ABŞ-ın BMT-dəki səfir Nikki Haley BMT Təhlükəsizlik Şurasının “Avropada təhlükəsizlik” sessiyasında çıxış edib. ABŞ-ın Azərbaycandak səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, N.Haley deyib ki, Avropada sülh və təhlükəsizliyi təbii hal kimi qəbul etmək bir qədər aldadıcı ola bilər. O qeyd edib ki, Avropa güclü, sabit demokratiyalar və sıx əməkdaşlıqdan faydalanan çiçəklənən iqtisadiyyatlar qitəsidir: “Lakin Avropa ciddi problemlərlə üzləşir – bu, daha kəskin şəkildə Rusiyanın Ukraynada stabilliyi pozmaq və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etmək cəhdlərində öz əksini tapır.
ABŞ Avropada təhlükəsizliyi qorumağa kömək edən təşkilatların tərəfdarıdır. Biz tarixin ən güclü ittifaqı olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) göstərdiyimiz dəstəkdə qətiyyətsizlik nümayiş etmirik.
Biz NATO-nu daha da səmərəli etmək üçün çalışırıq – üzvlərin arasında əməkdaşlığı gücləndiririk və, vəzifələrin ədalətli paylaşmasına nail olmaq məqsədilə, üzv olmaq üçün irəli sürülmüş tələblərə cavab verən yeni müttəfiqlərin üzünə qapıları açırıq. Bundan başqa, NATO Ukraynanın, Gürcüstanın və Moldovanın müdafiə qabiliyyətini möhkəmlətmək üçün kömək və təlim təqdim edir. Amerika Birləşmiş Ştatları həmçinin, Avropada münaqişələrin həllinə yardım edən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) dəstək göstərir. Hal-hazırda ATƏT şərqi Ukraynada vəziyyəti müşahidə və nəzarət etməkdə, digər uzunsürən münaqiləşələrə diqqət yetirməkdə ən həlledici rolu oynayır. ABŞ NATO üzrə öhdəliklərini yerinə yetirir, ATƏT isə zaman sınağına davam gətirir. Bu təşkilatlar Atlantik okeanın hər iki tərəfində olan partnyorları ümumi ideyaların müdafiəsində bir araya gətirir.
ABŞ-ın Avropa İttifaqı (Aİ) ilə da tərəfdaşlığı dərin və davamlıdır. Aİ demokratiyaya, insan hüquqları və iqtisadi azadlığa inanan ölkələri birləşdirir və Avropanın daha da çiçəklənməsinə və sülhsevər olmasına nail olur. Amerika Birləşmiş Ştatları həmçinin Avropa İttifaqı ilə əməkdaşlığımızın inkişaf etməsini səbirsizliklə gözləyir. ABŞ bəzən, bir dost kimi, Aİ-nın perspektivləri ilə razılaşmaya bilər, lakin onun vacib tərəfdaşı olmaqda davam edir.
Nəticədə, heç kim qeyri-müntəzəm olan siyasi ixtilafları və müzakirələri bizim Avropadaki alyanslarımıza olan sədaqətimizin azalması kimi qəbul etməməlidir. Bu sədaqət güclüdür”.
N.Haley bildirib ki, üç il əvvəl Ukrayna xalqı siyasi zülmə və korrupsiyaya qarşı çıxaraq küçələrə axın etdi: “Avromaydan etirazçıları azadlıq, demokratiya və qanunlara hörmət tələb edirdilər və onlar yeni Ukrayna yaratmağa müvəffəq oldular. Amerika Birləşmiş Ştatları Ukraynaya dəstək olmağa davam edir.
Lakin Rusiya Ukrayna xalqının tələb etdiyi dəyişikliklərin qarşısını almağa çalışdı. Rusiya Krımı işğal etdi və Ukrayna ərazisinin bu hissəsini öz tərkibinə daxil etməyə cəhd etdi. Amerika Birləşmiş Ştatları bu hərəkəti tanımadı. Rusiya şərqi Ukraynada separatorçu qüvvələri təşkil etdi, silahlandırdı və maliyyə yardımı ilə təmin edərək 10 mindən çox insanın ölümü ilə nəticələnən dağıdıcı və mənasız münaqişəyə səbəb oldu. Son həftələrdə Avdeyevka şəhərinindən olan dağıntı mənzərələri Rusiyanın Ukraynaya davam edən müdaxiləsinin nəticələrini nümayiş edir.
ABŞ Rusiya ilə daha yaxşı münasibətlərin mümkünlüyünə inanır. Axı biz bir çox ümumi təhlükələrə qarşı durmuşuq. Lakin Rusiya ilə daha sıx əməkdaşlıq bizim Avropalı dostların və alyansların təhlükəsizliyi hesabına qurula bilməz. Bu səbəbdən Amerika Birləşmiş Ştatları Rusiyanı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə riayət etməyə çağırır. Bu səbəbdən biz Rusiyanı Minsk razılaşması üzrə öhdəliklərini tam yerinə yetirməklə və Krımın işğalına son qoymaqla sülhə sadiqliyini nümayiş etməyə dəvət edirik.
ABŞ və Avropa İttifaqı bu məsələdə yekdil olmaqdadırlar və Moskva Minsk razılaşması üzrə öhdəliklərini tam yerinə yetirməyənə qədər sanksiyalara davam edəcəklər. Rusiya yarımada üzərində nəzarəti Ukraynaya qaytarmayana qədər bizim Krımla bağlı ayrı-ayrı sanksiyalarımız qüvvədə qalmaqdadır”.
ABŞ-ın BMT-dəki nümayəndəsi qeyd edib ki, Avropanın başqa yerlərini də mühüm siyasi və inkişaf məsələləri narahat etməkdədir: “Gürcüstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində təsdiqlənməlidir və hörmətlə yanaşılmalıdır. Bosniya və Herseqovinada xalq hələ də rəhbərlərin etnik bölmələrlə siyasi oyunlara bir son qoymasını və bunun əvəzinə diqqətini korrupsiyanı kökündən kəsməsinə yönəldəcəyini və daha sabit gələcək quracağını gözləyir. Kiprdə rəhbərlər adanın uzun sürən bölünmə probleminin həlli üçün çalışırlar və Birləşmiş Ştatlar bunu tamamilə dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinə dair Amerika Birləşmiş Ştatları Minsk Qrupunun problemin dinc vasitələrlə davamlı həllinə olan yanaşmasına sadiqdir və biz tərəfləri atəşkəsə riayət etməyə, etimadın möhkəmlənməsi üzrə razılaşdırılmış tədbirləri həyata keçirməyə və danışıqları bərpa etməyə çağırırıq.
Moldovaya gəldikdə, ABŞ həmçinin Dnestryanı üçün xüsusi status təmin etməklə Moldovanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən Dnestryanı münaqişənin hərtərəfli həllini dəstəkləməyə davam edir. İdarəetməni və qanunun hakimliyini gücləndirmək üçün daha çox tədbirlərə ehtiyac duyan Kosova məsələsində Birləşmiş Ştatlar hesab edir ki, beynəlxalq icmalar Kosovanın müstəqillikdən bəri əldə etdiyi böyük uğurları tanımalıdır. Kosovo qlobal cəmiyyətdə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının tam üzvü olaraq, öz tamhüquqlu yerini tutmağa layiqdir.
ABŞ Avropanın sülh və tərəqqi işində ən güclü tərəfdaşı olmağa davam edir. Biz, bizim təhlükəsizliyimizi təmin edən təşkilatların və alyansların yanındayıq. Və ABŞ ilə Avropanı birləşdirən dərin bağlar bizə bu gün üzləşdiyimiz problemlərə qarşı durmağa və birlikdə onların öhdəsindən gəlməyə imkan verir”.
Səxavət