16 Fevral 2017 14:11
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərində qurulmuş separatçı-terrrorçu rejim fevralın 20-də “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsini planlaşdırır. Məlumata görə, qondarma rejimin keçirməyi planlaşdırdığı “referendum” əsasən, “prezident institutu”nun gücləndirilməsinə xidmət edəcək.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi fevralın 14-də bəyanatla çıxış edib. Bəyanatda bu təxribatçı addımın, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdlərinin İrəvanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərdiyi vurğulanır: “Bunun müqabilində Ermənistan gərginliyin artırılması xəttini yürüdür, öz işğalçı siyasətinin nəticələrini, qəbuledilməz və qeyri-davamlı olan status-kvonu möhkəmləndirmək üçün davamlı addımlar atır, substantiv danışıqlar vasitəsilə münaqişənin dinc yolla həlli istiqamətində olan cəhdləri pozur, işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişdirir, “fait accompli” vəziyyəti tətbiq etmək məqsədilə işğal edilmiş ərazilərə erməni əhalisinin köçürülməsi də daxil olmaqla, iqtisadi və digər fəaliyyətləri həyata keçirir. Bu kimi fəaliyyətlərlə Ermənistan həmçinin regional və beynəlxalq sülhə və təhlükəsizliyə xələl gətirir və onu təhlükə altına qoyur”.

Politoloq Fikrət Sadıxov da Teleqraf.com-a bildirib ki, əhalisinin yarısından çoxu qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, bir Azərbaycan vətəndaşının belə yaşamadığı ərazidə referendum adı ilə hansısa tədbirin keçirilməsi yalnız gülüş doğuran bir haldır. Onun sözlərinə görə, qondarma rejimi Ermənistan da daxil olmaqla heç bir dövlət, heç bir beynəlxalq təşkilat tanımır və tanımaq niyyətində də deyil: “Bu sadəcə tamaşadır. Onu oyuncaq kimi də qələmə vermək olar. Onlar özləri də bu “referendum”a o qədər də inamlı deyillər. Amma bunu ona görə edirlər ki, xaricdə yaşayan müəyyən dairələrin diqqətini özlərinə cəlb etsinlər. Bununla da yenidən özləri barədə səs-küy yaratsınlar”.

Politoloq qeyd edib ki, işğalçı Dağlıq Qarabağ rejimi hansısa tədbir, danışıqlar ərəfəsində hər zaman bu cür addımlar atır: “Xüsusilə də bugünlərdə Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu görüş ərəfəsində onlar bu şounu təşkil edirlər ki, baxın, biz burda yaşayan xalqıq və guya orda yaşayan vətəndaşlar heç bir kompromisə getməyə hazır deyillər və getməyəcəklər. Faktiki olaraq “referendum”un keçirilməsinin əsas motivlərindən biri bundan ibarətdir”.

Bununla belə F.Sadıxov qeyd edib ki, bu cür tamaşa və şouları dünya nəinki ciddi qəbul edir, hətta onların ətrafında olan, onlara yaxın dövlətlər və qurumlar da artıq bunu normal qəbul etmir: “Çünki onlar faktiki olaraq başa düşürlər ki, səhnəyə belə bir tamaşa qoymaq üçün nə əsas, nə də məntiq var. Böyük dövlətlər və beynəlxalq təşkilatlar başa düşürlər ki, bu tamaşa onlara müsbət heç nə verməyəcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər