18 Noyabr 2016 18:07
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Avropa İttifaqi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Ülviyyə Ağayeva və Asim Mollazadə qurum çərçivəsində keçiriləcək görüşlərdə iştirak etmək üçün noyabrın 20-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

Teleqraf.com-un xəbərinə görə, Milli Məclisin 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən Avropa Parlamenti ilə əməkdaşlıq yenidən bərpa olunduqdan sonra bu, qarşı tərəfin dəvəti əsasında Azərbaycan deputatlarının həyata keçirdikləri ilk səfərdir.

Səfər çərçivəsində nümayəndə heyətimiz Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimlə, komitə üzvləri ilə, həmçinin Avropa Parlamentinin bir sıra komitə və alt komitələrinin sədrləri və üzvləri ilə görüşlər keçirəcək. Söhbət zamanı Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərin hazırkı durumu və inkişaf meylləri müzakirə olunacaq.

Görüşlərdə həmçinin ikitərəfli münasibətlərin inkişafına mane olan amillərin aradan qaldırılması, ölkəmizə qarşı Avropa Parlamentində müəyyən siyasi qrupların mənafelərinə xidmət edən qərəzli sənədlərin bundan sonra qəbuluna yol verilməməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq.

Bundan başqa, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev AVRONEST Parlament Assambleyasının Büro və prosedur qaydaları üzrə işçi qrupunun iclaslarında iştirak etmək üçün noyabrın 20-dən 24-dək Fransanın Strasburq şəhərinə gedəcək. Toplantılarda cari ildə Belarusda və Gürcüstanda keçirilmiş parlament, Moldovada prezident seçkilərinin nəticələri müzakirə ediləcək, qurumun gələcəkdə qəbul edəcəyi qətnamələr barədə fikir mübadiləsi aparılacaq, növbəti tədbirlərin keçiriləcəyi ölkələr və tarixlər müəyyən olunacaq.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Qadın siyasətçilər” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Almaniyaya səfər edəcək. Berlin şəhərində keçiriləcək toplantıda deputatımız Azərbaycanda qadın hüquqları, ailədə və siyasətdə onların rolu” mövzusunda məruzə edəcək, qanunvericilikdə gender bərabərliyinin təmin olunmasından söhbət açacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər