət edilməyim, hansısa yeniliklərlə, yeni hadisələrlə bağlı mövqe bildirməyim, şərh və proqnozlar verməyim, təhlillər etməyim bir növ ənənəyə çevrildi. Beləliklə, mən son illərdə televiziya və radionun daimi qonağına çevrilmişəm. Artıq mənə qonaq da demək olmaz. Çünki mən artıq televiziya və radioların siyasi xarkterli verilişlərinin daimi iştirakçısı olmuşam. Televiziya və radio ilə yanaşı artıq internet televiziyalarında bir sıra proqramlara dəvət edilirəm. Bax, bütün bunlar mənim televiziya və radio sahəsi ilə sıx bağlılığımın göstəricisidir.

– “Təzadlar” verilişində neçənci illərdə aparıcılıq etmisiniz?
– 1982-ildən 1985-ci ilədək bu verilişin aparıcısı olmuşam.

– Sonra Xarici İşlər Nazirliyində işə başladınız?
– Yox, mən elə həmin vaxt Xarici İşlər Nazirliyində işləyirdim, idarə rəisi idim. Onlar da məni televiziyaya müəyyən mənada buna görə dəvət etmişdilər. Çünki mənim xarici siyasət sahəsində biliklərim az deyildi, materiallarım da var idi. Bir sıra məsələlərlə bağlı şərhlərim qəzetlərdə çap olunmuşdu və onlar da bunu bilirdilər. XİN-də işləyərkən mən o verilişi aparırdım.

– Bəs, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-a neçənci illərdə rəhbərlik etmisiniz?
– Mən AZƏRTAC-da 1985-ci ildən 1992-ci ilədək işləmişəm. Əvvəl baş direktorun birinci müavini, sonra isə baş direktor vəzifəsində çalışmışam.

– Yüksək dövlət mükafatı ilə təltif olunacağınızı gözləyirdinizmi?
– Açıq danışmaq istəyirəm. Tərcümeyi-halımla bağlı mənə bəzi suallar verirdilər. Bilirdim ki, nəsə çalışırlar. Bilirdim ki, həm Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi, həm də Mətbuat Şurası nəsə etmək istəyirlər. Amma bunun nə olacağını və nə vaxt olacağını mən nəinki dəqiq bilmirdim, heç təsəvvür belə etmirdim. Təbii ki, mənim üçün çox gözlənilməz oldu. Mən əlbəttə, bu işdə əməyi keçən hər kəsə dərin, səmimi minnətdarlığımı bildirirəm. Çünki bu, mənim əməyimin çox yüksək qiymətləndirilməsidir. Mən təbii ki, bundan sonra da Vətənə xidmət sahəsində əlimdən gələni edəcəm. Bundan daha artıq fəaliyyət göstərməyə çalışacağam. Diqqətiniz üçün Sizə də təşəkkürümü bildirirəm, hər birinizə minnətdaram. Kollektivinizin hər bir üzvünə obyektiv, ədalətli qiymətləndirilmə nəsib olmasını arzulayıram.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər