Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaranmasının 18 illiyi münasibətilə partiyanın qərargahında geniş toplantı keçirilib. Toplantıda partiyanın rəhbərliyi və ALDP gənclər təşkilatının fəalları iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, toplantı iştirakçıları ALDP-nin yaradıcısı və ilk sədri Zakir Məmmədovun xatirəsini yad ediblər. Daha sonra ALDP sədri Fuad Əliyev partiyanın keçmişindən və gələcək fəaliyyətindən söz açıb. O qeyd edib ki, partiya 18 il ərzində tutduğu yoldan dönməyib: “Ən əsası biz partiya olaraq öz müstəqilliyimizi qoruya bilmişik. Təcrübəmiz də artıb. Biz keçirilən bütün seçkilərdə iştirak etmişik. 2003-cü ildən başlayaraq partiyamız prezident seçkilərində iştirak edir. Əgər 2003-cü ildə biz başqa partiyanın namizədini dəstəkləyirdiksə, artıq 2008-ci və 2013-ci ildə partiyamız öz namizədilə seçkidə iştrak edib.”
Daha sonra partiya Vətən uğrunda şəhid olmuş, lakin kimliyi bilinməyən hərbi qulluqçuların, əsgərlərin xatirəsin əbədiləşdirmək üçün Bakı şəhəri, Sahil bağında Naməlum əsgər abidəsinin ucaldılması təklifini irəli sürüb.
Toplantıda ALDP-nin Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Vaqif Həsənov adına mükafatının təsis edilməsi qərara alınıb.
Cavad