23 Noyabr 2016 18:59
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com hüquq elmləri doktoru, professor, Prezident Administrasiyasının sabiq sektor müdiri Rüstəm Məmmədovla müsahibəni təqdim edir.

- Rüstəm müəllim, ABŞ-da yeni prezident seçilib, 8 ildən sonra hakimiyyətə Respublikaçılar qayıdıb. Yeni ABŞ hakimiyyətinin izləyəcəyi siyasətin regional və qlobal siyasi proseslərə hansı təsirləri olacaq?

- Təbii ki, ABŞ-da keçirilən son seçkilər ilk olaraq bu ölkənin özündə müəyyən dəyişikliklərə gətirib çıxaracaq. Prezident Obamanın apardığı siyasi kurs ayrı idi, Donald Tramp isə tam fərqli siyasi kurs həyata keçirəcək. Əslində tarixi təcrübəyə baxanda bəlli olur ki, Amerikada Demokratlarla Respublikaçıların kursları fərqli olur. Odur ki, bu yeni çalarlar dünya siyasətində özünü ifadə edəcək. Bu mütləq müşahidə ediləcək.

- Bu özünü hansı formalarda ifadə edə bilər?

- Tarixi dövrləri analiz edərək deyə bilərik ki, Respublikaçıların kursu daha sərt qrafikə əsaslanır, radikal olur. Baxın, İraq və Əfqanıstana hücumlar nə zaman baş verdi? Oğul Buşun dönəmində. Ancaq Klinton zamanı buna gedilmədi. Buş Respublikaçıların təmsilçisi idi. Odur ki, Trampın siyasi kursunda sərt və çevik hallar olacaqsa, buna əsla təəccüblənməyə ehtiyac qalmamalıdır.

- Siz Respublikaçıların dövründə müharibələrin olduğunu və bundan sonra da olacağını deyirsiniz?

- Əlbəttə. Mən tarixi təcrübəyə əsaslanmağı vacib hesab edirəm. Tarixi dövrlərlə bağlı Respublikaçılarla Demokratların apardığı kursu müqayisə edə bilərik. Respublikaçılar daha təhlükəli kurs aparırlar və bu, reallıqdır.

- Donald Tramp elan etmişdi ki, Rusiya ilə münasibətləri yoluna qoymaq siyasəti yürüdəcək. Sizcə, bu iki nəhəng dövlət arasında gərgin münasibətlər yoluna qoyulacaqmı?

- Mən hesab edirəm ki, bu mövzuya vaxtından tez cavab verməyə əsla ehtiyac yoxdur. Tarixi dövrü yaşayacağıq və bu kursun nədən ibarət olduğunu görəcəyik. Amma mən inanmıram ki, Rusiya-Amerika münasibətləri çox da yaxşı olsun.

- Niyə?

- Əvvəla, nəzərə almaq lazımdır ki, Amerika prezidentlərinin siyasəti Amerika dəyərləri və maraqları üzərində qurulur. ABŞ dəyərləri bu gün siyasi kursun daha çox Amerika maraqları üzərində qurulmasını tələb edir. Ona görə də Tramp kimdir ki, ABŞ-ın siyasi kursunda belə ciddi dəyişikliklər etsin? Amerika dəyərləri olan yerdə başqa heç nə gözləməyə dəyməz. Tarixən Rusiya-Amerika münasibətləri bir qayda olaraq, radikalizmə əsaslanıb. Bundan sonra da belə olacaq.

- Tramp bildirir ki, vaxtilə İraqa müdaxilə ABŞ-ın ən böyük səhv idi. Bu. Baxımdan ABŞ-ın Suriya siyasətində dəyişiklik ola bilərmi?

- Donald Tramp Türkiyədə baş verən məlum hadisəyə reaksiyası zamanı dedi ki, Amerikanın 40 illik siyasəti iflasa uğradı. Bu, əslində o deməkdir ki, Tramp Yaxın Şərq siyasətini yenidən qurmağa çalışacaq. Bu siyasətin forması, rəngləri, məzmun və mahiyyətinin necə olacağını isə yaşayaraq görəcəyik.

- Yeni prezident NATO ilə bağlı da sensasion açıqlama vermişdi. Demişdi ki, NATO-nun saxlanması daha çox Avropa dövlətləri üçün lazımdır və onlar bu qurumu saxlamaq üçün maliyyə xərcləməlidir. NATO-nun taleyi necə olacaq?

- Əslində sizə deyim ki, NATO doğurdan da öz missiyasını başa vurub. Bu gün Amerikanın maraqlı olduğu addımlar NATO-nun iştirakı olmadan da atlır. ABŞ Bəzən hansısa situasiyada NATO ilə hesablaşmır da. Bu halda NATO-nun mənası və əhəmiyyəti qalmır.

- Sizcə, bundna sonra Amerika-Türkiyə münasibətləri necə olacaq?

- Türkiyə Amerika siyasətində son 100 il ərzində əhəmiyyətli yer tutur. ABŞ böyük ehtimalla yeni Türkiyə siyasəti qurmalıdır. Yeni Yaxın Şərq siyasəti qurulduğu kimi, yeni türk siyasəti də qurulmalıdır. Bunun da nədən ibarət olacağını bu başda deyə bilmərəm. Amma fikrimcə, bu Türkiyənin xeyrinə olacaq.

- Bəs, Amerika-Azərbaycan münasibətləri barədə nə düşünürsüz?

- Demokratlar özlərini Azərbaycana qarşı o qədər də səmimi aparmadılar. Bunu demək lazımdır. Onlar haqq və ya nahaq Azərbaycanı tənqid edir, iradlar tuturdu. Əslinə qalsa Demokratların bu siyasəti Azərbaycanda yaxşı qarşılanmırdı. İndi mənə elə gəlir ki, Qafqaz siyasəti qurularkən, biz bölgədə yeni Amerika modelinin şahidi ola bilərik.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər