Bu gün və sabah Qazaxıstanın paytaxtı Astanada Suriya danışıqları keçirilir. Suriyada vətəndaş müharibənin başladığı 2011-ci ilin martından bu yana ilk dəfə olaraq Suriya hökuməti və silahlı müxaliflər danışıqlar masasına əyləşiblər. Görüş Astanadakı “Rixos” hotelində bağlı qapılar arxasında keçirilir. İştirakçılar masa arxasında bu ardıcıllıqla əyləşiblər:
Qazaxıstan, İran, Suriya hökumətinin nümayəndələri, BMT, ABŞ, Suriya silahlı müxalifətinin nümayəndə heyəti, Türkiyə və Rusiya. Məlumata görə, 300 xarici və 100 yerli jurnalistin işıqlandırdığı görüşün sonunda mətbuat konfrası təşkil olunacaq.
Görüşlə bağlı fikirlərini Teleqraf.com-un əməkdaşı ilə bölüşən plitoloq Fikrət Sadıxov bildirib ki, ABŞ-ın bu görüşdə iştirak etməsi əvvəlcədən planlaşdırılmamışdı. Onun sözlərinə görə, İran buna etiraz edirdi: “Amma sonradan, görünür İranın mövqeyi bir qədər yumşaldı və ABŞ görüşdə artıq səfir səviyyəsində iştirak edə bildi”.
F.Sadıxov bildirib ki, tərəflər çox müxtəlif mövqedən çıxış edirlər: “Məsələn, əgər Rusiya və İran üçün əsas məqsəd Bəşər Əsəd rejimini qoruyub saxlamaqdan ibarətdirsə, müxalifətin mövqeyi hakimiyyətdə müəyyən dəyişikliklərin baş verməsindən və müxalifətin hakimiyyətdə təmsil olunmasından, müxalifətin bir sıra maraqlarının nəzərə alınmasından ibarətdir. ABŞ-ın təbii ki, böyük oyunçu kimi öz maraqları var. ABŞ Suriyada Rusiyanın hərbi bazasının, İranın isə öz maraqlarının olduğunu başa düşərək Suriyada öz maraq dairəsini genişləndirmək istərdi. ABŞ istəyir ki, müxalifətdən olan siyasətçiləri, fiqurları dəstəkləsin və onlara müəyyən şərait yaratsın. Bununla da Suriyada ABŞ-ın mövqeləri möhkəmlənsin”.
Bununla belə F.Sadıxov bütün bu maraqların bir görüşlə təmin olunacağını, bütün məsələrin bir görüşlə çözüləcəyini düşünmür. O öz fikirlərini bununla əsaslandırıb ki, indiki mərhələdə hələlik əsas məsələ əldə olunmuş atəşkəs rejiminin ömrünü uzatmaqdır: “Atəşkəs uzunömürlü olandan sonra maraqlı tərəflər artıq bir sıra digər məsələləri də gələcəkdə müzakirə edəcəklər. Amma digər bir reallıq da ondan ibarətdir ki, bu məsələ yaxın perspektivdə həll olunmayacaq. Suriya problemi çox mürəkkəb bir düyündür. Bu düyünü açmaq üçün bir sıra dövlətlərin maraqları nəzərə alınmalıdır. Bu da çox çətin və mürəkkəb bir prosesdir. Ona görə də mən düşünürəm ki, ilkin mərhələdə atəşkəsə nail olmaq, atəşkəsin uzunömürlü olmasını təmin etmək, prosesə nəzarət mexanizmlərini yaratmaq lazımdır. Daha sonra keçirilən görüşlər uzunmüddətli danışıqlar prosesinə çevrilə bilər”.
Səxavət HƏMİD