8 Aprel 2014 11:08
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmsəddin Hacıyev: “İqtisad Universitetinin 6 illik fəaliyyətini Maliyyə Nazirliyi yoxlayıb”

Azərbaycan təhsili, onun keyfiyyəti, gözlənilən yeniliklər, qanunvericilik bazası haqqında Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, deputat Şəmsəddin Hacıyev danışıb. Qeyd edək ki, bir müddət bundan əvvəl Şəmsəddin Hacıyev Prezidentin qərarı ilə İqtisad Universiteti rektoru vəzifəsindən azad edilib. Bizimlə söhbəti əsnasında sabiq rektorun işdən çıxarıldıqdan sonra göstərdiyi fəaliyyət, onun rəhbərliyi dövründə universitetin maliyyələşməsi işinin yoxlanılıb-yoxlanılmaması və s. məsələlər haqda danışıb.

- Şəmsəddin müəllim, Təhsil nazirinin orta məktəblərdə tədrisin vaxtını uzatması Sizcə, nə dərəcədə doğru qərardır?
- Biz Təhsil qanununu yazarkən bunu nəzərdə tutmuşduq. Lakin o zaman məktəblərin maddi-texniki bazası, proqramlar, kurikulum o səviyyədə deyildi. Artıq bu məsələ təhsil strategiyasında nəzərdə tutulub. 12 illik təhsil sisteminə keçmək üçün bütün zəminlər mövcuddur. Dünyanın əksər ölkələrində 12 illik təhsil sistemi var. Bəzi ölkələrdə hətta 13 və 14 illik təhsil var. Odur ki, biz də dünya, Avropa standartlarına uyğunlaşmalıyıq.

- Təhsil haqqında qanunda yerinə yetirilməyən məsələlər varmı?
- Bəzi məsələlər var.

- Bunlar həyati əhəmiyyətli məsələlərdimi?
- Deməzdim ki, bunlar həyati əhəmiyyətlidir. Ancaq nəzərə alın ki, qanunda nə məsələlər nəzərdə tutulubsa, onların hamısı əhəmiyyətlidir. Təhsilin qanunvericilik bazasının möhkəmləndirilməsi, ümumiyyətlə, baş verən bütün proseslərin hüquq müstəvisində həlli üçün qanundakı bütün maddələr yerinə yetirilməlidir. Əslində, bu maddələr tədricən həyata keçirilir. Məsələn, birbaşa maliyyələşmə ilə bağlı. Bu daha çox ali təhsil ocaqları ilə bağlı məsələdir. Bilirsiniz ki, yalnız ali təhsil müəssisələri adambaşına maliyyələşməyə keçiblər. Amma təhsilin digər pillələrində bunlar yoxdur. Fikrimcə, buna keçmək lazımdır.

- Ali təhsil ocaqlarına maliyyə müstəqilliyinin verilməsi haqda təkliflər səsləndirilir. Bunlar qanunda varmı və biz bunu tətbiq etməliyikmi?
- Qaldırdığınız məsələ qanunvericilikdə var. Hazırda bizim 4-5 universitetimiz tam muxtariyyət hüququna malikdir. Amma təhsil qanununun əsas strategiyası ondan ibarət idi ki, bütün ali təhsil müəssisələrinə muxtariyyət hüququ verilsin, yəni onlar sərbəst olsunlar, manevr imkanları geniş olsun, tədrislə və bir sıra məsələlərin həlli üçün çevik idarəetmə mexanizmlərini yarada bilsinlər. Bu mənada hesab edirəm ki, birbaşa maliyyələşdirmə, adambaşına maliyyələşdirmə, ali təhsil müəssisələrinə sərbəstliyin verilməsi çox vacibdir.

- Ali məktəblərə muxtariyyət verilməsi indiki ilə müqayisədə nəyi dəyişə bilər?
- Vəsaitlərin yığılması, xərclənməsi, kadrların cəlb edilməsi sahəsində, habelə bütün resurslardan-insan resursu, idarəetmə resursundan tam istifadə edilməsi üçün onların sərbəstliyi lazımdır.

- Əslində, Siz İqtisad Universitetində bu yeniliyi tətbiq etmişdiniz. Bu yenilik digər universitetlərlə müqayisədə hansı effekt verdi?
- Təbii ki, effekt verdi. Bunlar olduqca çoxdur və onları bir dəqiqə müddətinə danışmaq mümkün deyil.

- Ancaq əsas tezisləri qeyd edə bilərsiniz...
- Elmi konfranslar, forumların keçirilməsi, beynəlxalq əlaqələr, proqramlarda iştirak, ikili diplomlar və s. Bunların hamısını tətbiq edirdik və qeyd etməliyəm ki, onlar effekt verdi. Nəzərə alın ki, biz 120-dən çox universitetlə qarşılıqlı əlaqədəyik. Universitetin maddi texniki bazası, müasir texnologiyanın tətbiqi, imtahanlarla bağlı dəqiq və səlis testin tətbiqi, beynəlxalq əlaqələrlə bağlı proqramlar. Məsələn, biz ilk dəfə olaraq TEMPS proqramını udmuşuq. Təqdim olunan min proqram içərisindən bizim proqramımız keçdi. Bununla da biz 650 min avroluq proqramı udduq. Hazırda bu proqram universitetdə həyata keçirilir. Birbaşa iki tərəfli müqavilələrin bağlanması, ikili diplomların tanınmasını da xüsusi qeyd edə bilərəm. Artıq Avropanın iki universiteti ilə magistr səviyyəsində diplomların tanınması işləyir.

- Bu dəyişikliklər və yeniliklər universitetdə dərs deyən alimlərin əmək haqlarına hansı səviyyədə təsir edib?
- Biz vəsaitlərdən maksimum effektiv istifadə etməyə çalışırdıq. Bizim vəzifəsi olmayan professorlarımız min manata qədər əmək haqqı alırlar. Bu vəsaitdən istifadə olunması məsələsində bizə verilən sərbəstliklə bağlı idi, eyni zamanda vəsaitin cəlb edilməsi, onlardan düzgün istifadə olunması sayəsində idi. Bizim universitetdə bir nəfər müəllimə düşən tələbələrin sayı təxminən Avropa səviyyəsindəki kimidir. Yəni bir müəllimə təxminən 19-20 tələbə düşür. Amma bunu digər universitetlərə şamil etmək olmaz. Biz çox çevik və kompakt idarəetmə strukturu yaratmışdıq.

- Universitetin yeni rəhbərliyi bu prosesi davam etdirəcəkmi?
- Hesab edirəm ki, yeni rəhbərlik bu işi davam etdirəcək.

- Siz artıq universitetdə rəhbərlikdə təmsil olunmursunuz. Bundan sonra fəaliyyətinizi harada quracaqsınız?
- Bundan sonra bütün fəaliyyətimi Milli Məclisdə davam etdirəcəyəm. Elm qanununu başa çatdırmışıq. Yaxın günlərdə xərc tutumlu maddələrlə bağlı Maliyyə Nazirliyi ilə müzakirələr aparacağıq. Bu müzakirələr başa çatdıqdan sonra komitədə müzakirəyə çıxaracağıq. Təbii ki, bunu ilk öncə ictimai müzakirədən keçirəcəyik, AMEA-da müzakirə təşkil olunacaq. Sonra isə Milli Məclisin plenar iclasına çıxaracağıq. Ali təhsil haqqında qanunun, demək olar ki, 80 faizi yazılıb. Məktəbəqədər təhsillə bağlı ayrıca qanun layihəsi hazırlanmalıdır. Təhsil kreditləri ilə bağlı bizim bəzi fikirlərimiz var. Yaxın günlərdə bir neçə maddədən ibarət qanun hazırlamağı düşünürük. Bu mənada işlərimiz çoxdur.

- Vəzifədə çalışmaq bu işləri görməyə mane olurdu?
- Çatdırmaq mümkün deyildi.

- İncikliyiniz yoxdurmu?
- Qətiyyən.

- Sizin deputat həmkarınız Qüdrət Həsənquliyev plenar iclaslarda dəfələrlə tələbə krediti, rektorların tələbələr tərəfindən seçilməsi məsələsini qaldırıb. Bu təkliflərin həyata keçməsi mümkündürmü?
- Ali təhsil haqqında qanunu yazarkən burada bir çox şeylər nəzərdə tutulacaq. Odur ki, qabağa qaçmayaq.

- Rektorların seçkili quruma çevrilməsi də olacaqmı?
- Bu indi də seçkilidir. Özəl ali təhsil müəssisələrində bu bir qədər ayrı cürdür. Amma bu məsələni Təhsil qanununda təsisçinin səlahiyyətlərinə aid etmişik. Təsisçi istədiyi qaydanı seçə də, təsdiq edə də bilər. Bu təsisçinin, yəni dövlətin müstəsna səlahiyyətidir.

- Bəs tələbə kreditləri?
- Dediyim kimi, yaxın müddətdə bununla bağlı işlər görüləcək.

- Gəlin bir daha bu məsələyə qayıdaq. Sizin subyektiv fikriniz necədir, rektoru tələbələr seçməlidirmi?
- Ali təhsil haqqında qanunu başa çatdıraq. Biz bunu gələn sessiyaya təqdim etmək əzmindəyik. Onda müzakirələr apararıq. İndi tezdir. Məncə, hər ikisi məqbul sayıla bilər. Rektor həm təyin oluna, həm də tələbə və müəllimlər tərəfindən seçilə bilər.

- Bəs seçilmək universitetdə parçalanma yarada bilməzmi?
- Bunu fikirləşmək lazımdır. Biz qanunvericiliklə məşğuluq. Elə qanunlar yazmalıyıq ki, bu, universitetin fəaliyyətinə ancaq müsbət tərəfdən təsir göstərsin, Avropa standartlarına uyğunlaşsın, normativ hüququ baza təmin edilsin. İşçi Qrupu yaranıb, burada səlahiyyətli və təcrübəli insanlar təmsil olunur. Biz götür-qoy edəcəyik. Ortaya yeniliklərlə dolu əla bir qanun qoyacağıq.

- Təhsildə keyfiyyət məsələsi indi ciddi müzakirə olunur. Təhsilin keyfiyyətinin aşağı olması haqqında iradlar da səslənir. Bu irad və tənqidlərə münasibətiniz necədir?
- Bununla razılaşa bilmərəm. Azərbaycan təhsili neçə illərdir ki, yeniləşir, təkmilləşir, son dövrlərdə Təhsil Nazirliyi səviyyəsində ciddi islahatlara başlanılıb, yeniliklər çoxdur. Əsas odur ki, təhsil strategiyası Prezident tərəfindən təsdiq edilib. Bu strategiyaya diqqət etsəniz, görərsiniz ki, onun yalnız bir hədəfi var-keyfiyyətli təhsil, şəffaflıq, obyektivlik. Bunun həyata keçirilməsi təhsildə ciddi dəyişikliklərə səbəb olacaq. Həm də bu yalnız nazirlik səviyyəsində deyil, universitetlərdə də bu proses gedir. Bizim çox savadlı tələbələrimiz var.

- Bəs onda nədən orta məktəb şagirdləri repetitor yanına gedirlər?
- Bu başqa məsələdir. Dünyanın hansı ölkəsini göstərə bilərsiniz ki, orada orta məktəbi bitirən məzunların hamısı ali məktəbə daxil olur? Bu ola bilməz. Bizim əsas problemimiz odur ki, orta məktəbi bitirənlərin böyük qismi peşə ixtisas təhsilinə cəlb olunmalıdır. Bunun üçün də ciddi işlər gedir. Əsas problem budur.

- Müəllimlərin sosial təminatı, əmək haqlarının artımı haqqında nə düşünürsünüz?
- Hesab edirəm ki, bir qədər gözləmək lazımdır. Bu tədricən edilməlidir. Müəllimlərin əmək haqqını siz dediyiniz səviyyədə qaldırmaq inflyasiya yaradar.

- Ancaq nəzərə alın ki, 150-200 manat əmək haqqı alan müəllim heç də keyfiyyətli dərs demək haqqında düşünmür...
- Bunu da siz birmənalı deyirsiniz. İslahatlar təhsilin bütün pillələrini əhatə etməlidir. O cümlədən də müəllimləri. Bu gün Azərbaycan təhsilinin ciddi problemlərindən biri məhz müəllim problemidir. Pedaqoji təhsillə bağlı strategiyada ciddi məsələlər nəzərdə tutulub. Elə etmək lazımdır ki, pedaqoji təhsilə ən savadlı abituriyentlər gəlsin. Bunun üçün xüsusi proqramlar qəbul edilməlidir və belə də nəzərdə tutulur. Zəncirin bir halqasından yapışmaq deyil, məsələyə bütöv yanaşmaq lazımdır. Təhsil elə bir sahədir ki, bura sistemli yanaşma olmasa, hər hansı bir problemi həll etməklə onu düzəltmək olmaz. Təhsili sistemli həll etmək lazımdır.

- Xaricdə təhsil alan tələbələrin çoxunun sonradan ölkəyə gəlməməsini necə qiymətləndirirsiniz?
- Bunu sizə kim deyib?

- Milli Məclisin sessiyasında Abel Məhərrəmov çıxışı zamanı deyib.
- Siz də, bu sualı Abel müəllimə verin və cavabınızı alın. Həm də bu haqda ölkə prezidenti İlham Əliyev gözəl bir söz dedi: onlar qayıtmasa, problem deyil. Qalacaqlar və Azərbaycan diasporasını formalaşdıracaq və Azərbaycan siyasətini səviyyəli şəkildə həyata keçirəcəklər.

- Hazırda sizin İqtisad Universitetində pedaqoji fəaliyyətiniz varmı?
- Əlbəttə var. Mən 26 ildir ki, kafedra müdiriyəm və fəaliyyətimi davam etdirirəm.

- Universitetin yeni rəhbərliyi ilə Sizin aranızda problem yaranmırmı?
- Hansı problem? Heç bir problem yoxdur, niyə də olmalıdır. Belə şey ola bilməz.

- Məsələn, Sizin rektor olduğunuz dövrdəki maliyyələşmə ilə bağlı indi maliyyə yoxlamaları aparılırmı?
- Biz universitetdə qanunvericilikdən kənar heç bir addım atmamışıq. Niyə maliyyə yoxlamalar, aparılmalıdır? Bizim 6 illik fəaliyyətimizi Maliyyə Nazirliyi yoxladı. İndi təzədən bir də yoxlama olmasını istəyirsiniz? Vaxtı gələndə yenə də yoxlama olacaq, mənim rektor olduğum dövrdə bir şey olacaqsa, ona da mən cavabdehəm.

Nemət Hüseynli


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər