“Əlbəttə bizim çətinliklərimiz, problemlərimiz var. Biz hələ də islahatların həyata keçirilməsi prosesindəyik. Lakin mən xüsusilə neftdən əldə olunan gəlirlərimizin 3-4 dəfə aşağı düşməsini nəzərə alaraq, Azərbaycanın neft istehsal edən ölkələr arasında ən yaxşı göstəricilərdən birinə malik olduğunu göstərmək üçün bəzi rəqəmləri diqqətinizə çatdırmaq istərdim. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Bu, çox yaxşı reytinqdir. Beləliklə, biz dünyanın 40 ən rəqabətədavamlı ölkəsi sırasındayıq. Bu, ən son reytinqdir. Bu reytinq bizə neftin qiyməti yüksək olanda verilməyib. Davosun başqa bir reytinqində Azərbaycan inkişaf etməkdə olan ölkələrin inkişaf səviyyəsinə görə 1-ci və 2-ci yerləri paylaşır. Bizim xarici borcumuz çox aşağıdır, bu, ümumi daxili məhsulumuzun 20 faizinə bərabərdir. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, əgər istəsək, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və xarici borcumuz sıfır olar”.
Teleqraf.com xəbər verir ki, bunu martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü zamanı Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edi ki, hökumət işsizliyi 5 faizə, yoxsulluğu isə 6 faizdən aşağı endirməyə nail olub: “Azərbaycanda məşğulluğun səviyyəsi əsasən çox əlverişli biznes mühiti və investisiya mühiti sayəsində qalxıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. Bu proses davam edir və ümidvarıq ki, bu il də çox sayda şirkət investisiya yatıracaq. Çox yaxşı haldır ki, indi onlar təkcə neft və qaz sahəsinə deyil, həm də xidmət, turizm, otel biznesinə, kənd təsərrüfatına investisiya yatırırlar. Xarici və yerli şirkətlərin bütün investisiyaları lazımi şəkildə qorunur. Buna görə də, bu, Azərbaycana investisiya yatırmaq üçün əlavə stimul və maraq yaradır. Eyni zamanda, regionda güclü iqtisadi mövqeyə, qonşularla yaxşı əlaqələrə və güclü maliyyə ehtiyatlarına malik olaraq biz strateji əhəmiyyət kəsb etdiyini düşündüyümüz sektorlara podratçılar cəlb edə bilərik”.
Səxavət