25 Noyabr 2016 15:54
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının payız sessiyası çərçivəsində Assambleya Şurasının iclasında iştirak edir. Teleqraf.com Milli Məclisə istinadən xəbər verir ki, Şuranın üzvləri-MDB parlamentlərinin rəhbərləri bir sıra aktual məsələləri nəzərdən keçirib, Parlamentlərarası Assambleyanın hazırladığı sənədləri müzakirə edib və məruzəçilərin çıxışlarını dinləyiblər.

İclasda təşkilati məsələyə baxılıb, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko növbəti dəfə MDB Parlamentlərarası Assambleyası Şurasının sədri seçilib.

Noyabrın 24-də Milli Məclisin sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin sədri Valentina Matviyenko ilə görüşüb. Tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.

Sonra Azərbaycan parlamentinin Sədri Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri Çınıbay Tursunbekov ilə də görüşüb. Görüşdə iqtisadi, ticarət və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Oqtay Əsədov Çınıbay Tursunbekovu Azərbaycana rəsmi səfərə dəvət edib, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlığın gedişi barədə danışıb.

Milli Məclis sədri həmçinin Qazaxıstan Parlamenti Məclisinin rəhbəri, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sədri Nurlan Niqmatulin ilə görüşü olub. Nurlan Niqmatulin Azərbaycan xalqını müstəqilliyinin 25 illiyi münasibətilə təbrik edib. Bildirib ki, Qazaxıstan Azərbaycan ilə qarşılıqlı əlaqələrə və əməkdaşlığa böyük əhəmiyyət verir. Qazaxıstan Parlamenti Məclisinin rəhbəri TürkPA-nın fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

Səfər zamanı Sankt-Peterburqun Tavriya Sarayında - MDB Parlamentlərarası Assambleyasının qərargahında qazax ictimai-siyasi xadimi, Rusiyanın Birinci Dövlət Dumasının (1906–cı il) deputatı Əlixan Bukeyxanovun büstünün açılış mərasimi keçirilib. Əlixan Bukeyxanovun büstünü Tavriya Sarayına Qazaxıstan parlamenti bağışlayıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov qeyd edib ki, Tavriya Sarayında qardaş ölkələrin tanınmış siyasi və ictimai xadimlərinin büstlərinin qoyulması ənənə halı alıb. 2014-cü ildə burada ilk dəfə görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun büstü qoyulub.

Oqtay Əsədov deyib: “Biz bu ənənəni dəstəkləyirik. Keçmişi öyrənmədən gələcəyi dərk etmək mümkün deyil. 1906-cı ildə Tavriya Sarayında, Birinci Dövlət Dumasında bizim həmvətənlərimiz də təmsil olunurdular. Əminəm ki, bu ənənəni dəstəkləməklə müstəqil dövlətlər xalqlarımızın rifahı naminə əlaqələri gücləndirməyə davam edəcəklər”.
Tədbirdə Valentina Matviyenko qeyd edib ki, Tavriya Sarayında qoyulan ilk büst Azərbaycan parlamenti tərəfindən hədiyyə olunub. Valentina Matviyenko əməkdaşlığa görə Oqtay Əsədova minnətdarlığını bildirib, tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburqa səfəri davam edir.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər