Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilə müsahibə verib. Teleqraf.com XİN-in mətbuat xidmətinin yaydığı müsahibəni təqdim edir.
– Xüsusən, iki dost ölkənin rəhbərləri arasında son dərəcə yaxşı münasibətlərin mövcudluğu fonunda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələri necə dəyərləndirirsiniz?
– Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycanı tanıyan ilk müsəlman dövlətlərindən biridir.
1994-cü ildə Mərakeşin Kasablanka şəhərində keçirilmiş bugünkü İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində mərhum ulu öndərlər Heydər Əliyev və Şeyx Zayed bin Sultan Əl Nəhyan arasında təşkil edilmiş tarixi görüşdə iki ölkə arasında əlaqələrin möhkəm bünövrəsi qoyulub. Həmin görüşdən sonra dövlət rəsmilərinin səfər mübadilələri başlayıb.
O vaxtdan bəri ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir və davamçılar Azərbaycan Prezidenti cənab İlham Əliyev və əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl Nəhyan tərəfindən daha da möhkəmləndirilir.
BƏƏ vitse-prezidenti, baş naziri, Dubayın hakimi əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun Azərbaycana rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri mövcud möhkəm siyasi əlaqələrin daha da güclənməsinə, eləcə də iqtisadi-ticari əməkdaşlığın artması ilə yanaşı, qeyri-neft sektorunun daha da inkişafına səbəb olub.
Azərbaycan Prezidentinin qəbul etdiyi qərarlar Azərbaycan-BƏƏ əlaqələrinə təkan verilməsində mühüm rol oynayıb. Belə ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, 2015-ci ilin oktyabr ayından etibarən BƏƏ vətəndaşları ölkəmizin beynəlxalq statuslu hava limanlarında viza ala bilirlər.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin statistik məlumatlarına əsasən, 2016-cı ildə Azərbaycana gələn BƏƏ vətəndaşlarının sayında kəskin sıçrayış olub ki, bu da 2015-ci illə müqayisədə qat-qat çoxdur. Məhz bu axının davamlılığını təmin etməkdən ötrü həftəlik uçuşların sayı 8-dən 28-ə çatdırılıb və həmçinin cari ilin mart ayının ikinci yarısında Şarcadan birbaşa uçuşların başlanması gözlənilir.
Eyni zamanda, 2009-cu ildə təsis edilmiş Hökumətlərarası Birgə Komissiyanın növbəti, sayca 6-cı iclası gözlənilir. Şübhəsiz ki, belə dinamika iqtisadi əlaqələrin inkişafında qarşılıqlı marağın əyani sübutudur.
– Ümumiyyətlə, Azərbaycanın ərəb ölkələri ilə münasibətləri barədə nə deyə bilərsiniz?
– Bildiyiniz kimi, Azərbaycan qarşılıqlı hörmət, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, onların daxili işlərinə qarışmama kimi yanaşmalara əsaslanan tarazlı və çoxvektorlu xarici siyasi kurs həyata keçirir. Bu kursda müştərək mənəvi və tarixi bağları bölüşdüyümüz və geniş coğrafi məkanı əhatə edən ərəb dünyasının özünəməxsus yeri vardır. Bu gün ölkəmiz əksər ərəb ölkələrində diplomatik missiyalarla təmsil olunur və həmin ölkələrin Bakı şəhərində diplomatik missiyaları fəaliyyət göstərir, qarşılıqlı səfərlərin dinamikası yaxşı səviyyədədir.
Parlamentlər səviyyəsində uğurlu işbirliyi həyata keçirilir. Belə ki, Milli Məclisdə Azərbaycan-BƏƏ dostluq qrupu daxil olmaqla, ərəb ölkələri ilə fərdi qaydada dostluq qrupları fəaliyyət göstərir və oxşar qruplar həmin ölkələrdə mövcuddur. Qrupların qarşılıqlı səfərləri müşahidə olunur və beynəlxalq müstəvidə qarşılıqlı dəstək yolları müzakirə olunur.
Həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və strukturlarının fəal üzvüdür, təşkilatın gündəminin formalaşdırılmasında, gündəlikdə duran məsələlərin müzakirəsində aktiv şəkildə iştirak edir. Həmçinin Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikik və liqa ilə səmərəli əməkdaşlıq aparırıq. Körfəz Əməkdaşlıq Şurası ilə Azərbaycan arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu əməkdaşlığın təsisatlanmış çərçivəyə salınması və daha da inkişaf etdirilməsi üçün birgə səylər göstərilir. Cari ildə KƏŞ ilə birlikdə Bakıda strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur.
Azərbaycan beynəlxalq təşkilatlarda ərəb dünyasını narahat edən məsələlərə dəstəyini davam etdirir və 2012-2013-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman bunu fəal şəkildə edib.
– 2019-cu ildə paytaxt Bakı Qoşulmama Hərəkatının zirvə toplantısına ev sahibliyi edəcəkdir. Bu zirvə toplantısı zamanı hansı prioritetlərə diqqət yetirməyi planlaşdırırsınız?
– Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra 120 dövlətin iştirak etdiyi ən böyük beynəlxalq platformadır. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və üzv olduğu gündən hərəkatın prinsiplərinə və məqsədlərinə bağlılığını bəyan edib. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama hərəkatın əsas prinsipləridir.
Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada baş tutmuş XVII zirvə toplantısında növbəti zirvə toplantısının 2019-cu ildə Azərbaycanda keçirilməsi və 2019-2022-ci illərdə təşkilata sədrliyin Azərbaycana verilməsi barədə qərar qəbul olunub. Qısa müddət ərzində təsisata üzv olmağımıza baxmayaraq, üzv ölkələr tərəfindən belə bir qərarın verilməsi ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir.
Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir və sədrliyi dövründə hərəkatın təməlini təşkil edən məqsəd və məramların inkişafı naminə çalışacaq.
– Fikrinizcə, Azərbaycanın geostrateji mövqeyinin üstünlükləri nədədir? Və bu strateji mövqeyin əhəmiyyətindən irəli gələn imkanları necə dəyərləndirmək olar?
– Xəritəyə baxsaq, görə bilərik ki, Azərbaycan mühüm qlobal enerji və nəqliyyat dəhlizlərinin keçdiyi unikal coğrafi məkandır. Dünyada baş verən iqtisadi böhran və siyasi hərc-məcliklərə baxmayaraq, Azərbaycandakı mövcud siyasi və iqtisadi sabitlik, həmçinin ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması qlobal layihələrin həyata keçirilməsində iştirak üçün münbit zəmin yaradır. Bu kimi amillər nəhəng qlobal oyunçuları cəlb edir və bizim beynəlxalq nüfuzumuzu artırır.
Hazırda, Azərbaycan geosiyasi və geoiqtisadi cəhətdən bölgənin ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur. Azərbaycan transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malikdir. Təsadüfi deyil ki, ölkəmiz regionda həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli layihələrin həm təşəbbüskarı, həm də iştirakçısı rolunda çıxış edir. Regionun lider dövləti kimi Azərbaycan son illərdə bir sıra beynəlxalq əhəmiyyətli mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi etməkdədir. Bu isə ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırmaqla, beynəlxalq aləmdə onun nüfuzunun daha da güclənməsinə vəsilə olur.
– Qonşularınızla işbirliyi sayəsində Xəzər dənizini sülh və əməkdaşlıq məkanı kimi inkişaf etdirmək mümkündürmü?
– Xəzər dənizi Xəzər regionu ölkələrinin xalqlarının iqtisadi inkişafı və rifahına, həmçinin dünya enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Xəzər dənizindən enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, həmçinin yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır.
Xəzər dənizinin bir çox prinsipial məsələlərinə dair vacib razılaşmalar əldə olunub. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı konvensiyanın əksər maddələri, demək olar ki, ümumilikdə 80 faizə qədəri Xəzəryanı dövlətlər tərəfindən razılaşdırılıb. Xəzər dənizinin hüquqi statusu ilə bağlı Azərbaycan tərəfinin mövqeyi belədir ki, statusla bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi, bir-birilərinin daxili işlərinə qarışmaması və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır.
Səxavət