Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Rusiya Federasiya Şurasına müraciət edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə brifinq zamanı jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Mövzu barədə heç vaxt anons vermirik” deyən D.Peskov V.Putinin ənənəvi illik mətbuat konfransının da dekabrda baş tutacağını vurğulayıb. Peskov mətbuat konfransının dekabrın ikinci yarısında keçiriləcəyini qeyd edib: “Bu barədə əlavə məlumat verəcəyik”.
RBK (“RosBiznesKonsaltinq”) prezidentin Federasiya Şurasına müraciəti ilə bağlı özəl mənbələrdən məlumat əldə edib. RBK-nın Prezident Administrasiyasına yaxın 3 mənbədən dəqiqləşdirdiyi məlumata görə, müraciətin açıqlanacağı tədbirə Prezident Administrasiyasının rəhbərliyi, hökumət nümayəndələri, Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri, qubernatorlar və digər şəxslər dəvətlidirlər. Mərasimdə ümumilikdə 1000 nəfərin iştirakı nəzərdə tutulub.
Az öncə “İzvestiya” qəzeti öz mənbəsinə əsasən prezidentin çıxışının dekabrın 8-nə nəzərdə tutulduğunu yazmışdı. “Yenə də səhv ediblər”, deyə Peskov replika atıb.
Səxavət