Teleqraf.com sabiq təhsil naziri, türkoloq alim, professor Firudin Cəlilovla müsahibəni təqdim edir.
- Firudin müəllim, Rusiya siyasətçisi Jirinovskinin keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi ilə bağlı son açıqlamalarını necə qiymətləndirirsiniz?
- Əvvəla, deyim ki, Jirinovskini ciddi siyasətçi kimi qəbul etmirlər. Onun son 20 ildə siyasətdə oynadığı rol göz qabağındadır. Sadəcə onun dediyi sözlər bu mərhələdə Rusiyanın əleyhinədir. Krımın ilhaqından sonra bütün dünya Rusiyaya işğalçı bir dövlət kimi baxır. Rusiyaya tətbiq edilən sanksiyalar da ortadadır. Bu mənada Jirinovskinin bəyanatı Rusiyanın öz əleyhinədir. İkinci tərəfdən, Jirinovskinin bəlli xarakteri var. Onu “yemləyəndə” nə qədər desən, səni tərif edər. Uzağa getmək lazım deyil. Bir-iki il əvvəl Jrinovski Bakıya gəldi. Burada ona hörmətlə yanaşıldı, yüksək səviyyədə qəbul edildi. Moskvaya getdikdən sonra bir neçə ay Azərbaycanı təbliğ etməyə başladı. Özü də əməlli-başlı təbliğ edirdi. Mən şəxsən onun bir neçə çıxışına baxmışam. Onu dəvət edib televiziyada müsahibə alırdılar. Ayrı mövzuda sual verirdilər, adam sözü fırladıb gətirirdi Azərbaycanın üzərinə və təriflər yağdırırdı. Çatdırmaq istəyirdi ki, məni yaxşı “yemləyin”, sizi daim təbliğ edim.
Bu mənada birincisi, onu ciddi qəbul etmək lazım deyil. İkincisi, onun öz dili var və onu öz dilində danışdırmaq lazımdır.
- Onun dedikləri öz fikri olmaya bilərmi?
- Elə məsələlər var ki, Rusiya hökuməti fikrini onun vasitəsilə ictimailəşdirir. Yəni Jrinovski idarəyə bağlı adamdır. Özü də bu 20 il əvvəldən məlumdur. Yəni hökumət deyə bilmədiyi məsələləri bəzən bunun dili ilə dedirdir. Bəli, bu məsələ var. Ancaq mən hesab etmirəm ki, onun son fikirləri məhz bu səpkilidir. Çünki onun keçmiş SSRİ respublikaları haqda son fikirləri rus dövlətinin ziyanına işləyir. Dövlətin bəlli imici var, bu da onu körükləyir. Onun bəyanatı Rusiyanın ziyanınadır və bu, birmənalıdır.
- Jirinovski təkcə Azərbaycanın deyil, ümumilikdə postsovet ölkələrinin adını çəkir. Bu mənada onun son fikirləri həmin dövlətləri Rusiya ilə münasibətlərdə daha ehtiyatlı olmağa sövq edə bilərmi?
- Yuxarıda qeyd etdiyim kimi, onu ciddi qəbul etmirlər. Bu səbəbdən də, dediklərini bu qulaqdan alıb digərindən verirlər. Yəni bu bəyanatı Sergey Lavrov və ya rus dövlətində digər post tutan şəxslər desəydi, şübhəsiz ki, ciddi reaksiya olardı. Ancaq bu fikirləri Jirinovski deyir. Odur ki, bu sərsəm fikirlərə nə Qazaxıstanda, nə Özbəkistanda, nə Qırğızıstanda, nə Moldovada, nə Gürcüstanda, nə də Azərbaycanda reaksiya verirlər. Çünki bilirlər ki, Jirinovski niyə belə deyib.
- Jirinovski elan edib ki, ruslar Çin və İranı ABŞ-a güzəştə gedə bilər, əvəzində ABŞ keçmiş SSRİ sərhədlərinin bərpa olunmasını Rusiyaya güzəştə gedə bilər. Siz bu şərtlər altında Rusiya-Amerika razılaşmasını nə dərəcədə real hesab edirsiniz?
- Bu şərtlər altında anlaşma əldə edilə bilməz. Bildiyiniz kimi, Obama administrasiyasının son dövrlər Rusiya ilə münasibətləri çox kəskin idi. Üstəlik Avropa ölkələri ilə də Rusiyanın münasibətləri isti deyil. İndi ruslar ümidlərini bağlayıb ki, bəlkə yeni prezident Donald Tramp Rusiya ilə münasibətləri bir qədər yoluna qoyar. Odur ki, Jriunovski ortaya belə söhbət atır, deyir ki, baxın, biz Amerikanın xeyrinə bəzi addımlar ata bilərik. Ancaq nəzərə alın ki, ABŞ-ın xarici siyasətini asanlıqla dəyişmək mümkün deyil. Prezidentlərin kim olmasından asılı olmayaraq, ABŞ-ın xarici siyasətində dövlət strategiyası var. ABŞ dərin dövlətinin strategiyası elədir ki, onu prezident dəyişmək istəyər, amma strategiya sabit qala və dəyişməyə bilər. Bu mənada Jrinovskinin dediyi sadəcə blefdir.
İkincisi, Çin və İran məsələsini ortaya atmaqla Jrinovski əvvəlki fikirlərinə haqq qazandırır ki, biz bu məsələdə anlaşa bilərik. Bir növ özü öz dediyini əsaslandırmaq üçün ikinci arqumentini ortaya atır. Ancaq buna sadəcə blef kimi baxmaq lazımdır. Reallıqda isə qatar çoxdan yola çıxıb.
- Siz ABŞ-Rusiya münasibətlərinin perspektivini necə görürsüz?
- Mənə elə gəlir ki, Tramp Rusiya ilə əlaqələri müəyyən qədər düzəldəcək. Çünki bu əlaqələrin pozulması hər iki dövlətin ziyanınadır. Rusiya son 5-6 ildə həddən artır nüfuzunu artırıb. Rusiyanın Suriyada apardığı siyasət sanki ABŞ-ı oyundan kənar vəziyyətdə qoyub. Bu da ABŞ-Rusiya münasibətlərinin getdikcə kəskinləşdirir. Tramp da hesab edir ki, münasibətləri müəyyən qədər istiləşdirmək lazımdır.
- Rusiya-ABŞ münasibətlərində istiləşmə olarsa, bu digər ölkələrin taleyinə mənfi mənada təsir göstərə bilərmi?
- Əvvəla, ABŞ üzdə İranı ciddi tənqid edir, pisləyir. Ancaq alt qatlarda dəstək verirlər. Siz tarixə baxsanız görərsiniz ki, mənim sözümdə nə qədər həqiqət var. Həm Avropa ölkələrinin, həm də Amerikanın əlaltından Tehranla əlaqələri olur. Üzdə isə İrana qarşı bəyanatlar, sanksiyalar olur. Digər tərəfdən, bu ölkələr Türkiyəyə qarşı üzdə xoş sözlər deyirlər, dost adlandırırlar. Amma alt qatlarda Türkiyənin əleyhinə işləyirlər. Yəni onların İrana münasibəti bir, Türkiyəyə münasibəti isə başqa bir dəyər üzərində qurulub. Bunları fərqləndirmək lazımdır.
Bir daha hesab edirəm ki, Jrinovskinin dediklərinə çox da ciddi yanaşmaq lazım deyil. Çünki daha o dövr deyil ki, Qazaxıstanın müstəqilliyini əlindən alasan, Belarusu özünə birləşdirsən, Gürcüstanı ram edəsən, Azərbaycanın üzərinə gələsən və s. Bu mümkün olan şey deyil. Qatar artıq gedib.
Cavad