17 Noyabr 2016 13:02
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz hesab edirik ki, 17 noyabrın adını Milli Dirçəliş Günü qoysalar da, bu, ümumiyyətlə ABŞ və Avropanın oyunu idi. Məqsəd Azərbaycan SSR-də qarşıdurma yaratmaq, stabilliyi pozmaq idi. Həm də o dövrdə Azərbaycanın bir qarış torpağı belə işğal edilməmişdi. Adama deyərlər ki, niyə ora toplaşmışdınız? Ortada nə var idi ki? Topxana meşəsinə iki dəmir atmışdılar. Əgər mitinq etmək milli dirçəlişdirsə, indi 20 faiz torpağımızın işğal olunmasının adını nə qoyaq?”.

Bunu Teleqraf.com-a Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükanov 17 Noyabr Milli Dirçəliş Günü ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Baş kommunist hesab edir ki, əslində 1988-ci ilin 17 noyabrında baş verənlər siyasi oyun olub: “Bu siyasi oyun idi. Azərbaycan sosialist respublikasında qarşıdurma yaratmaq üçün təşkil edilmişdi. Onun da nəticəsini gördük. Nəticədə SSRİ dağıldı, Azərbaycan SSR məhv oldu, torpaqlarımız əlimizdən getdi. Sonda nəticəyə baxmaq lazımdır. Əgər xalqımız oyanırsa və 20 faiz torpağı işğal edilirsə, keşkə heç oyanmayaydı”.

Musa Tükanov deyib ki, onlar 17 noyabr tarixini qeyd etmirlər: “Əksinə, biz hesab edirik ki, bu tarix onun adına uyğun gəlmir. Heç olmasa adını “Azərbaycanda ilk dəfə mitinq keçirilən gün” qoyardılar. Bu daha inandırıcı olardı. Daha Milli Dirçəliş Günü qoymaq doğru deyil. Bəyəm 17 noyabra qədər bizim millətimiz dirçəlməmişdi, düşmüşdü aşağı? Əksinə, mən hesab edirəm ki, 17 noyabra qədər də millətimiz savadlı, güclü və öz hüquqlarını bilən millət idi. Niyə biz milləti aşağı salır və sonra da 17 noyabrda dirçəldirik? Məncə, bu düzgün deyil. O vaxt Azərbaycan sovet xalqı güclü, dirçəlmiş və ağıllı xalq idi. Əlbəttə, 17 noyabrda 150-200 nəfərin mitinq etməsini bütövlükdə xalqın adına yazmaq doğru olmazdı. Xalq 8 milyon idi, 150 nəfər deyildi”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər