Teleqraf.com sabiq dövlət müşaviri, politoloq Rasim Ağayevlə müsahibəni təqdim edir.
- Rasim müəllim, son zamanlar sanki bölgədə yeni proses müşahidə olunur. Rusiya və Ermənistan birgə hərbi birləşmə yaratmaq haqda razılığa gəlir, Sarkisiyan Azərbaycanın ərazi bütövlüyünə “hörmətlə” yanaşdığını deyir...
- Mən burada yenilik görmürəm. Sadəcə olaraq, Rusiya Cənubi Qafqazda öz mövqelərini müxtəlif üsullarla möhkəmləndirir. Erməni tərəfinin dərdi İranı çıxmaq şərti ilə regionda türk dövlətləri tərəfindən təhlükə hiss etməsidir. Üstəlik Azərbaycan son illər silahlar alır. Odur ki, erməni tərəfi də hesab edir ki, silahlar almalıdır. Rusiya da silahı onlara keçi qiymətinə satır. Və beləcə erməni mediasının yazdığı kimi, Ermənistan Rusiyanın əyalətinə çevrilir. Ermənistana forpost demək olmaz və ondan forpost da çıxmaz. Forpost olub neyləyəcək ki? Türkiyəni yıxacaq, yoxsa İranı? Düzdür, bizim 20 % torpağımızı işğal edib. Ancaq bunu SSRİ dağılanda edib, bu bir təxribat olub. Erməni tərəfi bu qələti SSRİ dağılmazdan əvvəl və indi edə bilməzdi. Azərbaycanın ordusu da, müttəfiqi də var. Rusiyada da, Qərbdə də dostları var. Ancaq SSRİ-nin süqutu zamanı faktiki Azərbaycan təklənmişdi. Bu tarixi hadisə idi. Ancaq bu ilin aprelində Azərbaycan göstərdi ki, indi Ermənistanın qarşısında başqa bir Azərbaycan durur. Erməni tərəfi bunu yaxşı başa düşür. Sadəcə olaraq, Sarkisyanın ayrı bir yolu yoxdur ki, mövqelərini möhkəmlətsin və göstərsin ki, onunla hesablaşırlar, hörməti var və s. Sarksiyanın nüfuzu sıfıra yaxındır, əhali və siyasi rəqibləri onun ünvanına hər şey deyir. Rusiya isə onun mövqeyini dəstəkləyir. Çünki Sarksiyan Rusiyaya möhkəm bağlanıb. Onu itirmək üçün gərək Rusiya təzə Sarksiyan tapsın. Bunu da qısa müddətə haradan tapacaq? Odur ki, Rusiya Ermənistanda mövcud vəziyyəti saxlayır və bundan məmnundur.
- Ermənistanda yeni qüvvənin hakimiyyətə gəlmək ehtimalları varmı?
- İstər Ermənistan, istərsə də Gürcüstanın siyasi praktikasında formalaşan vəziyyət budur ki, nə olursa-olsun, hakimiyyət qanuni prosedurla dəyişməlidir. Odur ki, hərbi çevriliş gözləmək artıq olardı. Əvvəla, daxildə bunu edəcək qüvvələr yoxdur, ikincisi də artıq belə ənənə yoxdur.
- Qanuni yolla hakimiyyət dəyişikliyi imkanları yoxdur?
- Qənaətimcə, əgər Sarksiyan bir qədər də geciksə və hadisələr indiki istiqamətdə davam etsə, sözsüz ki, məcbur olub hakimiyyətdən gedəcək. Onun özü və yaxınları bunu anlayır. Məncə, özü alternativini tapacaq və razılıqla gedəcək. Ancaq iş ondadır ki, Ermənistanda hakimiyyətə gələn qüvvə birmənalı Sarksiyanın əleyhinə olacaq. Demirəm ki, anti-rus qüvvə hakimiyyətə gələcək. Hərçənd ki, bu da istisna deyil. Hazırda ruslar istərdilər ki, vəziyyət indiki kimi qalsın.
- Donald Tramp prezident seçiləndə Rusiyada bayram edirdilər. Sizcə, bu bayram ab-havası nə ilə bağlı idi?
- Mən deməzdim ki, bütövlükdə rus cəmiyyətində bayram ab-havası var idi. Ancaq ekspertlər və müəyyən siyasi dairələrdə belə bir atmosfer var idi. Məncə, ruslar həm də ona görə sevinirdilər ki, proqnozları özünü doğrultdu. Rusiya ekspertləri deyirdi ki, Klinton prezident seçilməyəcək. Həm də bilirdilər ki, Klintonun Rusiyaya münasibəti mənfidir. Düşünürdülər ki, Klinton prezident seçilsə ABŞ-Rusiya münasibətləri bir qədər də kəskinləşəcək.
Klintondan fərqli olaraq Tramp bəyanatlar verirdi ki, Rusiya ilə münasibətlər yoluna qoyulmalıdır və s. Maraqlıdır ki, Trampın bu bəyanatları Avropanın da ürəyincə idi. Yəni bu bəyanatlara ancaq ruslar sevinmirdi. Dünyada böhran yaşanır, Avropada, Rusiyada problemlər mövcuddur, yaşayış çətinləşib və s. Bu saat ağıllı dövlətlər mənbələr axtarırlar ki, əhalisini dolandırsınlar. Belə bir məqamda ABŞ sanki deyirdi ki, Rusiya ilə dava edək. Bu yersiz bir siyasət idi. Ruslarda seçkinin nəticəsinə sevindilər. Məncə, sevinmək üçün əsaslar var idi, lakin bu qədər də yox.
- Niyə?
- Gərək sevinci büruzə verməzdilər. Çünki diplomatiya da var. İkincisi, Amerikada şəxsiyyətin rolu güclüdür. ABŞ prezidentlərinə baxanda görmək olur ki, şəxsiyyət siyasəti necə dəyişə bilər. Məsələn, Reyqan. O, aktyor idi, amma onun dövründə siyasətə elə dəyişikliklər gəldi, bunu heç Buş bacarmazdı. Məncə, rusların sevinməsinə ona görə əsas var ki, geosiyasi səhnədə kəskin dəyişikliklər baş verəcək. Yaxın illərdə bunu görəcəyik. Bu da, ilk növbədə ABŞ administrasiyasında olan dəyişikliklərlə bağlıdır.
- Siz hesab edirsiniz ki, Rusiya-Amerika münasibətlərində liberallaşma müşahidə ediləcək?
- Bunu birmənalı demək hadisələri qabaqlamaq olardı. Bir çox ekspertlərin, eləcə də mənim gözləntilərim çoxdur. Fikrimcə, dəyişikliklər olacaq. Mənə elə gəlir ki, əsas dəyişikliklər ABŞ-Rusiya seqmentində baş verəcək.
- Ancaq bir çox ekspertlər deyirlər ki, Trampın prezidentliyi dövründə Rusiya ilə münasibətlər daha sərt olacaq...
- Bunu kimlər deyir? Sözsüz ki, bizim ekspertlər. Bizim siyasi ekspertlərimiz, xüsusilə müxalifətdə olan politoloqlar həmişə deyirlər ki, Rusiya dağılacaq. Oturub bunu gözləyirlər. Artıq 25-30 ildir ki, Rusiyanın dağılacağı, sıradan çıxacağını deyirlər. Haçan danışırlar, deyirlər ki, bu gün-sabah Rusiya dağılacaq. Gördüyünüz kimi, Rusiya dağılmır. Nəzərə almaq lazımdır ki, hər şeydən öncə Tramp sırf siyasətçi deyil, siyasətə biznesdən gələn fiqurdur. O Amerikanın xeyrinə nələrin olub-olmadığını yaxşı anlayır. Birinci növbədə Tramp Amerikanın iqtisadi əlaqələrini güdəcək. Bu nöqteyi-nəzərdən Rusiya ilə əlaqələri düzəltmək yaxşı olardı. Xüsusilə, bu seqmentdə münasibətlərin normal olması Avropanın da marağına uyğundur. Yox, əgər münasibətlər kəskinləşsə, onda hamı uduzacaq. Bəli, bu halda Rusiyanın vəziyyəti ağırlaşacaq və buna şübhə yoxdur. Ancaq belə bir münasibətlər bəyəm ABŞ və Avropanın vəziyyətini yaxşılaşdıracaq? Təbii ki, yox. Bizimkilər sanki yatıb yuxularında gördükləri məsələlər haqda danışırlar. Mən belə halı gözləmirəm. Mənim yadıma gəlir ki, həmin ekspertlər deyirdilər ki, Klinton seçkiləri udacaq, Trampı məğlubiyyətə uğradacaq və s. Nə oldu bəs?
- Çoxları düşünürdü ki, Reyqan aktyordur, isti münasibətlər yaranacaq, “soyuq müharib”ə arxa plana keçəcək, amma...
- Yox. Əslində Reyqan hakimiyyətə gələndə çox adam bilirdi ki, onun arxasında hansı qüvvələr var. Onda tam başqa münasibətlər var idi və oyunlar fərqli idi. Məsələn, onda Qarbaçov problemi var idi, SSRİ-necə sıxmaq, Avropadan çıxarmaq və digər məsələlər var idi. Ancaq əsas məsələ iqtisadi məsələlərlə bağlı idi. ABŞ birmənalı hökmranlığını təsdiq etmək niyyətində idi və SSRİ ona mane olurdu.
- İndi vəziyyət nə dərəcədə fərqlidir?
- İndi ruslar deyir ki, bizim üçün qəbuldur, sən birincisən, böyük dövlətsən və s. Ancaq bizi də nəzərə al, münasibətləri quraq və s. Mən anlamıram ki, Rusiyanın indiki vəziyyəti ABŞ administrasiyasını narahat etməlidir. Rusiyada vəziyyət doğurdan da gərgindir, iqtisadi durum pisləşib. Təbliğati işi götürsək, görərik ki, Rusiyanın hökmranlığa iddiası yoxdur, Avropanda möhkəmlənməyi belə düşünmür və s. İndi Rusiya deyir ki, sizin sözünüzlə SSRİ dağıtdıq. Əslində bu satqınlıq idi, amma Qarbaçov, Yelsin və digərləri buna getdilər. Ancaq o zaman belə danışılmışdı ki, Rusiyanın ətrafında qoşun toplanmayacaq, raket sistemi qurulmayacaq, Şərqi Avropa ölkələri ruslara düşmən edilməyəcək. Yəni Rusiyanın strateji və təhlükəsizlik məsələlərinə toxunma olmayacaq. Əvəzində nefti, qazı, qızılı alın aparın və s. Ancaq sonda belə olmadı. Əvəzində Rusiya sərhədləri yaxınlığında raket sistemləri yerləşdirildi, NATO-nun Rusiya sərhədlərində hərbi hissələri yaradıldı, əsgər sayı çoxaldıldı və s.
Bundan başqa, biri var ki, sən içki aludəsi olan prezidentlə və ya faktiki olaraq pula satılan Qarbaçov kimi şəxslə danışıqlar aparırsan, bir də var hökumətin başında durur Rusiyanın maraqlarını və rus millətçi ideologiyasını əsas məqsədi hesab edən sağlam insan. Əlbəttə, bu narahatlıq yaradır. Bu yaxınlarda bir ekspertlə söhbət etdim. Deyirdi ki, o vaxt bir nazirliyə telefon açdım, dedim ki, axı danışıq, razılaşma olub ki, bu qədər mal göndərməlisiniz. Nazirlikdən ona cavab veriblər ki, konsultantlar qoymurlar. Bu da maraqlanır ki, nə konsultantlar? Nazirlikdək tanışı cavab verir ki, bəs Amerika konsultantları. Bu da, deyir ki, 5-6 konsultantı yola vermək belə çətin iş deyil axı. Nazirlik nümayəndəsi də bildirir ki, siz nə danışırsınız, nazirlikdə az qala hər otaqda bir konsultant əyləşir, 80 konsultant var. Yəni o vaxt belə durum olub. Amerikanlar az qala bütün nazirliklərdə əyləşib. Ancaq bu prosesi Putin dayandırıb. Amerkanlara deyiblər ki, işinizi gördük, çox sağ olun. Beləcə, Rusiya Amerikanın əlindən çıxdı. Bu da gec-tez olmalı idi. Axı Rusiya Ermənistan, heç Ukrayna da deyil. Söhbət böyük bir ölkədən gedir. İstəsən sənlə dostluq edər, istəməzsən gedib yaponlarla və çinlilərlə dostluq qurar və s. Beləcə dolanacaqlar. Burada bir məqamı da çoxları başa düşmür. Axı ruslar ingilislər və ya fransızlar deyil ki, desinlər səhər yeməyində qaymaq və ya bal yoxdur. Ruslar deyir ki, yoxdur, heç olmasın, araq ki, var, kartof var, çörək var.
NEMƏT