Teleqraf.com Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə müsahibəni təqdim edir.
- Bədrəddin bəy, son zamanlar türkçülüyə qarşı hücum var. Müxtəlif ziyalılar, siyasi xadimlər “biz türkük, ya azərbaycanlı” mövzusunu müzakirə edir. Qəfildən ortaya çıxan bu polemikanı necə qiymətləndirirsiniz?
- Əslinə qalsa, son dövrlər türkçülüyün baş qaldırması, Türkiyənin öz sərhədlərindən kənara çıxması baş verir. Osmanlı türkləri, Azərbaycan türklər oğuz boyundadır. Yəni əsl türklər elə bizik. Söyüdlü ərazisində Ərtoğrulun oğlu Osmanın qurduğu dövlətlə biz də fəxr edə bilərik. Bu gün dünyada və bölgədə 5 min il tarixi olan türk xalqını məhz bu kimi tarixi hadisələr tanıtdırıb. Biz də bundan qürur duyuruq. Əslində kimin nəslində və genində nəsə varsa, təbii ki, büruzə verməli idi. Son dövrlər Azərbaycanda və ətrafında gedən proseslər, yeni türkçülük dalğasının baş qaldırması reallıqdır. Dünyada baş verən proseslərdə də milli xətlər üzərində dirçəlişlər baş verir. İstər ABŞ-da, istərsə Avropadakı seçkilərdə milli ruh özünü büruzə verir. Onların da öz mövqe və strateji hədəfləri var, milli və dövlət maraqlarını bir istiqamətdə aparırlar. Yeni dünya düzənində toplum və millət olaraq kim güclüdürsə, o da gələcəkdə öz yerini tapmağa, dünyanın yenidən bölüşdürülməsi prosesində pay almağa qadir olacaq. Belə millətlərdən biri də türklərdir. Türkiyə təkcə türklərlə, azərbaycanlılarla, cənubla, Mosul və Kərkükdəki türkmənlərlə güclü deyil. Bu gün türkçülük ideyası Altaydan, Sibirdən tutmuş Uyğurstana, Ortaya Asiyaya qədər yayılıb. Vaxtı ilə Osmanlı tabeçiliyində olan Balkanlarda, Avropada sahibsiz qalan imperiya övladları var. Onlar məqam gözləyir ki, yenidən qalxınma baş versin, türk ruhu hər kəsi birləşdirsin, tapdalanan hüquqlar müdafiə olunsun.
I Pyotr hakimiyyətə gələndən sonra Osmanlı-Qacar müharibələri oldu. Osmanlı və Qacarların iflasından sonra dünyada türkün faciəsi başladı. Bunun dərinliyinə getsək, görərik ki, XVIII əsrdə yeni dövr başladı, fransızlar at oynatdı. I Dünya Müharibəsi zamanı anqlosakslar ortaya çıxdı və dünya hegemonluğu haqda düşündü. Anqlosaklar ortaya çıxdıqdan sonra yeni hibrid millət olaraq rusları ortaya çıxardı. Halbuki tarixə baxanda XII-XVI əsrdə Rusiya faktiki bizim ərazimiz idi. Onların etnik kimliyinə baxanda özləri də etiraf edir ki, hamısı gedib türkə çıxır. Biz güclü olanda hər şey bizim xeyrimizə idi. İmperiyalarımız dağıldıqdan, yeni güclər ortaya çıxdıqdan sonra amansız savaşlar, mübarizələr başladı, biz zəiflədik. Azərbaycan türkü olaraq XVIII əsrdən ağır günlərimiz başladı. Türkmənçay və Gülüstan müqaviləsi ilə biz parçalandıq, sahibsiz qaldıq. Biz Oğuz türkləriyik və ortalıqda qaldıq, bizi əzdilər, milli kimliyimizdən uzaq saldılar. Hər dəfə də bizə bir ad qoydular. Qan yaddışımızın zəif olmasının nəticəsidir ki, rus nökərləri, başqa mərkəzlərə işləyənlər yenidən azərbaycanlı adı altında ortaya çıxır. İndi belə yanaşma var ki, hamımız azərbaycanlıyıq. Mən buna etiraz etmirəm, ancaq bu ad altında da hər kəs milli kimliyini ortaya qoysun. Əks halda Dağlıq Qarabağ erməniləri, Sərksiyan da azərbaycanlı “hesab” edilə bilər. Təsəvvür edin ki, müttəfiq və qardaşlarımızla hərbi, siyasi, iqtisadi və mənəvi yaxınlığımızın baş verdiyi mərhələdə belə mənasız və lazımsız söhbətlərin ortaya atılması bizi daxildən parçalanmaya aparır. Bunun da ən böyük səbəbi odur ki, bizdə milli ruh zəifdir. Millətin milli kimliyi özünə qaytarılıb. 1936-cı ilə qədər bu millətin adı türk olub. Mən bilmirəm ki, o dövrdə kimlərin babasının milli kimliyi haqda pasportuna nə yazılıb. Ancaq görünür ki, onların nəvə və nəticələri bu gün özlərini büruzə verir. Azərbaycanda türklər mütləq çoxluq təşkil edir. Biz digər xalqlara sayğı və ehtiramla, birgə yaşayırıq. Onların da hüquqları, öz dillərində danışmaq, yazmaq haqqı var. Türklük özü bir inancdır. Türkçü olan insan mərd olur, namərd olmur. Türk imperiyasının təsiri altında olan bütün xalqlar öz dinlərini, dillərini yaşadıb, mədəniyyətini inkişaf etdirib. Şumer mədəniyyəti sonda gəlib türklərə çıxır. Eləcə də Kür-Araz ovalığı mədəniyyətinə baxanda yenə də gəlib türklərə çıxırsan. Əgər biz türk deyiliksə, onda bunu iddia edənlər Dədə Qorqudu hara qoyacaqlar? Dərk etmirlər ki, burada Dədə Qorqud ruhu var.
Çar Rusiyası dövründən başlayaraq, bizim coğrafiyada türkü assimlyasiya etmək, manqultlaşdırmaq xətti aparılıb. Bizi parçaladılar, sonrakı mərhələdə Qərbi Azərbaycandan türkləri sürgün etdilər, bu qədər torpaqlarımızı əlimizdən aldılar, Qarabağda separatçılığın əsasını qoymaq üçün erməniləri ora köçürdülər, bu ərazidə ruslaşdırma siyasəti apardılar. Bizim Oğuz türkləri qədər faciə ilə üzləşən ikinci bir xalq olmayıb.
Eyni zamanda I Dünya Müharibəsi dövründə bütün dünya Osmanlı üzərinə töküldü, çoxlu ərazilər işğal etdi. Amma türk ruhunu öldürə bilmədi. Bizim ən qürurlu yerimiz Türkiyəmizdir. Millət olaraq mübarizə apardı. Atatürk savaşdı, türkün kimliyini ortaya qoydu. Əgər Osmanlı dövlətini yer üzündən tamam silə bilsəydilər, bizi də silib kənara atacaqdılar.
- Müşahidələr göstərir ki, ilk hücum Babəkə edildi, daha sonra Şah İsmayıla qarşı sözlər işlədildi və nəhayət, milli kimlik məsələsi ortaya “atıldı”, türk, türkçülüklə bağlı sovet tarixşünaslığının yanaşmasından qaynaqlanan fikirlər söylənildi...
- Babək azadlıq simvoludur, tarixdə ilk dəfə qırmızı bayraq qaldırıb. Əslində Qızılbaş hərəkatı elə Babəklə bağlıdır. Baxmayaraq ki, onun üzərindən VII əsr keçdi, Şah İsmayıl islamı təmayüllü olsa da, yenə Qızılbaş hərəkatını apardı. Babək quzeyli, güneyli bütün azərbaycanlıların qəhrəmanıdır. Bizim tarixi şəxsiyyətimizə hücumlar, onları silmək, bizim kimliyimizi məhv etməkdən qaynaqlanan ideologiyadır. Hesab edirəm ki, güclü beyin mərkəzləri olan institutlar tərəfindən Azərbaycanın tarixi simalarını aşağılamaq, onlarla bağlı şübhə toxumu səpmək xətti var. Bu, millətin ruhunu silmək, başsız qoymağa hesablanıb.
- Dilçilik İnstitutunun professoru bəyan edir ki, Şah İsmayılın damarlarında türk qanı axmır...
- Bunu deyənlər adətən Xətainin nənəsinin yunan olmasına istinad edilər. Amma bu, ciddi yanaşma deyil. Elmi fikirdən uzaq, daha çox qaralamaq niyyətindən doğan ifadədir. Türk tarixinə baxanda görürsən ki, türk imperiyaları nəzarəti altında olan xalqlardan qız alırdı. Bu bizim həmin xalqlarla münasibətlərin yaxın olduğunu göstərirdi. Bu həm də imperiya siyasətinin təməl prinsiplərindən biri idi. Habelə bu xalqlar özləri hökmdara yaxın olmaq istəyirdi. Türk sistemində bu reallıqlar var idi. Yəni belə nigahlar olub. İmperiya başında duran şəxsin hərəmində türk qadınları ümumiyyətlə, olmayıb və ya çox az olub. Bu da türkün qadına verdiyi dəyərin bir göstəricisidir. Baxın, Azərbaycan tarixinin şərəf duyduğu Səfəvilər imperiyası başda olmaqla türklərin yaratdığı 16 dövlət olub. İndi buna qarşı hücumlar olur. Ruhumuza, qəhrəmanlarımıza qarşı belə hərəkətlər yolverilməzdir. Bunu edənlər anlamırlarmı, Xətainin dövründə dövlət dili türk dili olub? Bu hücumları təşkil edənlər SSRİ ideologiyasından çıxış edirlər. Bunları anlamır ki, dil ayrı, coğrafi yer ayrı, milli kimlik və din ayrı-ayrı məsələlərdir. Milli kimliyini bilməyən adamlar danışırlar, bəzən görürsən ki, həm də hansısa imperiyanın nökəri qismində çıxış edirlər. Bunun da səbəbi aydındır. Mən illər əvvəl deyirdim ki, biz güclü, bir yerdə olmalıyıq. Bizim milli kimliyimizə qarşı mübarizədə bir zamanlar "erməni kartı"ndan istifadə edilib, hazırda Türkiyədə "kürd kartı"ndan istifadə olunur. Fikrimcə, gələcəkdə dünyada türk kimliyi məsələsi ortaya çıxacaq, 300 milyonluq türkün birgə olması məsələsi gündəmə gələcək. Odur ki, baş verəcək proseslərə qarşı belə çıxışlar edilir, ictimai rəylə oynayırlar. Bu onların deyil, türkü sevməyən mərkəzlərin fəaliyyətidir. Sadəcə, bu çıxışları edənlər sifarişi həyata keçirirlər. Baxın, Azərbaycanda ən azından 2-3 nəsil gedib Şeyx Səfiyyədinin, Şah İsmayılın şəcərəsinə çıxır. Kimin nəslində milli ruh, dövlətçilik olub, bu gün də büruzə verir. Kimində nəslində anti türk ab-hava və fəaliyyət olubsa, bu da özünü göstərir.
- Həm də sanki Azərbaycanın ən yaxın müttəfiqi ilə aranı vurmaq xətti özünü büruzə verir. Sizcə, bu belədirmi?
- Azərbaycan müharibə aparan bir dövlətdir. Biz qanı-qanımızdan, canı-canımızdan olan türklərdən dəstək görə bilirik. Türkdilli dövlətlərin dövlət başçılarının zirvə görüşləri keçirilir, bu məsələlərin üzərinə gedirlər, müzakirələr aparılır. İqtisadi və siyasi baxımdan münasibətlərin inkişafına çalışırlar. Bu gün bir şey olanda hamımız deyirik ki, Türkiyə bizə dəstək olsun. Türkiyə və Pakıstan bizi nə qədər dəstəkləyir? Pakıstanın birinci prezidenti Yəhya xanın özü Oğuz türkü olub. Azərbaycana müttəfiq lazımdır. Bizə can və qanla bağlı olanlardan dəstək görə bilərik. İkinci etapda iman baxımından bizə yaxın olanlardan dəstək ala bilərik ki, bu da islam dünyasıdır. Odur ki, bizdə millin institutlarımız işləməli, milli ruh yüksəlməli, ziyalılarımız sözünü deməlidir. İndi antitürk çıxışı edənlər əslində milli ruhu vurmaq istəyirlər. Çünki indiyə qədər bizi parçalayanlar, dağıdanlar, ermənidən vasitə kimi istifadə edənlər türkün yenidən qalxmasından ehtiyat edirlər. Odur ki, içimizdə olan və babaları həmin imperiyaya xidmət edənlərin övladlarını ortaya atıblar. Bu məsələlərə təsadüfən baxmaq lazım deyil. Növbəti mərhələyə biz daha güclü çıxmalıyıq. Bütün bunlar sanki çağırışdır ki, birləşin, gələcək proseslərə hazır olun.
- Düşünürsünüz ki, bu addımlar kənardan idarə olunur?
- Bəli. Bu regionda coğrafiya dəyişir. Buna uyğun olaraq həmin mərkəzlər türklüklə bağlı ciddi əndişə keçirirlər. Bizim yenidən birləşəcəyimizdən, bir arada olacağımızdan çəkinirlər. Ancaq bu proses gedəcək. Dünyanı idarə edən mərkəzlər də türk və milli faktordan istifadə etməyə çalışacaqlar. Rus və fars meylli qüvvələr, habelə kosmopolit, dinini və milliliyini dəyişən Avropa nökərləri də bu gün nəyin fərqində olduğunu bilirlər. Bizim əlimizə yeni dövrdə yeni imkanlar düşür. Onları da narahat edən budur. Bu gün türk dünyasında bir toparlanma gedir. Xalq Cümhuriyyəti elan ediləndə hökumət Tiflisdə otururdu, sonra Gəncəyə köçdü. Həmin ərəfədə Suriya cəbhəsində vuruşan Nuru Paşanı qardaşı Ənvər Paşa Azərbaycana göndərdi. Bakı isə ingilislərin əlində idi. Məhz Nuru Paşanın sayəsində Bakı işğaldan azad edildi. Naxçıvanı isə Kazım Qarabəkir Paşa erməni soyqırımından qurtardı. Bu adamlar nədən bu faktları unudur? Əslində bu prosesdə ermənilər olsa da, şübhəsiz ki, ona dəstəyi xristian dünyası verirdi. Bunları unutmaq olarmı? Hətta əsrin əvvəllərində yerli bolşeviklər, içimizdə olan satqınlar belə özləri bir-birini satdı və məhv etdi. Rəsulzadə Əliheydər Qarayevə deyirdi ki, sən millətini də, Allahını da satmısan. Səndə nə iman, nə də inam var. Rusa o qədər satılmısan ki, qanın sanki dəyişib. Amma bir gün zaman gələcək ki, sənin pisliklərinə öz içinizdən çıxan adamlar cavab verəcək. Tarix elə gətirdi ki, bu şəxslər bir-birini satdılar, öldürdülər. Millətə xəyanət edənlər gec-tez cavabını alır, cəzasını çəkir. Bunu anlamaq lazımdır, bu onların davamçılarına dərs olmalıdır. Biz isə bir olmalı, möhkəm olmalı, gələcəkdə baş verən proseslərə milli ruhla qatılmalıyıq.
Cavid